Məhəmməd Əsədullazadə: “Nəticədə Ermənistan daha ciddi fəlakətə sürüklənəcək”
"Əgər Ermənistan rəhbərliyi bundan sonra da danışıqların uzadılması ilə məşğul olacaqsa, biz öz təcrid siyasətimizi davam etdirəcəyik, bütün vasitələrdən istifadə edib Ermənistanı daha da sarsıdacağıq". Məlum olduğu kimi, bunu Prezident İlham Əliyev Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, sözügedən məsələ ilə bağlı siyasət davam etdiriləcək: “Biz öz siyasətimizi davam etdirəcəyik, daha da güclü olmalıyıq. Bütün beynəlxalq təşkilatlar bizi beynəlxalq və siyasi müstəvidə dəstəkləyir. İqtisadi sahədə Ermənistanla Azərbaycan arasında yerlə göy qədər fərq var. Həm hərbi paradda nümayiş olunan imkanlar, həm də döyüş meydanında göstərilən şücaət, qəhrəmanlıq göstərdi ki, kim kimdir və kim nəyə qadirdir. Biz bütün bu imkanlardan istifadə edirik və edəcəyik. Biz bu vəziyyətlə heç vaxt barışmayacağıq. Bir daha demək istəyirəm, Ermənistan rəhbərliyi bilməlidir ki, sülh istəyirsə, torpaqlarımızdan öz xoşu ilə çıxmalıdır".
O da məlumdur ki, uzun illərdir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçılıq siyasəti bu ölkəni regionda bir sıra layihələrdən təcrid edib. Nəticədə ötən illər Ermənistan ciddi iqtisadi-sosial itkilərlə üzləşib. Təbii ki, sözügedən ölkənin bu siyasətindən əl çəkməməsi onların vəziyyətini daha da pisləşdirəcək.
Ümumilikdə, Azərbaycan tərəfindən aparılan təcrid siyasəti Ermənistanın iqtisadi və siyasi baxımdan zəiflələdilməsində necə rol oynayacaq?
Sözügedə məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadə buna bir neçə kontekstdən yanaşdı: “Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu ölkədə sosial vəziyyəti kəskin şəkildə pisləşdirir. Həmçinin, ölkənin inkişafının qarşısını alan əsas amildir. Ötən 20 il ərzində Qarabağ klanının hakimiyyətdə olması, işğalçılıq siyasətini davam etdirməsi nəhayət ki, sosial partlayışa səbəb oldu. Nəzərə alaq ki, Azərbaycanın iqtisadi blokadası və regionda enerji siyasətindən Ermənistanı uzaqlaşdırması bu ölkəni əlavə əsas maliyyə gəlirlərindən məhrum edib. Həmçinin, Ermənistana qarşı Türkiyənin də iqtisadi sanksiyaları, demək olar ki, bu ölkəni dövlət kimi süquta aparıb. Eyni zamanda, Rusiyanın bir əyalətinə çevirib. Həqiqətən də Ermənistanın bütün infrastrukturu, sərhəd və havadan müdafiə sistemi Rusiyanın inhisarındadır. 20 il ərzində Rusiya Ermənistanı əyaləti kimi idarə edib. Hazırda da Qərbpərəst adlandırılan Nikol Paşinyanın qələbəsi məhz rəsmi İrəvanın işğalçılıq siyasətinin nəticəsidir. Nikol Paşinyan sələfi kimi işğalı davam etdirsə, Ermənistanın iqtisadi inkişafından söhbət gedə bilməyəcək. Rusiya eynən Ermənistanda öz təsirini saxlayacaq. Paşinyanın Qarabağla bağlı sərt mesajları hazırda danışıqlar prosesinə zərbə vursa da, xarici işlər nazirləri səviyyəsində bərpa edilən danışıqlar davam edir. Paşinyan öz siyasətində kompromisə gedərsə, davamlı sülhə yaxınlaşmaq olar. Dövlət başçısı İlham Əliyevin Ermənistan rəhbərliyinə mesajı və vaxt verməsi Paşinyan üçün şansdır. Sabah cəbhədə Azərbaycan hərbi təzyiqləri tətbiq edərsə, bu, Paşinyanın hakimiyyətdən getməsi ilə nəıticələnə bilər. Ona görə də Prezident İlham Əliyevin qeyd etdikləri Ermənistan rəhbərliyinə mesajdır. Hesab edirəm ki, Nikol Paşinyan siyasətində işğalla bağlı müsbət dönüş etməsə, Azərbaycan iqtisadi, siyasi və hərbi təzyiqlərini artıracaq. Nəticədə Ermənistan daha ciddi fəlakətə sürüklənəcək. Hər gün sosial tələblərlə küçə etirazları baş verəcək. Gələn il bu ölkədə parlament seçkiləri gözlənir. Hesab edirəm ki, rəsmi Bakı yeni erməni hakimiyyətinə təzyiqləri artırmaqla, Nikol Paşinyanı danışıqlar masasına gətirməlidir”.
Vidadi ORDAHALLI