Avqustun 6-dan etibarən İrana qarşı tətbiq edilən yeni sanksiyalar dünyanın həm siyasi, həm də iqtisadi nizamına müəyyən dəyişikliklər gətirməkdədir. ABŞ tərəfindən tətbiq olunan sanksiyalar cənub qonşumuzun qeyri-neft sektoruna və maliyyə sazişlərinə yönəlib.
ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, ölkəsi İrana qarşı 2015-ci ildə əldə edilmiş nüvə razılaşmasına qədər qüvvədə olan sanksiyaları bərpa edib. ABŞ-ın İrana qarşı sanksiyaları bərpa etməsi bu ölkədə sosial-iqtisadi vəziyyətin ağırlaşmasına etiraz olaraq nümayişlərin davam etməkdə olduğu bir vaxtda baş verir. Dövlət katibi bəyan edib ki, sanksiyalar daha da sərtləşdiriləcək.
Mayk Pompeo ABŞ-ın İrana qarşı sanksiyaların tətbiqinə ciddi nəzarət edəcəyini bildirib. Dövlət katibinin sözlərinə görə, Tehrana qarşı hətta nüvə sövdələşməsinə qədər qüvvədə olan sanksiyalardan daha sərt sanksiyalar tətbiq edilə bilər. Pompeo sanksiyaların nəticələrinə görə məsuliyyətin Tehranın üzərinə düşdüyünü bildirib: “İran xalqı amerikalılardan deyil, öz rəhbərlərindən narazıdır. Bu, sadəcə olaraq, iran xalqının öz hakimiyyətindən narazılığıdır”. Ekspertlər artıq ən yaxın həftələrdə İrandakı xarici müəssisələrə qarşı sanksiyaların tətbiqini də proqnozlaşdırır. Beynəlxalq Böhran Qrupunun İran üzrə aparıcı mütəxəssisi Əli Vaezi bildirib ki, daha ağır sanksiyalar noyabrın 4-də tətbiq olunacaq və İranın neft ixracını hədəf alacaq”.
Qeyd edək ki, “Blomberg” agentliyinin məlumatına görə, artıq “Total”, “Maersk”, “Peugeot”, “General Electric”, “Baker Hughes”, “Honeywell”, “Boeing”, “LUKoil”, “Reliance”, “Dover” və “Siemens” kimi nəhənglər İrandan çıxdığını elan edib. Artıq baş verənlər neft bazarına təsir edərək, burada yeni qiymət sıçrayışına rəvac verib. Belə vəziyyətdə daha bir maraqlı məqam, ABŞ-a cavab olaraq, İranın Hörmüz boğazında fəaliyyətidir. Rusiyanın “Nezavisimaya gazeta” mətbu orqanı yazır ki, İran buranı bağlamaq məşqlərinə başlayıb və boğazda mümkün savaş neft qiymətlərini 200 dollara kimi artıra bilər: “İran Fars körfəzi zonasında fəaliyyətini canlandırır. İslam Respublikasının Hərbi-Dəniz Qüvvələri (HDQ) və sahil qoşunlarının manevrləri bunun təsdiqidir. Təlimlərə İslam İnqilabı Keşikçiləri Korpusunun (İİKK) yüzədək gəmi və kateri, yüzlərlə döyüşçü, hava hissələri və sahil raket batareyaları, İİKK-ə aid olmayan İran hərbçiləri qatılır. Bu təlimlərin hədəflərindən biri Hörmüz boğazının bağlanması üzrə İranın imkanlarını sərgiləməkdir.
Ekspertlərin dəyərləndirməsinə görə, İranın Fars körfəzində hərbi-dəniz fəallığı həmişə müşahidə olunub. Lakin müşahidəçilər indi İran HDQ və İİKK-in Hörmüz boğazı zonasındakı təlimlərinə özəl diqqət göstərir. Bu boğazın ən dar yerdə eni cəmi 50 kilometr təşkil edir və əlbəttə, İran hərb gəmiləri və katerlərinin orada böyük sayda cəmlənməsi bölgəyə müəyyən gərginlik gətirir. Xüsusən də ABŞ Dövlət Departamenti Vaşinqtonun Tehranla nüvə sazişindən çıxmasından sonra İran neftinin ixracatını məhdudlaşdırmağa çalışdığına görə.
Tehranda artıq dəfələrlə bildiriblər ki, İran, neft alqısına beynəlxalq məhdudiyyətlər tətbiq ediləcəyi halda, Hörmüz boğazını neft ixracatı üçün bağlaya bilər. İran donanmasında mina silahının böyük ehtiyatı toplanıb, demək olar, bütün gəmilər mina qoymağa uyğunlaşdırılıb. Özü də qoyuluşu olduqca qısa müddətə həyata keçirmək mümkündür, supertankerlərin birinci, ya da ikinci partlayışı isə bütün gəmiçiliyi iflic edə bilər. Həm də mina çəpəri Amerika donanmasının gəmi dəstələrinin hərəkətini ciddi şəkildə çətinləşdirər.
Bundan savayı, indiki anda Amerikanın Fars körfəzində cəmi bir döyüş gəmisi – “Sullivans” sinfindən “Arleigh Burke” raket esminesi var. ABŞ silahlı qüvvələri Mərkəzi Komandanlığının təmsilçisi, kapitan Uilyam Urban bildirib: “İranın Hörmüz boğazı və Oman körfəzində dəniz əməliyyatlarını artırdığından xəbərdarıq. Bunu diqqətlə izləyirik və beynəlxalq sularda naviqasiya azadlığı və azad kommersiya gəmiçiliyinə zəmanət üçün tərəfdaşlarımızla işləməyi davam etdirəcəyik”. Zabit ABŞ-ın tərəfdaşlarla hansı qaydada işləyəcəyini dəqiqləşıdirməyib. Amma onsuz da aydındır ki, amerikalılar hərbi planda nəsə hazırlayırlar ki, durumun sonrakı kəskinləşmə halında Fars körfəzində İranı neytrallaşdırsınlar. İrana zərbə avqustda endirilə, Avstraliya və Böyük Britaniya bunda Vaşinqtona yardım edə bilər. Məsələ ilə bağlı İran eksperti Fəramərz Davər qeyd edir: “Hörmüz boğazının bilərəkdən bağlanması və oradan gəmilərin keçidinə yol verilməməsi potensial nəticələrilə ciddi bir tədbirdir. Ciddi danışsaq, bu, Fars körfəzində hərbi əməliyyatların başlanmasına siqnal ola bilər”. I dərəcəli kapitan Oleq Şvedkov isə bildirir: “İran texniki baxımdan, məsələn, hətta bir-iki dərinlik minası qoymaqla Hörmüz boğazını bağlaya bilər. Amma bu, sürəkli təsir etməzdi, çünki beynəlxalq birlik, ABŞ və başqa ölkələr bütün bu çəpərləri məhv edə bilər. Buna görə də, ola bilsin, Fars körfəzi rayonundakı yataqlardan neft tranzitini kəsmək üçün Tehranın başqa planı var. Onlar Yəmən husilərindən yararlanaraq artıq amerikalılara və başqa düşmənlərinə pislik ediblər. Onlar ötən həftə Bab-əl-Məndəb boğazında Səudiyyə tankerlərini atəşə tutublar ki, bu da Qırmızı dəniz üzrə neft tranzitini dayandırmağa səbəb olub”.
Şvedkov diqqəti buna yönəldir ki, İsrail baş naziri Benyamin Netanyahu İranı Bab-əl-Məndəb boğazını bundan sonra da bağlamaq cəhdlərindən çəkindirib. Netanyahu bəyan edib: “İran Bab-əl-Məndəb boğazını bağlamağa cəhd etsə, əminəm ki, bunun qarşısını almağa çalışan beynəlxalq koalisiya ilə üzləşəcək. Və İsrail silahlı qüvvələri bu koalisiyaya daxil olacaq”.
Və bu çox ciddi bəyanatdır. Yeri gəlmişkən, Yəmən husiləri Bab-əl-Məndəb boğazından keçən gəmilərə həmləyə iki həftəlik moratorium elan ediblər. Onların bəyanatına əsasən, bu, Yəməndə barış əldə etməyə yardım üçün nəzərdə tutulan xeyirxah iradə jestidir. Bununla yanaşı, İran tərəfdən bu qərar haqda heç bir bəyanat gəlməyib”.
Nahid SALAYEV