Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 6-da İtaliyanın Veneto regionunun prezidenti Luka Zayanı və İtaliya nümayəndə heyətinin üzvlərini qəbul edib.
Prezident İlham Əliyev Azərbaycan-İtaliya əməkdaşlığının siyasi, iqtisadi, energetika, mədəniyyət və digər sahələrdə çox uğurla inkişaf etdiyini və ölkələrimizin strateji tərəfdaşlıq əlaqələrini möhkəmləndirdiklərini deyib. Dövlət başçısı bildirib ki, qarşılıqlı maraqlara əsaslanan Azərbaycan-İtaliya əlaqələri uğurlu əməkdaşlığın gözəl nümunələrindən biridir. Prezident İlham Əliyev ötən il İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini bu istiqamətdə atılmış önəmli addımlardan biri kimi dəyərləndirib. İtaliya şirkətlərinin Azərbaycanda böyük layihələrdəki uğurlu fəaliyyətinə toxunan Prezident İlham Əliyev Cənub Qaz Dəhlizi layihəsinin əhəmiyyətini vurğulayıb. Cənub Qaz Dəhlizinin əməkdaşlıq üçün genişmiqyaslı bir layihə olduğunu qeyd edən dövlət başçısı bu layihənin Azərbaycan-İtaliya əlaqələrinə və eyni zamanda, regional əməkdaşlığın inkişafına əsaslı töhfə verdiyini və marşrut boyunca yerləşən ölkələri bir-birinə yaxınlaşdırdığını deyib. Dövlət başçısı İtaliya nümayəndə heyətinin ölkəmizə səfərinin Azərbaycan-İtaliya əlaqələrinin daha da inkişaf etdirilməsi üçün önəmli addım olacağını vurğulayıb.
Söhbət zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.