Zərdüşt Əlizadə: “Gürcüstanda verilən bu qərarda elə bir qeyri-adilik görmürəm”
Hakim "Gürcü arzusu-Demokratik Gürcüstan" partiyası oktyabrın 28-də keçiriləcək prezident seçkilərində namizəd irəli sürməyəcək. Bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri İrakli Kobaxidze söyləyib. O deyib: “Bizim partiyanın seçkilərin ilk turunda qələbə qazana biləcək namizədləri çoxdur. Lakin buna baxmayaraq, biz bu seçkilərdə heç bir namizəd irəli sürməyəcəyik".
Parlamentin sədri deyib ki, Gürcüstanda demokratiya inkişaf edir. Biz də hakim partiya olaraq müstəqil prezidentlik institutunun formalaşması, yeni seçiləcək ölkə başçısının tam müstəqil olması üçün bu addımı atırıq. Onun sözlərinə görə, bununla belə, partiya məqsəd və məramı, seçki platforması hakim partiyanın siyasi kursu ilə üst-üstə düşən müstəqil namizədi dəstəkləyə bilər. Həmin namizədin adı isə prezident seçkilərində iştirak edəcək siyasi partiyaların namizədlərinin qeydiyyatı tam başa çatdıqdan sonra açıqlanacaq.
Məlumat üçün qeyd edək ki, bir neçə gün əvvəl İrakli Kobaxidze jurnalistlərə müsahibəsində hakim partiyanın prezident seçkilərində parlamentin deputatı xanım Salome Zurabişvilinin namizədliyini dəstəkləyəcəyini bildirmişdi.
Gürcüstanın hakim partiyası hansı səbəbdən öz namizədi ilə seçkilərdə iştirak etmək istəməyib?
Politoloq Zərdüşt Əlizadə qəzetimizə açıqlamasında bildirdi ki, bu heç də hakim partiyanın təşəbbüsü əldən verməsi kimi dəyərləndirilməməlidir: “Onlar prezident üsul-idarəçiliyini get-gedə zəiflədirlər. Yəni bundan sonra seçiləcək prezident çox az səlahiyyətə malik olacaq. Bütün məsələlər parlamentdə həll olunduğu üçün hakim partiya oradakı mövqeyindən rahatdır. Çünki parlamentdəki çoxluq məhz “Gürcü arzusu-Demokratik Gürcüstan" partiyasının tərəfindədir. Bu da o anlama gəlir ki, hakim partiya istənilən şəxsi prezident seçməyə qadirdir. Onlar formal olaraq hakimiyyətin bəzi budaqlarının bölüşdürüldüyü mənzərəsini yaradırlar. Əslində isə prezident də onların adamı olacaq. Yalnız partiya mənsubiyyəti hər şeyi həll etmir ki. Aydındır ki, gətirib özlərinə qarşı tam müxalif olan, məsələn, Saakaşvilinin adamını prezident etməzlər. Bu baxımdan da Gürcüstanda verilən bu qərarda elə bir qeyri-adilik görmürəm”.
Məhəmmədəli QƏRİBLİ