17/07/2019 11:18
728 x 90

Rusiyada azərbaycanlıların adından yaradılmış ən son təşkilat niyə özünü doğrultmadı...

img

Füzuli Məmmədovun (Frenk Elkapone) Rusiyada yaşayan azərbaycanlıları öz ətrafında birləşdirmək kimi iddiası hələ ki, səmərə vermir. Qeyd edək ki, yalnız təmtəraqlı təqdimatı və bahalı məkanda keçirilən tədbirindən başqa heç nəyi ilə yadda qalmayan qurumun sosial şəbəkələrdəki fəaliyyəti də nəzərə çapmır.

Hiss olunur ki, aprelin 27-də Moskvada Dünya Azərbaycanlıları İttifaqının təşkilatçılığı ilə Rusiya Azərbaycanlıları İttifaqının yaradılması elə oradaca qalıb. Bu müddət ərzində qurumla bağlı apardığımız media monitorinqi əsasında deyə bilərik ki, Füzuli Məmmədov bir neçə idmançı ilə fərdi görüş keçirib. Sonra xarici ölkələrdən birində əslən azərbaycanlı olan bir boksçuya dəstək məqsədilə həmin yarışa qatılıb. Bu aralıqda isə Bakıdakı restoranlardan birində media işçilərinə ziyafət verib. Təbii ki, biz iş adamının gündəlik iş qrafikinə müdaxilə edə bilmərik. Nə də ki, onun keçirdiyi görüşlərin əhəmiyyətsiz olduğu qənaətində deyilik. Ancaq Azərbaycan diasporunun cəmləşdiyi ən böyük ölkədə böyük iddia ortaya qoyub, passiv davranmağın da doğru olmadığını vurğulamaq istərdik. Füzuli Məmmədov yeni təşkilatı yaradanda onun funksionerləri bildirdilər ki, onlar fəaliyyəti dayandırılan ÜAK-a diaspor qurumunun necə fəaliyyət göstərəcəyini göstərəcəklər. Elə yaranandan dərhal sonra jurnalist Fuad Abbasovla yeni qurum arasında qalmaqal yaşandı. Fuad həbs edildi, qarşılıqlı ittihamlar bir qədər səngidi. Bundan sonra yeni qurumun hər hansı bir fəaliyyəti nəzərə çarpmır. Böyük iddialarla meydana atılan yeni qurumun fəaliyyətini qənaətbəxş saymaq olarmı?

  • Asif  İsrafilov: “Bəlkə də Füzuli Məmmədovun özü səmimidir, nəsə iş ortaya qoymaq istəyir, amma onun təşkilatı Rusiyadakı azərbaycanlıları tam əhatə etmir”

Moskvada yaşayan diaspor fəalı Asif İsrafilov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Füzuli Məmmədovun yaratdığı yeni təşkilatın heç bir fəaliyyti nəzərə çarpmır: “Bilirsiniz, diaspor canlı orqanizm kimi fəaliyyt göstərməlidir. Yeni təşkilatda isə bu yoxdur. Onların hamısı gözləyir ki, Füzuli Məmmədovdan pul alıb gedib formal bir tədbir keçirsinlər. Başqa bir yeniliyi görmürük.  Hazırda Rusiyada diasporumuz, demək olar ki, başsızdır. Funksional bir quruma ciddi ehtiyac var. Füzuli Məmmədovun təşkilatını Rusiya tərəfi qeydiyyta almır. Ən maraqlısı isə budur ki, onlara heç Azərbaycanın da dəstəyi hiss edilmir. Bir-iki nəfəri bura gətirib şəkil çəkdirməklə iş bitmir. Söhbət Azərbaycanın rəsmi qurumlarının verdiyi xeyir-duadan gedir. Biz bu dəstəyi yeni diaspor təşkilatı ilə bağlı hiss etmədik. Oradakı cazibə yalnız bir adama görədir. Füzuli Məmmədov imkanlı şəxs olduğu üçün, ətrafına toplaşanlar ondan maksimum yararlanmağa çalışırlar. Belə komanda ilə iş görmək olmaz. Bəlkə də Füzuli Məmmədovun özü səmimidir, nəsə iş ortaya qoymaq istəyir, amma onun təşkilatı Rusiyadakı azərbaycanlıları tam əhatə etmir. Heç vitrinində belə Rusiyada qaymaq sayılan azərbaycanlı ziyalılar təmsil olunmur. Mən həmin təşkilatın perspektivinə inanmıram. Rusiyada yeni bir diaspor təşkilatı qurulmalıdır. Elə təşkilat olmalıdır ki, onu həm Rusiya tərəfi qeydiyyata alsın, həm də Azərbaycanın rəsmi dairələri dəstəyini ifadə etsinlər”.

Məhəmmədəli QƏRİBLİ

Son xəbərlər