Elşən Həsənov: “Bu münaqişənin həlli yolu Ermənistanın işğaldan əl çəkməsi, torpaqlarımızı qaytarmasından keçir və bunun başqa alternativi yoxdur”
Prezident İlham Əliyev Lökbatan qəsəbəsindəki çıxışında Ermənistana münaqişənin hansı yolla həllinin mümkünlüyü ilə bağlı yenidən açıq mesaj verib.
Ölkə başçısı deyib ki, Azərbaycan sülhün yaranmasını hamıdan çox istəyir: “...Eyni zamanda, Ermənistandan sülhə yönəlmiş çağırışlar da edilir, biz də bu çağırışları eşidirik. Əlbəttə, biz də sülh istəyirik, amma biz torpaqlarımızı istəyirik. Torpaqlarımız qayıtmayana qədər sülh olmayacaq və Ermənistanın yeni rəhbərliyi bunu çox yaxşı başa düşməlidir. Sülh istəyirlərsə, erməni əsgəri torpaqlarımızdan çıxmalıdır. Erməni əsgərinin Azərbaycan torpağında nə işi var?! Müharibədən əziyyət çəkmiş, həlak olmuş, əlil olmuş Azərbaycan vətəndaşları öz torpağında həlak olublar, əlil olublar, Ermənistan torpağında yox. Ona görə münaqişənin həllinin bir yolu var – işğalçı qüvvələr bizim torpaqlarımızdan dərhal və qeyd-şərtsiz çıxarılmalıdır. Onda bölgədə sülh yaranar. Onda Ermənistan ilə Azərbaycan arasında əlaqələr yarana bilər. Onda regionun geosiyasi vəziyyəti tamamilə dəyişə bilər və dayanıqlı sülh yarana bilər”.
Ölkə başçısının Ermənistana ünvanladığı bu fikirlərdən hansı nəticəni hasil edə bilərik?
Ekspert Elşən Həsənovun sözlərinə görə, bu, Azərbaycanın Dağlıq Qarabağ münaqişəsilə bağlı tutduğu prinsipial mövqedir: “Azərbaycanın bu mövqeyi heç vaxt dəyişməyib. Bilirsiniz ki, “mərhələli həll” adlı planla bağlı tərəflər arsında danışıqlar aparılıb və bu daha optimal variant hesab edilirdi. Hətta bir müddət əvvəl Ermənistanın bu plana razı olduğuna dair xəbərlər də dövriyyəyə buraxıldı. Lakin Ermənistanın köhnə hakimiyyəti bundan yayındı. Həmin planın detalları ilə bağlı biz sizinlə çoxsaylı müzakirələr aparmışıq. Onun incəliyinə bir də varmaq istəmirəm. Görünən budur ki, Ermənistanın yeni rəhbərliyi də bu planı qəbul etmək istəmir və hər vəchlə sülh danışıqlarından yayınır. Bunu çox gözəl hesablayan ölkə Prezidenti bildirib ki, Ermənistanın bu yayınmaları ona heç nə verən deyil. Ölkə başçısı doğru olaraq qeyd edir ki, münaqişənin həlli, sülhə gedən yol Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasından keçir. Hələ bundan əvvəl də Prezident öz çıxışlarında bildirib ki, Ermənistan öz əsgərinin ölməsini istəmirsə, işğal olunmuş əraziləri tərk etməlidir. Azərbaycan əsgərinin həmin torpaqlarda həlak olması şərəflidir. Çünki biz öz torpaqlarımızı işğaldan azad etmək istəyirik. Ermənilər isə qəsbkarlıq, özgə ərazilərini ələ keçirmək məqsədilə bu müharibəyə girişiblər. Bəli, bu münaqişənin həlli yolu Ermənistanın işğaldan əl çəkməsi, torpaqlarımızı qaytarmasından keçir və bunun başqa alternativi yoxdur. Əks halda, Ermənistan daha dərin bataqlıqlara girmiş olacaq.
Ermənistanda daxili vəziyyət gərgindir, ölkədə hakimiyyət qanuni yollarla deyil, inqilablar vasitəsilə dəyişilir. Hesab edirəm ki, Ermənistan rəhbərliyi bundan lazımi nəticəni çıxarmalıdır. Əks halda, onların vəziyyəti daha da dramatikləşəcək. Ölkə başçısı doğru olaraq vurğulayır ki, bunu yalnız biz yox, həm də beynəlxalq ictimaiyyət tələb edir. Erməni xalqı anlayır ki, münaqişə onlara yalnız səfalət, aclıq gətirib. Məhz bunun nəticəsi idi ki, inqilab edib hakimiyyəti devirdilər. Paşinyan hakimiyyəti də öz sələflərinin aqibətindən nəticə çıxarmalıdır. Əks təqdirdə onları da həmin sonluq gözləyir”.
Məhəmmədəli QƏRİBLİ