ABŞ və İran arasında gərginliyin artması fonunda region ölkələri, xüsusən də İsrail və bəzi ərəb ölkələri tərəfindən Tehrana qarşı aktiv hərbi hazırlıq müşahidə olunur. ABŞ İranın uranı normadan artıq həddə zənginləşdirməyə başlaması fonunda bu ölkəyə hərbi zərbələr endirilməsini yenidən gündəmə gətirib. İran prezidenti Həsən Ruhaninin uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətin tam olaraq aradan qaldırıla biləcəyi barədə xəbərdarlığına da onun ABŞ-dan olan həmkarı Donald Tramp sərt reaksiya verib: "İran yeni xəbərdarlıq etdi. Ruhani nüvə razılaşması olmayacağı təqdirdə uranı zənginləşdirəcəklərini dedi. Bu təhdidlər geri qayıdıb sizi sanca bilər".
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif isə bu fonda vurğulayıb ki, Tehran ABŞ-ın basqısına tabe olmayacaq. O, Vaşinqtonu iranlıları heç vaxt hədələməməyə və İrana hörmət göstərməyə çağırıb. İran iki həftə əvvəl Hörmüz boğazı üzərində ABŞ pilotsuzunu vurandan sonra Vaşinqton və Tehran arasında kəskinləşən münaqişə fonunda İslam İnqilabı Keşikçiləri Korpusunun Xatəm əl-Ənbiyadakı qərargahının rəisi, general-mayor Qulaməli Rəşid bildirib ki, İran silahlı gücləri düşmənin İran adaları, dəniz, quru və hava sərhədlərinə qarşı istənilən təcavüzünə sarsıdıcı zərbə endirməyə hazırdır. Onun sözlərinə görə, ABŞ-ın Yaxın Şərq bölgəsindəki 36 hərbi bazasının hamısı İranın müşahidəsi altındadır.
Bundan əlavə, İran parlamentinin Milli Təhlükəsizlik Məsələləri üzrə Komitəsinin rəhbəri Möcab Zonnur vurğulayıb ki, ABŞ İrana hücum edərsə, ölkəsi İsrailə qarşı hərbi əməliyyatlar başladacaq. Zonnur bildirib ki, Birləşmiş Ştatlar İrana hücum etsə, İsrail 30 dəqiqə tab gətirə bilməyəcək. O, İranın ağır dağıdıcı silah arsenalının olduğunu da əlavə edib. İsrail xarici işlər naziri İsrail Katz isə cavab olaraq bəyan edib ki, ölkəsi İranla baş verə biləcək müharibəyə hərbi cəhətdən hər zaman hazırdır: “İranın etdiyi səhvlər onu qırmızı xəttə, yəni savaşa apara bilər. Bu səbəbdən müharibə variantını daim gündəmdə saxlamalıyıq. İsrail özünü istənilən ssenariyə qarşı hazırlayır”. Baş verənlərlə bağlı Rusiyanın ”Nezavisimaya gazeta” nəşri yazır ki, əslində, yaxın tezlikdə İrana qarşı dağıdıcı savaşın başlanmasına intensiv hazırlıq gedir: ”İsrail İslam Respublikasına qarşı hərbi əməliyyatlara hazırlaşır. Yəhudi dövlətinin mətbuatı ABŞ, İsrail və Böyük Britaniya Hərbi Hava Qüvvələrinə məxsus çoxfunksiyalı beşinci nəsil qırıcı-bombardmançıların Suriya və İran üzərində birgə uçuşundan xəbər verir. Bu zaman göstərilir ki, təyyarələr döyüş mühiti şəraitində qarşılıqlı fəaliyyət hazırlayır. Pentaqon əvvəllər 12 ədəd “F-22”-i Qətərdəki əl-Udəyd hərbi bazasına göndərib. Təl-Əviv Rusiya hərbçilərini bölgədə hava naviqasiyasına mane olan radioelektron mübarizə sistemindən istifadədə ittiham edib. Dəməşq ötən ilin sonunda Rusiyadan alınmış S-300 zenit raket kompleksinin istismara tam hazır olduğunu bildirir. Moskva Tehrana S-400 ZRK tədarükü imkanını istisna etmir.
İsrailin diplomatik idarəsinin başçısı Kats Qretsliyada milli təhlükəsizlik, bölgəsəl və beynəlxalq problemlər üzrə konfransda İranın Fars körfəzi ölkələrinə və İsrailə qarşı savaşa başlaya biləcəyi və qabaqlayıcı hərəkətlərə hazır olmağın gərəkdiyi haqda bəyanat verib: “Biz buna hazır olmalıyıq və İsrail Dövləti buna görə də eskalasiya zamanı qaçılmaz ssenarilərə reaksiya verməli olacağı hal üçün öz hərbi gücünü artırır”. Kats SAXAL radiosunun efirində çıxış edərək söz verib ki, yəhudi dövləti “hətta təkbaşına hərəkət etməli olarsa da, İrana nüvə silahı yaratmaq imkanı verməyəcək”. “Mossad”ın (İsrailin xarici kəşfiyyatı) direktoru İosif Koen bir gün qabaq həmin konfransda bütünlükdə bölgə üçün İran təhlükəsindən danışıb.
Təl-Əvivin Tehrana münasibətdə siyasəti dəyişilməz qalır və güzəşt imkanlarını nəzərdə tutmur. İsrail hökumətinin İrana qarşı sərt durmaq niyyətinin ciddiliyinə şübhə etmək lazım gəlmir. Həm də “Haaretz” nəşri hərbi qaynaqlara istinadən İsrail, Amerika və Britaniya HHQ F-35 bölmələrinin Suriya və İraq əraziləri üzərində son zamanlar həyata keçirilən birgə uçuşları haqda xəbər verir. Bəllidir ki, ABŞ-ın beşinci nəsil F-35 bombardmançılarını satdığı bütün ölkələr avtomatik şəkildə onlardan isitfadənin Birləşmiş Döyüş Proqramına qoşulur. Bu növ bütün təyyarələrin elektron kompleksləri vahid idarə sisteminə inteqrasiya olunmaq imkanını nəzərdə tutur. Britaniya Kral HHQ-nin altı F-35B qırıcısı mayda Kiprə “Akrotiri” bazasına gəlib. Onlar “İldırımsürətli şəfəq” əməliyyatı çərçivəsində hərəkət edirlər. Birləşmiş Krallığın Müdafiə Nazirliyinin inandırmalarına görə, Britaniya F-35-ləri artıq ümumi uçuşu 225 saat olan 95 uçuş edib. İsrailin beşinci nəsil qırıcı-bombardmançıları öz aerodromlarından hərəkət edir, Amerikanınkılar isə BƏƏ-də ABŞ HHQ-nin bazasında mənzillənib. Amerika mətbuatı ötən həftə 12 ədəd F-22 “görünməz” qırıcının Qətərdəki əl-Udəyd bazasına göndərildiyi haqda məlumat verib. Bu təyyarələr “hava-hava” sinifli döyüş sursatı ilə silahlanıb, böyük sürətlə uçur, yüksək manevrə malikdir və zərbə aviasiyasının əməliyyatını qorumaq üçün nəzərdə tutulub. F-35 çoxfunksiyalı qırıcıları “hava-səth” sinifli döyüş sursatı daşıyır, əslində, cəbhə bombardmançıları funksiyasını yerinə yetirir və F-22 ilə qoşquda (birləşmiş idarəçilik sistemi nəzərə alınmaqla) qorxunc qüvvəni təmsil edir.
Yəhudi dövlətinin hərbi idarəsi göstərir ki, beşinci nəsil təyyarələr Suriya HHM S-300 ZRK üçün görünməz olaraq qalır. Dəməşq bildirir ki, səbəblərini izah etmədən bu kompleksdən bilə-bilə istifadə etmir. Yeri gəlmişkən, İsrail hərbçiləri keçən həftə hərbi və mülki təyyarələrin naviqasiyası ilə bağlı meydana çıxan problemlər haqqında məlumat veriblər (GPS-nin işində kəsintilər müşahidə olunub). Türkiyə və Kipr üzərində səmada buna oxşar nəsə qeydə alınıb. SAXAL təmsilçiləri güman edirlər ki, buna səbəb RF HKQ-nin Hmeymim bazasında düzülmüş radioelektron mübarizə vasitələrinin qoşulması olub. Rusiya tərəfi bu ittihamları rədd edib. Tamamilə aydındır ki, Tehran “əlini yanına salıb oturmayıb” və öz ölkəsini qorumağa hazırlıq işi aparır. Tərəflər savaşa fəal hazırlıq görür və onun yaxın tezlikdə başlanması gözlənir”.
Tahir TAĞIYEV