Bu gün işğalçı Ermənistanda ən böyük probemlərdən biri də Rusiya ilə kəskinləşən münasibətlərin Dağlıq Qarabağ münaqişəsinə təsiridir. Əvvəllər erməni rəsmiləri Rusiya ilə əlaqələrdə hər hansı problem olmadığını bildirirdilərsə, indi vəziyyət dəyişib. Xüsusən də Rusiyaya yaxın şəxslərin Ermənistanda həbsi və Moskvanın buna reaksiyaları fonunda rəsmi səviyyədə etiraf olunur ki, Kremlə münasibətlərdə dəyişikliklər yaşanır və bu bir çox məqamlar, o cümlədən Dağlıq Qarabağ konflikti baxımından Ermənistan üçün böyük təhdidlər yaradır.
Erməni mediası isə yazır ki, Ermənistanda keçmiş prezidentlərin həbsi və ya buna görülən hazırlıq Moskvanın səbrini daşırıb. “1-in. am” yazır ki, sabiq prezident Robert Köçəryandan sonra Serj Sarkisyanın da həbsi qaçılmazdır: “Ermənistanda keçmiş prezidentlərin istisnasız konstitusion immuniteti haqda stereotip sındırılıb və məsələn, Robert Köçəryan cəmi bircə gündə həbsxanaya düşüb. Serj Sarkisyan Robert Köçəryan örnəyini nəzərə almaqla xaricdən qayıtmaya da bilər. Ancaq bu halda istər-istəməz boynuna alır ki, ədalət məhkəməsilə problemi var – faktiki olaraq ondan gizlənməyə üstünlük verir”. Qeyd edək ki, İrəvan şəhər məhkəməsi Köçəryan barəsində iki ay müddətinə həbs qərarı çıxarıb. Müstəntiqlər ona “qabaqcadan bir qrup şəxslə əlbir olaraq Konstitusiya quruluşunu devirmək” barədə rəsmi ittiham elan edib. Bundan əvvəl Ermənistanın keçmiş müdafiə naziri Mikael Arutyunyan qeyd olunan cinayət işi çərçivəsində konstitusion quruluşun devrilməsi ittihamı ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb olunaraq barəsində axtarış elan edilib. Ermənistan Xüsusi İstintaq Xidməti Silahlı Qüvvələrin keçmiş Baş Qərargah rəisi, KTMT-nin baş katibi Yuri Xaçaturovu da 2008-ci il 1 mart aksiyalarının dağıdılması ilə bağlı cinayət məsuliyyətinə cəlb edib. Məhkəmə onun zaminə buraxılması barədə qərar verib. Bütün bunlar Rusiyada ciddi narazılıq yaradıb. Hətta Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, Ermənistanda baş verən hadisələr ölkənin yeni rəhbərliyinin sələflərinin təqib edilməyəcəyinə dair vədlərinə ziddir: “İrəvanın müttəfiqi olan Rusiya erməni dövlətinin stabilliyində həmişə maraqlı olub və bu baxımdan orada baş verənlər bizi narahat etməyə bilməz. Bu həm də Ermənistanın MDB məkanında təmsil olunduğu təşkilatların normal işinin təminatı nöqteyi-nəzərindən çox vacibdir. Son günlər ərzində biz narahatlığımızı bir neçə dəfə Ermənistan rəhbərliyinə bildirmişik. Vəziyyətin konstruktiv məcrada inkişaf edəcəyinə ümid edirik”.
Bütün bunlar aydın göstərir ki, ölkənin keçmiş rəhbərlərinin Ermənistanın yeni hakimiyyəti tərəfindən təqib edilməsi Moskvanı qəzəbləndirib.
“Kommersant” qəzeti özünün Rusiya hakimiyyətindəki mənbələrinə istinadən bildirir ki, Ermənistanın hazırkı hakimiyyətinin keçmiş rəhbərlərə qarşı təqibləri Moskva - İrəvan münasibətlərində fikir ayrılığına səbəb olub və tərəflər arasında daha güclü mübahisə yarada bilər. Qəzet Moskvanı ən çox qəzəbləndirən məsələnin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının baş katibi Yuri Xaçaturovun məhkəməyə cəlb edilməsi olduğunu yazır: “Kreml bunu hərbi blokun imicinə ciddi zərbə hesab edir və KTMT rəhbərliyinin bundan sonra başqa ölkəyə keçəcəyini istisna etmir. Digər tərəfdən isə Ermənistanla əvvəlcədən razılaşdırılmış 100 milyon dollarlıq silah tədarükü də sual altına düşüb”.
“Kommersant” Xaçaturova qarşı ittihamların olacağı ilə bağlı KTMT-nin əvvəlcədən xəbərdar edilmədiyini və ən çox bunun Moskvada qəzəbə səbəb olduğunu vurğulayıb: “Mənbəmiz istisna etmir ki, Xaçaturovu və KTMT-ni ləkələmək cəhdi xarici oyunçular tərəfindən təşkil edilib. Hazırda baş katib vəzifəsi ilə nə olacağı aydın deyil. İstənilən halda, baş katib məsələsinə 8 noyabrdan tez aydınlıq gətirilməyəcək. Məhz bu tarixdə KTMT-nin Kollektiv Təhlükəsizlik Şurası toplanacaq. Ermənistandakı mübahisələr alyansın imicinə güclü zərbə vurur, amma nədənsə, İrəvanda bunu heç kim anlamır. Baş katib vəzifəsinə yeni erməni namizəd təsdiqlənməsə, o zaman baş katiblik vəzifəsi Belarusa veriləcək”. Qəzetin həmsöhbətləri bir daha qeyd edir ki, İrəvandakı yeni hakimiyyətin hərəkətləri daha əvvəl razılaşdırılan və dəyəri 100 milyon dollar qiymətləndirilən silah partiyasının Ermənistana çatdırılması təhdidi altına düşüb. Buna ən bariz sübut kimi elə Lavrovun açıqlamaları göstərilir. Düzdür, Lavrova İrəvanın cavabı gecikməyib. Ermənistanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirib ki, Ermənistanda daxili siyasi proseslər xarici siyasətlə bağlı deyil: “Biz hüquqi dövlətin formalaşması ilə bağlı olan daxili proseslərə beynəlxalq reaksiyaları izləyirik. Bu proseslər Ermənistanın xarici siyasətilə əlaqəli deyil. Erməni tərəfi təsdiq edir ki, parlament tərəfindən təsdiq edilmiş hökumət proqramı ilə möhkəmləndirilmiş xarici siyasət prioritetləri Ermənistan-Rusiya ittifaqının dərinləşməsinə, Avrasiya İqtisadi İttifaqı ilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində qarşılıqlı münasibətlərin təsirliliyin artmasına hədəflənib”. Amma Ermənistan mediası Lavrovun açıqlamasının İrəvanın daxili işlərinə kobud sürətdə qarışması olduğunu yazır. Erməni siyasi şərhçi Sarkis Artsruni yazır ki, Rusiyanın Robert Köçəryanın həbsi ilə bağlı diplomatik kanallardan istifadə edərək müvafiq dildə münasibət bildirəcəyi gözlənirdi: “Lakin Lavrovun bəyanatı optimist proqnozları alt-üst etdi. Bu, Rusiyanın Ermənistana qarşı demarş götürdüyünün açıq nümunəsidir. Burada 1 mart hadisələrinin arxasında Rusiya xüsusi xidmət orqanlarının dayanması faktının ortaya çıxması faktoru var və ruslar bundan narahat olur”. Artsruni iddia edir ki, Rusiya və Azərbaycan fərqli cəbhələrdən Ermənistanın üzərinə yeriyir: “Lavrovun bəyanatı Moskvanın Paşinyan hökumətinə müharibə elanıdır. Cəbhədə isə Azərbaycanın qoşun birləşmələrini cəmləşdirdiyi haqda məlumatlar var. İki cəbhədən Ermənistanın üzərinə hücum edilir və bu, təhlükəli gələcək vəd edir”.
Erməni politoloq Stepan Danielyan da Nikol Paşinyanın Moskvanı qıcıqlandıran davranış və bəyanatlarının Ermənistan üçün ağır fəsadlar törədəcəyi ilə bağlı xəbərdarlıq edib. Onun fikrincə, hazırda Ermənistan daxilindəki ən qalmaqallı siyasi hadisələri - Köçəryanla Kollektiv KTMT-nin fəaliyyətdə olan sədri Yuri Xaçaturov ətrafında cərəyan edən prosesləri Rusiya özü üçün təhqir hesab edir. Danielyanın sözlərinə görə, Moskva İrəvan rəhbərliyinin davranışlarını Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirəcək. Bu mənada erməni politoloq hesab edir ki, son günlər “Erməni Milli Konqresi”nin aktivliyi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə sensasiyalı bəyanatlar səsləndirilməsi təsadüfi deyil: “Odur ki, Ermənistan siyasi gündəminin bir nömrəli məsələsi Rusiya ilə münasibətlər olacaq. Lakin mən belə başa düşürəm ki, Paşinyan 17 avqusta dəstək mitinqi təyin etməklə anti-Rusiya aksiyasına hazırlaşır. Ermənistanın hazırkı durumunu nəzərə alsaq, indi hər şey bizim üçün təhlükə ehtiva edə bilər. Bu o demək deyil ki, biz Rusiya ilə suveren-vassal münasibətlər sistemini qorumalıyıq. Lakin İrəvanın son addımları, xüsusən də KTMT baş katibinin məsələsi ilə bağlı tələsik davranışlarını anlamaq çətindir. Xaçaturovu əvvəlcə tutduğu postdan geri çağırıb, bundan sonra ona qarşı istintaq prosesini başlatmaq da olardı”. Lakin Danielyanın fikrincə, artıq gecdir və Rusiya ilə Ermənistan arasındakı mübahisəli məsələlərin müəyyən nəticələri olacaq: “Ola bilər ki, sərhəddə gərginlik yaransın, həmçinin sanksiya formasında olmasa da, iqtisadi məhdudiyyətlərin tətbiqi mümkündür. Məsələn, Yuxarı Larsdan keçən yollar bağlana bilər. Bu cür tədbirlər Ermənistan ictimai rəyinə də mənfi təsir göstərəcək. Lakin ilkin mərhələdə əhali anti-Rusiya əhvalında olsa da, daha sonra etirazların istiqaməti Paşinyan hökumətinə qarşı çevriləcək”. Ekspert “Erməni Milli Konqresi” vasitəsilə Rusiyanın ölkədaxili işlərə müdaxiləsini mümkün sayır. “Erməni Milli Konqresi” partiyasının üzvü Zoya Tadevosyan isə bu günlərdə İrəvanda keçirilən mətbuat konfransında Azərbaycanın işğal edilmiş ərazilərinin qaytarılmasının vacibliyindən danışıb. O, ilk növbədə Dağlıq Qarabağ ətrafındakı əraziləri nəzərdə tutduğunu bildirib: “Qarabağ müharibəsi zamanı ələ keçirilən bu əraziləri biz azad edilmiş ərazilər adlandırırıq, lakin bu ərazilərin tutulduğunu hamımız bilirik”. Jurnalistlərdən birinin “bu bəyanat ərazilərin işğal edildiyi deməkdirmi” sualına erməni siyasətçi sualla cavab verib: “Bu torpaqlar ermənilərindirmi?” Daha sonra erməni siyasətçi ərazilərin Azərbaycana qaytarılmasının vacibliyini qeyd edib: “Kimsə məndən inciməsin, bu məsələləri mən həll etmirəm. Bu məsələ danışıqlar masasında müzakirə olunur. Münaqişənin həlli ərazilərin qaytarılmasını tələb edirsə, bunu etməliyik. Erməni tərəfi bu əraziləri azad edilmiş hesab edir, lakin beynəlxalq ictimaiyyət bu əraziləri işğal edilmiş adlandırır”. Qeyd edək ki, Tadevosyanın üzvü olduğu “Erməni Milli Konqresi” partiyasının lideri, keçmiş prezident Levon Ter-Petrosyan da münaqişənin ərazilərin Azərbaycana qaytarılması çərçivəsində həll edilməsi ilə bağlı zaman-zaman fikirlərini gündəmə gətirib. Bütün bunların yenidən aktuallaşmasını isə Stepan Danielyan Rusiya ilə əlaqələrin pisləşməsi fonunda təsadüfi saymır. Ermənistan parlamentinin vitse-spikeri Eduard Şarmazanov da açıq bildirir ki, hazırda Rusiya-Ermənistan münasibətləri heç də yaxşı dövrünü yaşamır: “Bunun əyani sübutu KTMT-nin baş katibi Yuriy Xaçaturov haqqında həbs qətimkan tədbirinin seçilməsi, Rusiyanın Ermənistandakı hərbi bazası ətrafında baş verənlər, baş nazirin “Rusiyanın müharibənin qarşısını almaq üçün Azərbaycana təzyiq mexanizmləri mövcuddur” deməsi və Rusiya XİN rəhbəri Sergey Lavrovun bəyanatıdır. Lavrovun bəyanatı aydın şəkildə iki hökumət arasında anlaşılmazlığın olmasının göstəricisidir. Anti-Rusiya mövqeyi süni şəkildə yaradılır”. O qeyd edib ki, Rusiya XİN rəhbərinin çıxışı erməni-rus münasibətlərinin gələcək inkişafı baxımından narahatlıq doğurur: “Yeni hökumət Rusiya ilə münasibətlərə diqqət etməlidir. Üç prezidetin dövründə Rusiya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edirdi. Bu qısa müddət ərzində baş verən ictimai hadisələr göstərir ki, Ermənistan və Rusiyanın saat əqrəbləri müxtəlif istiqamətlərdə hərəkət edir”. Belə vəziyyət isə, öz növbəsində, Qarabağ münaqişəsinin həllini tezləşdirə bilən faktor sayılır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.