Elşən Mustafayev: “Paşinyanın ziqzaqlı, proqnozlaşdırılmayan davranışları Rusiyanın belə bir addımı atacağını mümkün edir”
İndiki Ermənistan hökumətinin keçmiş rəhbərliyə qarşı təqibi Moskva ilə rəsmi İrəvan arasında nifaq yaradıb. Bu barədə Rusiyanın nüfuzlu KİV-lərindən biri dövlət strukturlarındakı mənbələrinə istinadən məlumat yayıb. Məlumata görə, Rusiyanı ən çox narazı salan məsələ isə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Yuri Xaçaturovun cinayət məsuliyyətinə cəlb edilməsi olub.
Kreml bu addımı hərbi blokun imicinə ciddi zərbə olaraq dəyərləndirib və KTMT-yə digər ölkə nümayəndəsinin rəhbərlik edəcəyini istisna etməyib. Bundan başqa, daha əvvəl iki ölkə arasında razılaşdırılan və Ermənistana 100 milyon dollarlıq silah tədarükünü nəzərdə tutan məsələ də sual altına düşüb.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan hökumətinin təşəbbüsü ilə 2008-ci ilin martında müxalifətin etiraz aksiyasının güc yolu ilə dağıdılması ilə əlaqədar açılan cinayət işi üzrə ölkənin keçmiş vəzifəli şəxslərinə qarşı məhkəmə təqibinə başlanıb.
Xatırladaq ki, 2010-cu ildə indiki baş nazir də iğtişaş törətməkdə ittiham edilərək həbsdə yatmışdı. İndi isə Paşinyan həmin barrikadanın əks tərəfində dayananların cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Onların arasında eks-prezident Robert Köçəryan və Yuri Xaçaturov da var.
Göründüyü kimi, Paşinyanın siyasi rəqiblərinə qarşı davranışları Rusiyanı müəyyən təzyiqlərə əl atmağa vadar edir. Bunların sırasında Ermənistana verilməsi nəzərdə tutulan 100 milyonluq silah partiyası da var. Paşinyan siyasətini bu cür davam etdirəcəksə, onda həmin silah tədarükünün taleyi necə ola bilər?
Ekspert Elşən Mustafayevin sözlərinə görə, Rusiya dünya silah bazarında hegemonluğunu qoruyan ölkədir: “Şimal qonşumuz əsasən silah satıcısı kimi tanınıb. Dünyada silah satışında ciddi rəqabət var. Bu baxımdan da Rusiya hətta münasibətləri normal olmayan ölkələrə belə silah satmaqda maraqlıdır. Ermənistan nağd alış-veriş edən ölkə deyil. Aydındır ki, Rusiya onlara silahı kreditləşmə şərtlərinə uyğun şəkildə verirdi. Bunun da iqtisadi deyil, siyasi səbəbləri olub. İqtisadi səmərə baxımından Rusiyaya Ermənistana silah satmaq heç vaxt sərf etməyib. Bunu ona görə ediblər ki, Ermənistan da onların dedikləri ilə tam oturub-dursun. Paşinyandan əvvəlki hakimiyyətlər Rusiyanı tam qane etdiyi üçün, belə söz-söhbət də ortaya çıxmırdı. İndi isə Ermənistan həm Rusiyadan güzəştli şərtlərlə silah almaq istəyir, həm də Moskvanın iradəsinə zidd olan addımlar atır. Rusiya bu pressinqi vasitəsilə Ermənistana yerini göstərmək istəyir. Onlar bilirlər ki, Ermənistana heç kim kredit şərtləri ilə həmin həcmdə silahları verməyəcək. Ermənistanın Rusiya silahına alternativ tapmağa və başqa ölkələrin tədarükçülərinə bağlanmağa qabil olduğu haqda gümanları fantastikadan başqa nəsə deyil. Rusiyanın bu tədarükü kəsib-kəsməməsi Ermənistanın növbəti davranışından asılı olacaq. Bu baş verərsə, İrəvan üçün ciddi zərbə olar və ölkənin müdafiə bacarığında dərhal əksini tapar. Paşinyanın ziqzaqlı, proqnozlaşdırılmayan davranışları Rusiyanın belə bir addımı atacağını mümkün edir”.
Məhəmmədəli QƏRİBLİ