Məhərrəm Zülfüqarlı: “Azərbaycanın enerji strategiyasını Qərb dəstəkləyir”
Azərbaycanın yeritdiyi uğurlu enerji siyasəti beynəlxalq miqyasda dəstək almaqda davam edir. Bu müxtəlif formalarda özünü göstərir.
Bu günlərdə Vaşinqtonda İtaliyanın Baş naziri Cuzeppe Konte ilə birgə mətbuat konfransı zamanı ABŞ Prezidenti Donald Tramp deyib ki, Birləşmiş Ştatlar İtaliyanın Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan Transadriatik boru kəmərini (TAP) tikib yekunlaşdıracağına ümid edir: “Boru kəmərinə gəlincə, mən rəqabətqabiliyyətli boru kəməri görmək istərdim. Cənab Baş nazir, mən ümid edirəm ki, siz bu rəqabətqabiliyyətli boru kəmərini tikə biləcəksiniz".
Trampın TAP layihəsinə verdiyi dəstək böyük marağa səbəb olub.
Bu arada, Avropa Komissiyası “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsi olan Transanadolu qaz kəməri (TANAP) layihəsi üçün 5 milyon avro həcmində qrant ayıracaq. Vəsait Avropa İttifaqının “CEF Energy” fondundan mühəndis işlərinin monitorinqinə və katod müdafiəsinin layihələndirilməsi zamanı modifikasiya işlərinə yönləndiriləcək.
Məlumat üçün qeyd edək ki, 2014-cü ildən Avropa İttifaqı TANAP layihəsi üçün ümumilikdə 15 milyon avro həcmində qrantlar ayırıb.
Görünən odur ki, Azərbaycanın həyata keçirdiyi enerji strategiyası bütün müstəvilərdə dəstək qazanır. Xüsusən də Qərbdən. O baxımdan məlum 2 önəmli hadisə Azərbaycanın həyata keçirdiyi enerji strategiyasına Qərbin göstərdiyi dəstəyin nümunəsidir.
Maraqlıdır, bəs edkspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən İctimai Problemlərin Tədqiqi Assosiasiyasının rəhbəri Məhərrəm Zülfüqarlının sözlərinə görə, bu həqiqətən də Azərbaycanın uğurlu enerji strategiyasının göstəricisidir: “Bu, Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Əvvəllər bəzi dairələr Azərbaycanın həyata keçirdiyi layihələrə qısqanclıqla yanaşırdılar. Ancaq zaman keçdikcə, bütün bunlar dəyişməyə başladı. Azərbaycan bununla bağlı bütün layihələri uğurla həyata keçirir. Təsadüfi deyil ki, ABŞ kimi super dövlətin prezidenti TAP layihəsini açıq formada dəstəklədi. Bu onu göstərir ki, sözügedən layihə vaxtında reallaşacaq və kimsə buna mane ola bilməyəcək. Azərbaycanın enerji strategiyasını Qərb dəstəkləyir. Bir zamanlar Qərbdə Bakı-Tiflis-Qars dəmir yoluna münasibət yaxşı deyildi. Ancaq sonradan bu münasibət dəyişdi. Ona görə ki, Azərbaycan uğurlu siyasət apararaq vəziyyəti öz xeyrinə dəyişdi. Bir sözlə, Azərbaycanın yeritdiyi müstəqil siyasət sonda böyük dövlətlərin Azərbaycanın bütün enerji layihələrinə dəstək vermələrinə gətirib çıxardı. Hətta Rusiya da enerji məsələsində əvvəlki illərdən fərqli olaraq indi Azərbaycana dəstək verir. BTQ ilə Rusiya dəmiri Türkiyəyə daşınır. Bu da onlara qısa müddətə dəmiri Türkiyəyə aparmağa imkan yaradır. Halbuki, əvvəl onlar sözügedən dəmir yolunun inşasını dəstəkləmirdilər. Bu onu göstərir ki, Azərbaycanın yeritdiyi müstəqil siyasət düzgündür və elə bu cür də davam etmək lazımdır”.
Vidadi ORDAHALLI