Bu günlərdə sosial şəbəkələr və bəzi media orqanlarında parlamentin buraxılacağı və növbədənkənar seçkilərlə bağlı qərarın veriləcəyi ilə bağlı dezinformasiya kimi təqdim olunan xəbər ciddi rezonans dogurdu. Xüsusilə də radikal müxalif cameə bu xəbər ətrafında ciddi manipulyasiyalar etməyə çalışır. Hətta bununla bağlı rəsmi mövqeyin ortaya qoyulmasına baxmayaraq, radikal dairələr mövzu ətrafında müzakirələri qızışdırmaqda xüsusilə maraqlı görünürlər.
Baş Nazirin müavini, hakim Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, Azərbaycanda Milli Məclisə növbədənkənar seçkilərin keçirilməsi ilə bağlı şayiələrin səbəbini bilmir: “Ola bilsin ki, jurnalistlər bu informasiya ilə oxucularının sayını artırmaq istəyirlər. Ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsi üçün hər hansı səbəb yoxdur".
O xatırladıb ki, bu ilin dekabrında növbəti bələdiyyə seçkiləri keçiriləcək: "Konstitusiyada göstərilib ki, parlament seçkiləri 5 ildən bir - noyabr ayında keçirilməlidir. Qanunvericiliyə əsasən, növbəti parlament seçkiləri 2020-ci ilin noyabrında keçiriləcək".
Deputat Aydın Mirzəzadənin sözlərinə görə, iyunun əvvəlindən başlayan növbədənkənar sessiya hələ bitməyib: "İyul ayının əvvəlində də həmin sessiyanın növbəti iclaslarının keçirilməsi gözlənir. Parlamentin buraxılması barədə heç bir məlumat yoxdur və hesab edirəm ki, buna ehtiyac da yoxdur. Cəmi bir ildən sonra Azərbaycan Respublikasının Konstitusiyasına görə, növbəti parlament seçkiləri keçiriləcək. Sessiya iclasının iyul ayına təsadüf etməsi ilə bağlı deyə bilərəm ki, hər zaman nələrsə "ilk” olur. Bu normal haldır. Bu cür informasiyaların yayılması sadəcə olaraq müəyyən mövzuları müzakirə etmə istəyindən irəli gəlir. Düşünürəm ki, istənilən mövzu müzakirə oluna bilər”.
Belə olan təqdirdə, niyə radikal dairələr növbədənkənar seçkilərin keçiriləcəyi ilə bağlı informasiyaya belə həssas münasibət göstərirlər?
Rauf Zeyni: “Azərbaycan dövləti belə zərurəti görmürsə, seçkilər vaxtında keçiriləcək”
Milli Qeyri-Hökumət Təşkilatları Forumunun prezidenti Rauf Zeyni “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, həmin dairələr hələ keçən ildən bu informasiyanı dövriyyəyə buraxıblar: “Görünür, onların bununla bağlı maraqları və planları var. Bu səbəbdən də təkidlə bunun reallaşmasını istəyirlər. Hüquqi nöqteyi-nəzərdən parlament seçkilərinin vaxtı gələn ilin payızındadır. Bununla bağlı dövlətin yüksək vəzifəli şəxsləri də açıqlama verdilərsə, demək, belə də olacaq. Bəlkə də elə bir fövqəladə hal olsun ki, belə zərurət yaransın. Amma hələ ki, bizdə olan məlumatlarda belə bir zərurət yaranmayıb. Biz son prezident seçkiləri ilə bağlı belə bir qərarın verildiyinin şahidi olduq. Onda gördük ki, nə qədər doğru və zamanında verilən qərar oldu. Həmin vaxt xarici qüvvələrin bəzi məkrli niyyətləri ürəklərində qaldı. Ali rəhbərliyin bu istiqamətdə atdığı addım xalqın rifahı və təhlükəsizliyi üçündür. Bu istiqamətdə ajiotajın yaradılmasında maraqlı olanlar ölkədəki vəziyyəti qarışdırmaq istəyənlərdir. Bilirsiniz ki, seçki olan ildə siyasi aktivlik artır, hərarət yüksəlir. Bunun da fonunda xaricdən gələn bəzi siyasi tapşırıqları icra etmək onlar üçün asanlaşır. Bölgədəki gərginlik yəqin ki, bu cür planların həyata keçirilməsini onlar üçün bu il daha optimal edir. Ancaq Azərbaycan dövləti belə zərurəti görmürsə, seçkilər vaxtında keçiriləcək. Bu cür həssas məqamlar ətrafında edilən manipulyasiyalar təsadüfi deyil. Məqsəd ölkədəki daxili sabitliyi pozmağa yönəlib”.
Məhəmmədəli QƏRİBLİ