Vüqar Qədirov: “Paşinyan meydandakı çıxışlarında məhz apreldəki məğlubiyyətə görə Ermənistan rəhbərliyinin yarıtmaz siyasətini daha çox tənqid edirdi”
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi zamanı etdiyi çıxışda ölkə başçısı bildirib ki, Ermənistandakı kriminal xunta rejiminin çökməsində Azərbaycanın rolu da az deyil:
“Onları çökdürən və uçuruma aparan birinci zərbə iki il bundan əvvəl vurulub. Aprel döyüşləri onların çürümüş sütunlarını tamamilə sıradan çıxarıb və ondan sonra kriminal xunta rejimi uçuruma doğru getməyə başlamışdır. Bunu heç kim unutmamalıdır. Əgər iki il bundan əvvəl bu döyüşlər cəmi 4-5 gün davam edibsə və buna baxmayaraq, biz iki min hektar torpağı işğalçılardan azad etdik və indi minlərlə hektar torpağa biz nəzarət edirik. Azərbaycan Ordusunun qüdrətini iyun ayında keçirilmiş hərbi paradda göstərdik. Azərbaycan Ordusu bu gün həm texniki təchizat, döyüş qabiliyyəti, silah-sursat baxımından dünya miqyasında ən güclü ordular sırasındadır, nadir ölkələrdə bizim qədər imkan var. Bizim hərbi qələbələrimiz davam edir. Bu ilin may ayında uğurlu Naxçıvan əməliyyatı nəticəsində 11 min hektar torpaq işğalçılardan azad edildi. İndi oraya həyat qayıdır, əkin işləri aparılacaq.
Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır”.
Göründüyü kimi, Prezident Ermənistandakı kriminal xunta rejiminin çökməsində Azərbaycanın böyük rolunun olduğunu bəyan edib və bildirib ki, bunun əsası 2 il əvvəl qoyulub. Aydındır ki, Prezident bu xüsusda şanlı aprel döyüşləri zamanı Azərbaycanın qazandığı zəfəri əsas tutur. Ermənistanda baş verən hakimiyyət dəyişikliyində aprel döyüşlərinin rolunu necə dəyərləndirmək olar?
Politoloq Vüqar Qədirovun sözlərinə görə, 2016-cı ilin aprelində qazanılan qələbə bizim şanlı tariximizin bir parçasıdır: “1994-cü ildən sonra ilk dəfə idi ki, Azərbaycan işğal edilmiş torpaqların bir hissəsini işğalçılardan azad etdi. Aprel ayında erməni silahlı təxribatının qarşısını alaraq bizim ordumuz düşmənə sarsıdıcı zərbələr vurdu və Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının minlərlə hektar torpağını işğalçılardan azad etdi. Həmin ərazidəki on minlərlə hektar torpağa indi Azərbaycan Ordusu tam nəzarət edir. Həmin döyüşlərdə Azərbaycan xalqı, Azərbaycan əsgəri və zabiti əsl qəhrəmanlıq göstərdi. Ölkə başçısı azad edilmiş torpaqlarda olarkən demişdi ki, Azərbaycan xalqı və Azərbaycan dövləti öz torpağında ikinci erməni dövlətinin yaranmasına heç vaxt icazə verməyəcək. Hesab edirəm ki, bu tarixi qələbə bizə böyük uğurların müjdəsini verməklə yanaşı, həm də Ermənistan dövlətinin dayaqlarını da laxlatmış oldu. Məhz həmin qələbədən sonra ermənilər anlamağa başladılar ki, Azərbaycandakı milli ruh, torpaqları geri qaytarmaq həvəsi daha da artıb. Mənz aprel döyüşlərindən sonra Ermənistan hakimiyyətində çalxalanma başladı. Həmin ölkənin ordusunun yuxarı eşalonunda həbslər belə aparıldı və bunun məntiqi sonluğu Serj Sarkisyan hakimiyyətinin çökməsi ilə nəticələndi. Devrilən hakimiyyət Dağlıq Qarabağdakı müvəqqəti “qələbələrinin” fonunda populyarlıq qazanıb, hakimiyyəti ələ keçirmişdilər. Aprel döyüşləri onların məğlubedilməzlik sndromunu dağıtdı. Hakimiyyətə gələn Paşinyanın kütləyə xitabən etdiyi çıxışlara fikir versəniz, görərsiniz ki, o, meydanda məhz apreldəki məğlubiyyətə görə Ermənistan rəhbərliyinin yarıtmaz siyasətini daha çox tənqid edirdi. Bunun davamı olaraq Azərbaycan Ordusu Naxçıvan istiqamətində də böyük uğura imza atdı. Bu baxımdan da aprel döyüşlərinin Ermənistandakı proseslərə birbaşa təsirinin olduğunu söyləyə bilərik”.
Məhəmmədəli QƏRİBLİ