Ermənistandakı Sevan gölü ötən yaydan bəri təbii rəngini dəyişərək yaşıllaşmağa başlayıb. Ermənistan saytlarından birinin yaydığı məlumata görə, bunu peykdən çəkilmiş fotogörüntülər də təsdiqləyir. Artıq göl tədricən bataqlığa bənzəməkdədir. Ermənistan mütəxəssisləri bu qəribə olayın səbəbini dəqiq izah edə bilmirlər. Biri deyir, yüksək temperaturla əlaqədar hansısa su bitkisinin çoxalmasıyla bağlıdır, digəri deyir, haradansa axıdılan süni tullantılar səbəb olur, o biri isə bunu Sevanda balıqların azalmasıyla əlaqələndirir.
Bu arada, Ermənistanın ətraf mühit naziri Erik Qriqoryan Sevanda sözügedən prosesləri obyektiv və subyektiv səbəblərlə əlaqələndirib. Onun fikrincə, Sevana kanalizasiya suları, kimyəvi tərkibli sular axıdılır. Obyektiv səbəbi isə ekologiya ilə əlaqələndirib. O hesab edir ki, iyun ayında kəskin isti temperatur və küləklər buxarlanmanı artırıb: “İndi əsas şey diaqnozdur. Artıq hansı ərazinin təmizlənməsi lazım olduğunu hesablayırıq və 2-3 il içində su səviyyəsi artacaq. Biz suyun istifadəsini minimuma endirəcəyik”.
Ən qəribəsi odur ki, Qriqoryan erməni tərəfinin UNESCO-ya Sevana status vermək təklifi ilə müraciət etdiyini bildirib. Erməni nazir belə bir müraciətin hansı məqsədlə edildiyinin mahiyyətini açmayıb.
Maraqlıdır, Ermənistanın belə bir müraciət etməkdə məqsədi nədir? UNESCO-dan pul qoparmaq istəyirlər, yoxsa digər məqsədləri var?
Məhərrəm Zülfüqarlı: “Bu minvalla pul qoparmaq istəyirlər ki, guya gölü çirklənməkdən xilas edəcəklər”
Məsələyə münasibət bildirən tarix üzrə elmlər doktoru Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu müraciəti etməkdə ermənilərin bir neçə məqsədi var: “Əvvəla ermənilər tarixən saxtakar olublar. Mədəni irsin qorunması adı altında UNESCO ilə əlaqələrin yaradılması müəyyən məqsədlərə hesablanıb. Belə bir rəy yaratmağa çalışırlar ki, guya bunlar mədəni abidələri qorumağa çalışırlar. Özlərini mədəni irsin xilaskarı kimi təqdim etməyə çalışırlar. Ancaq faktlar sübut edir ki, ermənilər harada yaşayıblarsa, oradakı mədəniyyət abidələrini öz adlarına çıxarmağa çalışıblar. Yaxud da digər ölkələrn mədəniyyət abidələrini dağıdırlar. Məsələn, Azərbaycanın mədəniyyət abidələrini dağıtmaqla ad çıxarıblar. Abidələr üzərində işarələri dəyişərək öz adlarına çıxarırlar. Digər bu kimi saxtakarlıqlarla məşğul olublar. İndi də həmin prosesi davam etdirirlər. Normal ağlı başında olan insan buna getməz. Bütün bunlarla yanaşı, erməni tərəfinin UNESCO-ya Sevana status verməklə bağlı müraciət etməsinin arxasında pul qoparmaq niyyəti də dayanır. Bu minvalla, pul qoparmaq istəyirlər ki, guya gölü çirklənməkdən xilas edəcəklər. Nəzərə almaq lazımdır ki, status olanda bu kimi məsələlərə yol açılır”.
Vidadi ORDAHALLI