Ramil Hüseynov: “Paşinyan ikibaşlı oyun oynayır”
Rusiya ilə Ermənistan arasında pisləşən münasibətlərin elementəri artıq açıq müstəvidə özünü göstərməkdədir. Məsələ ondadır ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid edərək xəbərdarlığından sonra Ermənistanın Xarici İşlər Nazirliyi qarşı tərəfə cavab verib.
Belə ki, Ermənistan XİN-in mətbuat katibi Tiqran Balayan erməni mətbuatına verdiyi müsahibədə ölkədə baş verənlərlə əlaqədar Rusiya tərəfinin narahatlığı və qiymətləndirməsilə bağlı sualı cavablandırıb. O bildirib ki, İrəvan ölkədəki korrupsiya ilə mübarizə, hüquqi dövlət quruculuğu və şəffaf ədliyyə sisteminin yaradılması prosesilə bağlı beynəlxalq reaksiyaları izləyir: “Biz hökumətin daxili siyasətinin prioritetləri olan hüquqi dövlət, müstəqil məhkəmə sistemi, korrupsiyaya qarşı mübarizə ilə müşahidə edilən Ermənistandakı daxili proseslərlə bağlı beynəlxalq reaksiyaları izləyirik. Ölkənin xarici siyasət prioritetləri Ermənistan-Rusiya müttəfiq əlaqələrinin daha da möhkəmləndirilməsi və dərinləşdirilməsi, KTMT və Aİİ (Avrasiya İqtisadi İttifaqı) çərçivəsində əməkdaşlığın səmərəliliyinin artırılmasına yönəlib”.
Ancaq "RFI" radiosuna verdiyi müsahibədə baş nazir Nikol Paşinyan bildirib ki, bundan sonra Ermənistan birtərəfli (Rusiyapərəst – red.) xarici siyasət yürütməyəcək və ilk növbədə ölkənin milli maraqları prioritet tutulacaq.
Məlumat üçün qeyd edək ki, 2008-ci ilin mart hadisələri ilə əlaqədar açılan cinayət işi çərçivəsində Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və KTMT-nin fəaliyyətda olan baş katibi Yuri Xaçaturov həbs ediliblər. Xaçaturov hələlik zaminə çıxa bilib. Görünən odur ki, bütün bunlar Rusiyanın xoşuna gəlmir. Çünki Rusiya xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Ermənistanda cərəyan edən hadisələr ölkənin yeni rəhbərliyinin siyasi sələflərini təqibə məruz qoymayacağına dair bəyanatları ilə ziddiyyət təşkil edir. Bir müttəfiq kimi Ermənistanda baş verənlər Moskvanı narahat edir və bu narahatlıq bir neçə dəfə Ermənistan rəhbərliyinin diqqətinə çatdırılıb.
Bütün hallarda, Ermənistan XİN rəsmisinin Rusiyaya məlum cavabını ekspertlər necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, Ermənistan rəhbərliyi bu açıqlama ilə ikibaşlı oyun oynayır: “Ancaq kimin nə deməsindən asılı olmayaraq, reallıq ondan ibarətdir ki, Paşinyanın Köçəryanı həbs etməsi rəsmi Moskvanın ürəyincə deyil. Lavrovun açıqlaması açıq şəkildə göstərdi ki, Paşinyan bununla Rusiya rəhbərliyinin əsəblərini tarıma çəkir. Paşinyan hökuməti Rusiyaya sadiqliyini bəyan etsə də, Kreml onun səmimiyyətinə inanmır. Lavrovun bəyanatı və qarşı tərəfin ona cavabı iki ölkə münasibətlərinin pisləşməsinə təsirsiz ötüşməyəcək. Görünən odur ki, tərəflər arasında kəskin ritorika açıq müstəviyə keçir. Nəzərə almaq lazımdır ki, Köçəryan-Sarkisyan cütlüyünün Moskva üçün dəyəri başqadır. Ona görə ki, Köçəryanı səhra komandirliyindən prezidentliyə qədər bəsləyib ərsəyə gətirən Rusiya olub. Rusiyanın Dağlıq Qarabağdakı separatçılara dəstəyi sayəsində Köçəryan və digər erməni quldurları Azərbaycan ərazilərini işğal etdilər. 1998-ci ildə Rusiya Levon Ter-Petrosyanı devirərək Ermənistanda Köçəryan komandasını hakimiyyətə gətirdi. 1999-cu ilin oktyabrında Ermənistan parlamentində baş verən məlum gülləbaran nəticəsində Qarabağ klanına daxil olmayan aparıcı siyasi fiqurlar qətlə yetirildi. Heç şübhəsiz ki, bütün bunlarda Köçəryanın rolu böyük idi. Ondan sonra Ermənistan Dağlıq Qarabağ danışıqlarında daha sərt və barışmaz mövqe sərgilədi. Deməyim odur ki, Robert Köçəryanla Serj Sarkisyan Moskvaya daha sadiq vassal olublar, nəinki digərləri. Ona görə də rəsmi Moskva Ermənistanda Köçəryanın həbsini həzm edə bilmir. Bütün bunlara rəğmən, hesab edirəm ki, Paşinyan əvvəlki hakimiyyətin dayaqlarını əsaslı şəkildə neytrallaşdırmaq üçün onların üzərinə getməkdə davam edəcək”.
Vidadi ORDAHALLI