Rusiyanın Ermənistanın yeni hakimiyyətinə qarşı təzyiq rıçaqlarından biri kimi Qarabağ kartından istifadə edə biləcəyinə dair verilən proqnozlar reallığa daha çox yaxınlaşmağa başlayır. Bunu rus ekspert dairələrində verilən açıqlamalardan da aydın sezmək olar. Belə görünür ki, Ermənistanın baş naziri Nikol Paşinyanın, verdiyi sözlərə xilaf çıxaraq, Rusiyadan dəfələrlə edilən xəbərdarlıqlara rəğmən ölkədə sabiq hakimiyyət təmsilçilərinin “ovunu” davam etdirməsi Moskva-İrəvan münasibətlərini daha sürətlə zədələyir.
O da aydın görünür ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Ermənistandan olan baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi Rusiyanın səbrini daşırmağa başlayıb. Paşinyanın Rusiyapərəst şəxsləri sıradan çıxarması istiqamətində addımlar atması Moskvanı hiddətləndirib. Artıq Ermənistanın KTMT-dən çıxarılması, Rusiyanın bu ölkəyə silah satışının dayandırılacağı və hətta bununla bağlı qüvvədə olan anlaşmaların ləğv edilə bilməsi barədə söhbətlər gəzir. Bütün bunların Dağlıq Qarabağ münaqişəsinə təsirsiz ötüşəmyəcəyi də şübhəsizdir. Xüsusən də Moskvanın baş diplomatı Sergey Lavrovun dili ilə Paşinyan hökumətinə sərt reaksiyasından sonra Ermənistanda Rusiyanın Qarabağ planını işə salacağına dair qorxular yaranıb. Ermənistan mediası Rusiyanın Ermənistanı cəzalandırmaq üçün Dağlıq Qarabağda İrəvanın məğlubiyyəti ilə başa çatacaq müharibə başlada biləcəyini iddia edir. Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, Rusiya Köçəryanın həbsi və “1 mart” işinə görə Ermənistanı cəzalandıracaq: “Çoxları hesab edir ki, Moskva Qarabağda müharibəni başladacaq. Qarabağda istənilən formada məğlubiyyət Paşinyan hökumətinin daxildəki dayaqlarını sarsıdacaq”. Ekspertlər hesab edir ki, Qarabağda müharibənin başlanması və Paşinyanın məğlub olmasında taxtdan salınmış “Qarabağ klanı” da maraqlıdır. Ehtimallara görə, Azərbaycanın işğal olunmuş torpaqlarında “Qarabağ klanı”nın qalıqları olan qondarma rejim cəbhədə təxribatlarla müharibəni alovlandıra bilər. Bu zaman Rusiyanın Ermənistanı yalnız buraxacağını Dövlət Dumasının MDB ilə, Avrasiya inteqrasiyası və soydaşlarla əlaqələr üzrə komitənin sədr müavini Konstantin Zatulin də etiraf edir: “İrəvan Rusiyanın maraqlarının xeyrinə seçim etməzsə, bu, Ermənistan üçün müxtəlif daxili və xarici nəticələrə gətirib çıxara bilər”. Zatulin “Exo Moskvı” radiosuna açıqlamasında açıq şəkildə Nikol Paşinyana xəbərdarlıq edərək, növbəti addımı atmazdan əvvəl ciddi düşünməyi məsləhət görüb: “Ermənistanda baş nazir Nikol Paşinyanın hansı seçimi edəcəyi barədə düşünməlidirlər. Çünki bu seçim Rusiyanın hansısa narahatlığının təmin edilməsinin xeyrinə olmasa, onda Rusiya tərəfindən baş nazirin addımlarının tənqid edilməsi Ermənistanın həm xarici, həm də daxili siyasətində ən müxtəlif nəticələrə gətirib çıxara bilər”. Zatulinə görə, Ermənistan nəzərə almalıdır ki, bu gün onun təhlükəsizliyinin başlıca qarantı məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzvlüyü, Rusiyadan verilən silahlar və ərazisində rus hərbi bazasının mövcudluğudur. Bu mənada, rusiyalı deputatın fikrincə, əsas öhdəlik yükünü Rusiyanın daşıdığı KTMT-nin baş katibinin həbsi təşkilatın imicinə xələl gətirməyə bilməz. Və İrəvan belə addımlarını davam etdirərsə, bu, ikitərəfli münasibətlərdə yüksək səviyyədə etimadın itirilməsilə nəticələnəcək.
Ermənistanın yeni baş nazirinin idarəçiliyinin ilk aylarını təhlil edən Rusiyanın Proqressiv Siyasət Fondunun eksperti Mixail Qolovanov da bildirib ki, Nikol Paşinyanın hərəkətləri Kremldə güclü qıcıq yaradır. Onun sözlərinə görə, Moskvada korrupsiya ilə mübarizə adı altında Rusiya dairələrinə sadiq adamlara qarşı Paşinyan tərəfindən aparılan “təmizləmədən” ciddi şəkildə narahatdırlar: “Problem ondadır ki, “Qarabağ klanı”na qarşı repressiyalar, hər şeydən əvvəl Köçəryanın həbsi və Xaçaturova təzyiq Kremldə, bəyan edilən korrupsiya ilə mübarizənin təzahürü kimi yox, yüksək elit təbəqənin Rusiyayönlü elementlərdən şüurlu təmizləməsi kimi qəbul edilir. Bundan əlavə, 10 il əvvəl baş verən hadisələrə görə üst təbəqə rəhbərliyinin həbsi Rusiya elitası üçün çox ağrılıdır və birbaşa Ukraynanı xatırladır. Paşinyanın hərəkətlərini Kreml tərəfindən passiv müşahidə dövrü başa çatıb və tezliklə bunun “tərsi” başlayacaq. Artıq Ermənistana 100 milyon dollarlıq silah göndərilməsi üçün kredit ayrılmasının dayandırılması barədə xəbərlər sızdırılır. Və bu yalnız başlanğıcdır. İki müttəfiq arasındakı əlaqələrin nə qədər soyuyacağı Paşinyanın dayanma xəttini nə qədər qısa müddətdə tapacağına bağlıdır”. Ekspert Nikol Paşinyanla Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin siyasəti arasında paralellər aparıb: “Hələ ki, baş nazir özünü kifayət qədər sərbəst aparır, sanki Qərbdə yaxşı dəstəyə malikdir. Bununla bağlı Saakaşvili ilə müqayisə tələb olunur, amma mən birbaşa analogiyaların aparılmasına tələsməzdim. Amerikalılar tərəfindən bəslənən Saakaşvilidən fərqli olaraq, Paşinyan Köçəryanın həbsindən sonra eyni zamanda həm Moskvadan, həm də ABŞ Dövlət Departamentindən xəbərdarlıq aldı”. Onun sözlərinə görə, bununla əlaqədar Dağlıq Qarabağda münaqişənin nizama salınması problemi həqiqətən gözlənilməz yön ala bilər: "Əgər yeni erməni lideri regional sülh yaradan böyük dövlətlər qarşısında oynamaq istəyəcəksə, bu belə də olacaq. Paşinyan baş nazirliyinin 100 gününün nəticələrinə görə “möhkəm qoz” çıxdı: həm xarici, həm də daxili güclər üçün. Qıcıqlandırılmış xalqa və güc aparatına söykənərək, Paşinyan klanların fəallığını nəzarət altında saxlamağa və ölkəni birləşdirməyə cəhd edəcək. Amma Qərblə oyunlarla maraqlanacaqsa, onda Moskvanın Bakıya tərəf bir-iki reverans etməsi kifayətdir ki, buna görə İrəvanda çox təəssüflənsinlər". Eyni mövqe Beynəlxalq Avrasiya Hərəkatının lideri, Kremlə yaxın politoloq Aleksandr Duqin tərəfindən də sərgilənir. Ekspert Sergey Lavrovun İrəvana geosiyasi razılıqları pozmamaqla bağlı xəbərdarlıq etdiyini də xatırladaraq qeyd edir: “Lavrov olduqca mülayim adamdır. Gör indi Vladimir Putinin reaksiyası necə olardı? Təsəvvür edin, Lavrovun çıxışı bizim prezidentin yüz dəfə yumşaldılmış formasıdır. Paşinyanın hərəkətlərinin Moskvada hansı narazılığı doğurduğunu təsəvvür eləmək olar”. Onun sözlərinə görə, erməni baş nazirin addımları Qarabağ cəbhəsindəki situasiyaya da birbaşa təsir edə bilər:“Bu yaxınlarda Qarabağda oldum. Mən gözəl anlayıram ki, Qarabağda sülh çox kövrəkdir və onu qorumaq çətindir. Xaçaturovun həbsi qaydalar və anlaşmalar sistemindən çıxmaq, hərbi alyansın dağılması deməkdir. Düşüncəmə görə, bu, misli görünməmiş hərəkətlərdir. Belə getsə, Rusiya erməni dövlətinin qarantı kimi sadəcə deyəcək ki, daha ona cavabdeh deyil. Moskvaya bunu demək yetər ki, situasiya gözlənilməz şəkil alsın. Yalnız bir anlığa, bir saniyəlik unutsaq ki, bizim KTMT və Avrasiya İttifqaı üzrə müttəfiqlərimizi qorumaq lazımdır, o zaman düşünürəm ki, Ermənistanın ərazi bütövlüyünün, xüsusən də Qarabağ məsələsinin sonu gələcək - bir neçə dəqiqə sonra hər şey gözlənilməz fazaya girəcək. Rusiyanın göz qırpması kifayətdir”.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markovun fikrincə, Paşinyan Rusiya ilə bağlı dediklərində səmimi deyil. O, dostluqdan alovlu danışır, lakin rusiyayönümlü siyasətçiləri təqib edir: “KTMT-nin rəsmi şəxsinin təqib edilməsi Rusiya rəhbərliyi ilə münasibətlərin pis olmasının təzahürüdür”. Mütəxəssis vurğulayır ki, Paşinyan Rusiyaya münasibətində səmimi olsaydı, geniş müzakirəyə çıxarmadan Moskva ilə Xaçaturov məsələsindən danışardı: “Ancaq onun seçdiyi yol göstərir ki, Ermənistanda antirusiyayönümlü siyasətçi hakimiyyətə gəlib”. Sergey Markov daha sonra bildirir: “Paşinyanın siyasəti kədərli faktdır. Biz münasibətlərə yenidən baxmalıyıq. Yaxşı ki, Rusiyanın Ermənistanda həyati əhəmiyyətli maraqları yoxdur. Hətta Paşinyan amerikan qoşunlarını Ermənistana dəvət etsə belə, bunun Rusiyanın maraqlarına həddən artıq güclü zərbə olmayacağına əminəm. Rusiya üçün indi Qafqazda önəmli ölkə məhz Azərbaycandır”. Rusiyada fəaliyyət göstərən “EADaily” portalında dərc edilmiş analitik materialda yer alan fikirlərdən də belə bəlli olur ki, Kreml artıq Ermənistanı Qarabağ kartı ilə də cəzalandırmaqda israrlıdır: “Lavrova qədər Kremldən səs çıxmadı. Lakin Lavrov gec də olsa, sərt danışdı və bundan sonra belə təəssürat yarandı ki, Ermənistan artıq Rusiyaya arxayın olmamalıdır, İrəvan gözlənilmədən Moskva tərəfindən ən sərt formada cəzalandırıla bilər. Rusiyanın diplomatik kanallarından Ermənistanla bağlı sızıdırılan məlumatlar heç də Paşinyan üçün ürəkaçan deyil”.
Məqalədə qeyd edilir ki, Nikol Paşinyan NATO-nun Brüsseldəki səfərindən sonra arxayınlaşmışdı: “Bu arxayınlıq da oradan irəli gəlirdi ki, o, NATO sammitindən sonra ABŞ və Avropa İttifaqının arxasında dayanacağını düşünürdü. Bu arxayınlıqdan irəli gələrək, Rusiyanı qıcıqlandıracaq addımlar atdı. Rusiya Xarici və Müdafiə Siyasəti Şurasının sədri Fyodor Lukyanov hesab edir ki, bu baxımdan, Yuri Xaçaturovun həbsi Rusiya tərəfindən təhqir kimi qəbul edildi. Lukyanova görə, Paşinyan bu addımı Qərbdən ilhamlanaraq atdı. Onun sözlərinə görə, Ermənistanın baş naziri bu qərarları beynəlxalq vəziyyəti nəzərə almadan atır və bu kortəbiiliyi ona baha başa gələ bilər”. Məqalədə qeyd edilir ki, Paşinyan Rusiya ilə müttəfiqlik münasibətlərini saxlamağın əhəmiyyətini arxa plana ataraq oynayır, güc balansının Qərbin xeyrinə dəyişməsinə imkan yaradır. Sayt bu baxımdan, Ermənistanla müqayisədə Azərbaycanın regionda gedən proseslərdə müstəqil oyunçu kimi qabağa çıxdığını vurğulayır və qeyd edir ki, Moskvanın Bakıya təzyiq imkanları olduqca azdır. Bir neçə il əvvəl Rusiyanın Qəbələdəki RLS-in çıxarılmasına diqqət çəkilən məqalədə deyilir: “Rusiyanın cəhdlərinə baxmayaraq, Azərbaycan tərəfi RLS-i Qəbələdən çıxararaq Rusiya qarşısındakı mövqeyini bir qədər də gücləndirdi. Ermənistanın isə Rusiya ilə bir qədər sərt tonda danışmaq imkanları olduqca məhduddur, belə desək, yoxdur. Buna görə də, Şimali Qafqazla sərhəddə yerləşən Xəzəryanı dövlət kimi, Moskva üçün Azərbaycan böyük əhəmiyyət kəsb edir. Çünki Bakının Moskvada böyük nüfuz dairəsi var. Bu da Dağlıq Qarabağ münaqişəsinin həll prosesində Ermənistanı pat vəziyyətində qoya bilər. Paşinyanın anti-Rusiya mövqedə dayandığını da nəzərə alsaq, Moskva İrəvanı küncə sıxışdırıb tamamilə çıxılmaz vəziyyətdə qoya bilər“.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.