Nəzakət Məmmədova: “Azərbaycanın ATƏT-ə müraciəti təşkilata bir daha öz məsuliyyətini xatırlatmaq məqsədi daşıyır”
Helsinki Yekun Aktının 43-cü ildönümü münasibətilə bütün ATƏT-in üzv dövlətlərini Ermənistandan Helsinki Yekun Aktı əsasında üzərinə götürdüyü öhdəliklərinə əməl etməsi, Azərbaycana qarşı gücdən istifadəyə son qoyması və öz qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmasını qəti və birmənalı şəkildə tələb etməyə israrla çağırırıq.
Bu barədə Helsinki Yekun Aktının qəbul edilməsinin 43-cü ildönümü ilə əlaqədar XİN-in Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyevın açıqlamasında deyilib. Qeyd olunub ki, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsi (ATƏM) çərçivəsində 1 avqust 1975-ci ildə Helsinki Yekun Aktı qəbul edilib. Hikmət Hacıyev bildirib ki, Helsinki Yekun Aktında təsbit olunmuş prinsiplərə uyğun olaraq, Azərbaycan beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyini təmin edəcək.
Bu mühüm sənədin əsasında Ermənistana təzyiqlərin artırılması mümkündürmü?
Politoloq Nəzakət Məmmədova qəzetimizə açıqlamasında bildirdi ki, ATƏT Qarabağ münaqişəsinin həlli ilə bilavasitə məşğul olmağa müvəkkil edilmiş təşkilat olduğundan, Azərbaycanın ona müraciəti də yerində atılmış diplomatik addımdır: “Bu yaxınlarda ATƏT sədri olan ölkənin prezidenti - İtaliya Prezidenti Azərbaycana və Ermənistana səfərlər etdi. Təbii ki, bu cür səfərlər, bəyanatlar münaqişənin həllinə olan ümidləri artırır.
Son dövrlərdə biz NATO, Avropa Birliyi kimi təşkilatların da münaqişə ilə bağlı Azərbaycanın xeyrinə olan müddəalar ehtiva edən bəyanatlar verməsini müşahidə edirik. Artıq ATƏT-lə yanaşı, AB və NATO da münaqişələrin ərazi bütövlüyü çərçivəsində həllinə rəsmi şəkildə tərəfdar olduğunu bildirib.
Buna qədər isə BMT münaqişə ilə bağlı 4 qətnamə qəbul edib. İslam Əməkdaşlıq Təşkilatı Ermənistanı təcavüzkar adlandırıb və Azərbaycan torpaqlarından çıxmasını tələb edib. Avropa Şurası da bir sıra qətnamələr qəbul edib.
Gördüyümüz kimi, münaqişənin həlli üçün beynəlxalq təşkilatlar çərçivəsində əlverişli diplomatik-hüquqi zəmin hazırlanıb. Lakin təcavüzkar Ermənistan bütün qətnamələri heçə sayaraq, beynəlxalq hüquqa, beynəlxalq təşkilatlar qarşısında öz üzərinə götürdüyü öhdəliklərə hörmətsizlik edir.
Azərbaycanın ATƏT-ə müraciəti təşkilata bir daha öz məsuliyyətini xatırlatmaq məqsədi daşıyır. Düşünürəm ki, təşkilat etimadı doğrultmalı, sülh səylərini artırmalıdır”.
Məhəmmədəli QƏRİBLİ