Türkiyə kimi mütəffiqi itirməyin çox xətalı bir hal olduğunu açıq bəyan edən ABŞ reallıqda bunun əksinə addım ataraq, Ankaranı özündən sürətlə uzaqlaşdırır. Belə görünür ki, indiki gedişlə NATO üzvləri olan Türkiyə və ABŞ bir-birinə qarşı çox sərt mövqedə dayanmaqda davam edəcək.
Artıq bəlli olduğu kimi, yaranan problemlər fonunda ABŞ Türkiyənin fiziki və hüquqi şəxslərinə qarşı sanksiya hazırlayıb. Sanksiyalar Donald Tramp administrasiyasının qərarı ilə Türkiyə hakimiyyəti tərəfindən ABŞ vətəndaşları və bu ölkənin diplomatik missiyasının əməkdaşlarına qarşı cinayət təqibi səbəbindən tətbiq oluna bilər. Qadağalar Rusiya təşkilatlarına, şirkətlərə və iş adamlarına qarşı tətbiq edilən məhdudlaşdırıcı tədbirlər modelinə uyğun olaraq hazırlanıb. Eyni zamanda, ABŞ Türkiyənin ədliyyə və daxili işlər nazirlərinə sanksiya tətbiq edib. Konkret bu sanksiyalara səbəb kimi amerikalı rahib Endryu Bransonun həbsi göstərilib. Xatırladaq ki, sonuncu Türkiyədə iki əvvəl dövlət çevrilişinə yardım etməkdə təqsirli bilnir.
Sanksiyaya əsasən isə, daxili işlər naziri Süleyman Soylu və ədliyyə naziri Əbdülhəmid Gülün ABŞ-la əlaqələri məhdudlaşdırılır. Onların bir sıra ölkələrə, o cümlədən ABŞ-a girişi qadağan edilir. Həmçinin nazirlərin ABŞ-da hər hansı mülkləri varsa, onlar da hökumət tərəfindən müsadirə edilir. ABŞ dövlət katibi Mayk Pompeo bildirib ki, türkiyəli nazirlərə sanksiya tətbiqi yerində verilmiş bir qərardır. Dövlət Departamentini sözçüsü Hizer Noyert isə amerikalı rahib Endryu Bransonun tez bir zamanda azadlığa buraxılmasının gərəkdiyini bildirib: “Bu məsələ çox uzandı. Türkiyə bizim bununla bağlı mövqeyimizi çox yaxşı bilir”. Bundan başqa, ABŞ-dan Türkiyəyə sanksiyalarla əlaqədar növbəti təhdid gəlib. ABŞ-ın vitse-prezident Mayk Pens sanksiyaların amerikalı rahib tamamilə sərbəst qalana qədər davam edəcəyini bildirib: “ABŞ hökuməti Türkiyəyə ağır iqtisadi sanksiyalar tətbiq etdi. Sanksiyalar prezident Rəcəb Tayyib Ərdoğan və Türkiyə hökuməti rahib Bransonu sərbəst buraxana və bu günahsız din adamı ABŞ-a dönənə qədər davam edəcək”.
Türkiyənin daxili işlər naziri Süleyman Soylu ABŞ-ın ona qarşı tətbiq etdiyi sanksiyalara reaksiya verib. Soylu jurnalistlərə açıqlamasında diqqəti FETÖ-ya yönəldib: “ABŞ-da bir malımız var, o da FETÖ-dur. Onu da orada qoymayacağıq, geri alacağıq”. Türkiyənin Xarici İşlər Nazirliyi də rahib Bransonun həbsinə görə ABŞ-ın sanksiya təhdidlərinə sərt cavab verib. XİN ABŞ-ın təhdidlərinə qarşı hər cür tədbirləri həyata keçirəcəklərini bəyan edib:“Şübhəsiz ki, ABŞ-ın bu hərəkətləri hüquq və ədalət prinsiplərinə ziddir və bu qərar bizim hüquqlarımıza, ABŞ-Türkiyə münasibətlərinə ziddir. Heç bir maraqlara xidmət etməyən bu cür aqressiv hərəkətlərin dərhal cavabını alacaqlar”.
Türkiyənin Xarici İşlər Nazirliyinin rəhbəri Mövlud Çavuşoğlu ABŞ-ın iki türk nazirə qarşı sanksiyalar tətbiq etməsinə münasibət bildirib. O, ABŞ-ın bu addımının cavabsız qalmayacağını deyib: “ABŞ-ın iki nazirimizə qarşı sanksiyalar tətbiq edilməsinə cəhd göstərməsi cavabsız qalmayacaq. ABŞ rəhbərliyi qanunsuz tələblərini bu üsulla əldə edə bilməyəcəyini idrak etmədiyi müddətdə aramızdakı problemləri həll edə bilməyəcəyik”. Türkiyə hökumətindəki mənbəyə istinadən isə “Habertürk” portalı bildirib ki, Ankara ABŞ tərəfindən Türkiyəyə qarşı qəbul edəcəyi sanksiyalara cavab verməyə hazırdır. Mənbənin sözlərinə görə, Ankara yaranmış vəziyyəti nizama salmaq üçün dialoqu davam etdirməyi arzulayır: “Hazırda ABŞ-ın dövlət qurumları ilə danışıqlar davam edir. Bu danışıqlar qarşılıqlı anlayışa əsaslanan və olduqca konstruktiv bir atmosferdə keçirilir. İki ölkənin keçmişdən gələn güclü bağları və strateji əməkdaşlığı var. Danışıqlarda iki tərəf də bu əlaqələri qoruyacaq iradəni ortaya qoydu. Türkiyə dialoq prosesinin iki ölkə üçün də müsbət nəticələr verməsini istəyir. Əlbəttə ki, ABŞ-ın qəbul edəcəyi sanksiyalara qarşılıqlılıq prinsipi əsasında cavab veriləcək. Bu baxımdan, ABŞ-ın qərarına qarşı sanksiyalar siyahısını hazırlamaq üçün işə başladıq”.
Türkiyə mediası onu da yazır ki, əslində, ABŞ-ın belə aqressiv davranışına səbəb Ankaranın Rusiya ilə yaxınlığı, xüsusən də S-400 havadan müdafiə raket sistemlərini almaq niyyətidir. Donald Trampın dövlət katibinin köməkçisi kimi görmək istədiyi Klark Kooper bildirib ki, Türkiyənin Rusiyadan S-400 havadan müdafiə raket sistemlərini almasını fəlakət olaraq görürlər: "S-400-lərin qəbulu bizim üçün fəlakət olacaq. Ancaq bu o demək deyil ki, biz Ankaranın ABŞ vətəndaşlarını nəzarət altına almasına göz yumacağıq. Bu, ikitərəfli münasibətləri davam etdirməyimizi çətinləşdirir". ABŞ bu məsələyə görə Türkiyəyə "F-35" beşinci nəsil qırıcılarının satılmasını dayandırmaq istiqamətindədə addımlar atır. Qeyd edək ki, ABŞ Senatı 2019-cu maliyyə ili üçün müdafiə büdcəsini qəbul edib. 717 milyard dollarlıq müdafiə büdcəsi həmçinin "F-35" beşinci nəsil qırıcılarının Türkiyəyə təslimatına qadağa qoyulmasını nəzərdə tutur. Daha əvvəl isə Nümayəndələr Palatası müdafiə büdcəsi layihəsinə səs vermişdi. Senatın da qəbul etməsindən sonra qərarın qüvvəyə minməsi üçün tək mərhələ - prezident Donald Trampın onu imzalaması qalıb. Trampın imzalaması halında, Türkiyəyə "F-35" sanksiyası da rəsmiləşəcək. Sanksiya qərarı müdafiə büdcəsi layihəsinə daxil olduğu üçün Trampın ona veto qoyması çətin görünür. Bununla belə, ABŞ-ın qanunvericilik sistemində belə qərarlar prezidentin imza mərhələsində olsa da, Konqresin razılığı ilə dəyişdirilə bilər. Ancaq ABŞ-ın iki türk nazirə sanksiyalar tətbiq etməsi fonunda "F-35" qadağasının yumşalması qeyri-mümkün görünür. Bu haldaTürkiyə eyni göstəricilərə malik qırıcıları Rusiyadan almağı düşünür. Bununla isə Türkiyə və ABŞ arasında münasibətlərin daha da gərginləşməsi gözlənir.
Tahir TAĞIYEV