"Din adı altında sosial şəbəkələrdə anti-Azərbaycan fəaliyyəti göstərənlərlə 18-ci əsrdə ərəb dünyasında bir əlində Quran, o biri əlində tapança gəzdirərək islamı parçalamaqla məşğul olan Qərb casuslarının arasında heç bir fərq yoxdur. Ola bilsin ki, indi din altında gizlənən terrorçuların ağaları və qarşılarındakı məqsədlər dəyişib. Fəqət, dəyişməyən ən böyük mahiyyət odur ki, onlar islamın da, milli kök etibarilə əlaqədar olduqları ölkənin də düşmənləridir".
Bu fikirləri Olaylar.az -a açıqlamasında "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib.
Aydın Quliyev bildirib ki, ancaq Azərbaycandakı dini və dinlərarası mühit o qədər rahatdır ki, bir neçə şəxsin ideoloji terror cəhdi ilə pozula bilməz. "Bunu özləri də yaxşı bildikləri halda yenə də bu yolu gedirlər. Çünki Azərbaycanın sivil və hərtərəfli inkişafından məmnun deyillər. Bunu istəmirlər. Ölkəmizin sivil inkisafından qıcıqlanan belə şəxslər üçün din pərdəsinə bürünmək alternativi olmayan çarəsiz zülmət yoldan başqa bir şey deyil. Ancaq Azərbaycan cəmiyyətinin olsa-olsa mikroskopik bir hissəsi belə zülmət yoldan zövq ala bilən mənəvi şikəst adamlar ola bilər".