Yeganə Hacıyeva: “Başqa bir səbəb isə haqsız durumda olmaları ilə əlaqəlidir. Çünki adətən belə hallarda məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələrə əl atılır”
Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev həmin tədbirdəki çıxışında bildirib ki, Ermənistanın yeni hökuməti əvvəlki kriminal xunta rejiminin səhvlərini buraxmamalıdır: “Düzdür, yeni hökumət indi daxili işlərlə daha çox məşğuldur, ancaq bildirməliyəm ki, onlar tərəfindən səslənən ziddiyyətli bəyanatlar həm bizdə, həm bu məsələ ilə məşğul olan ölkələrdə və beynəlxalq təşkilatlarda təəccüb doğurur. Çünki bir-birini təkzib edən bu bəyanatlar başadüşülən deyil. Bir tərəfdən deyirlər ki, Azərbaycan Ermənistanla yox, Dağlıq Qarabağın qondarma rejimi ilə danışıqlar aparmalıdır. Bu, ümumiyyətlə, qəbuledilməzdir və bu, elə bir təklifdir ki, bu təklifi verən tərəf bəri başdan bilir ki, bu, qəbul edilməyəcək. Digər tərəfdən, bu təklif vasitəçilər tərəfindən heç vaxt qəbul edilməyəcək. Üçüncü tərəfdən, o bəyanatdan bir müddət keçəndən sonra Azərbaycan və Ermənistan xarici işlər nazirləri görüşür və danışıqlara başlayır. Yəni tamamilə bir-birini təkzib edən, bir-birinə zidd olan yanaşmadır. Əlbəttə, biz başa düşürük, yeni hökumətə müəyyən qədər vaxt lazımdır ki, beynəlxalq münasibətlərdə mövcud olan praktikanı düzgün təhlil etsin. Ancaq, əlbəttə ki, bu bəyanatlar sülh prosesinə vurulmuş növbəti zərbələrdir və bütün məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür. Çünki onlar işğal siyasətini davam etdirmək fikrindədirlər. Hələlik biz belə qənaətə gələ bilərik”.
Göründüyü kimi, Prezident qeyd edir ki, Ermənistan rəhbərliyinin bir-birilə uzlaşmayan davranışları mövcuddur. Onlar bir tərəfdən deyirlər ki, Azərbaycan danışıqları qondarma qurumla aparmalıdır, digər tərəfdən isə öz xarici işlər nazirlərini danışığa göndərirlər. Ölkə başçısının qeyd etdiyi bu ziddiyyətə necə qiymət vermək olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ölkə başçısının qeyd etdiyi ziddiyyətin kökündə Ermənistan rəhbərliyinin naşılığı durur: “Bilirsiniz ki, belə ziddiyyətli məqamlar əvvəlki Ermənistan hakimiyyətinin zamanında da olub. O vaxt da Serj Sarkisyan bir bəyanat verirdi, Nalbandyan isə fərqli mövqe ortaya qoyurdu. Ermənistanın yeni hakimiyyəti isə tamam başını itirmiş durumda olduğu təsəvvürü yaradır. Paşinyan guya Dağlıq Qarabağ problemi ilə bağlı yeni mövqe ortaya qoydu və bəyan etdi ki, Azərbaycan danışıqları qondarma rejim rəhbərliyi ilə aparmalıdır. Onun bu mövqeyi hətta Ermənistanın daxilində də etiraz doğurdu. Beynəlxalq qurumlar və münaqişənin sülh yolu ilə tənzimlənməsində mandat alan ölkələr də Paşinyana başa saldılar ki, konfliktin həlli əvvəlki formatda aparılmalıdır. Ölkə başçısı doğru olaraq qeyd edir ki, onlar bu bəyanatlardan sonra öz xarici işlər nazirlərini bizimlə danışığa göndərdilər. Azərbaycanın isə bu məsələdə mövqeyi konkretdir. Mən hətta deyərdim ki, Dağlıq Qarabağ məsələsində bizim əksər müxalifət qurumlarının da mövqeyi haçalanmır, iqtidarla eynilik təşkil edir. Ermənistanın yeni siyasi rəhbərliyinin nümayiş etdirdiyi ziddiyyətli davranışlar onların təsadüfən hakimiyyəti ələ keçirməsilə bağlıdır. Başqa bir səbəb isə haqsız durumda olmaları ilə əlaqəlidir. Çünki adətən belə hallarda məsuliyyətdən yaxa qurtarmaq üçün müxtəlif bəhanələrə əl atılır. Ermənistan da bu cür uzlaşmayan hərəkətləri ilə münaqişənin ömrünü uzatmaq istəyir. Amma bununla nəyəsə nail ola bilməyəcəklər”.
Məhəmmədəli QƏRİBLİ