Qabil Hüseynli: “Bunu İtaliya-Ermənistan münasibətlərinin səviyyəsilə müqayisə etmək doğru olmazdı”
İtaliya Prezidenti Sercio Mattarella Ermənistana səfər edib. Prezident Mattarella ermənistanlı həmkarı Armen Sarkisyan və digər rəsmilərlə görüşüb. Qeyd edək ki, İtaliya Prezidenti bir müddət əvvəl Azərbaycana da rəsmi səfər edib.
Onun bu iki ölkəyə etdiyi səfərlər zamanı keçirdiyi görüşlərin məzmun və mahiyyətində kəskin fərq nəzərə çarpır. Ermənistanda onun keçirdiyi təmaslar zamanı müzakirə etdiyi məsələlərin daha çox sosial-humanitar məzmun daşıdığı görünür. Azərbaycanda isə İtaliya Prezidenti mühüm siyasi məzmunlu məhsuldar görüşlər keçirdi. Ölkəmizə səfərinin yekununda iki dövlət arasında ciddi əməkdaşlığa səbəb olacaq sənədlər imzalandı. İtaliya Prezidentinin hər iki ölkəyə etdiyi səfəri düzgün təsnifatlandırsaq, onda İtaliya-Azərbaycan və İtaliya-Ermənistan münasibətlərində mahiyyət baxımından hansı fərqlər nəzərə çarpmış olar?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, keyfiyyət baxımından İtaliya-Azərbyacan münasibətləri ilə İtaliya-Ermənistan münasibətlərini müqayisə etmək düzgün olmaz: “Bilirsiniz ki, ölkəmiz Cənubi Qafqaz regionunda onların ən ciddi tərəfdaşıdır. İtaliya Prezidenti səfər zamanı Azərbaycanın iqtisadiyyatına və iqtisadi inkişafına işarə edərək dedi ki, bu tərəfdaşlığı daha da genişləndirəcəklər. Burada imzalanan sənədlərin mahiyyətindən də bu aydın göründü. Xüsusilə də TAP İtaliya üçün olduqca önəmli layihə sayılır. Onlar Azərbaycanla ağır sənaye sahəsində də əməkdaşlıq edəcəklərini bildirdilər. İtaliya Prezidenti burda səfərdə olarkən Azərbaycanı hətta strateji tərəfdaş kimi xarakterizə etdi. Bu kontekstdə Ermənistanla Azərbaycanı müqayisə etdikdə, bizim bir çox üstünlüyümüz ortaya çıxır. Bura yalnız neft amilini aid etmirik. Baxmayaraq ki, İtaliya bu günə kimi özünün neftə olan tələbatının böyük bir hissəsini ölkəmizin sərvəti hesabına ödəyib. TAP vasitəsilə isə qaz təminatını ödəyəcək. Ölkələrimiz arasındakı ticarət dövriyyəsi də lazım olan səviyyədədir. Azərbaycan İtaliyadan yüngül sənaye məhsullarından tutmuş, mebel və ağır sənaye məhsullarına qədər idxal edir. Bu da ikitərəfli ticarətin genişləndirilməsi üçün geniş perspektivlər açır. İtaliya Prezidenti burada olarkən Azərbaycanı təmsil edən iş adamları ilə də görüşdü və bildirdi ki, yaxın zamanlarda ikitərəfli müəssisələrin açılışına start veriləcək. İtaliya Prezidentinə Azərbaycanda çox yüksək qonaqpərvərlik göstərildi. Ona Azərbaycanın ən ali təltifi sayılan “Heydər Əliyev” mükafatı verildi. Xarici işlər naziri isə ona “Xalqlar dostluğu” ordenini təqdim etdi. Bununla yanaşı, Prezident İlham Əliyevə də İtaliyanın ən ali təltifi verildi. Bu mükafatı da Türk dünyasında yalnız Abdulla Gül və İlham Əliyev alıb. Bütün bu ünsiyyətlər və əldə olunan razılıqlar bir daha sübut etdi ki, Azərbaycan-İtaliya münasibətləri çoxşaxəli olmaqla yanaşı, həm də yüksək inkişaf mərhələsindədir. Buna görə də bunu İtaliya-Ermənistan münasibətlərinin səviyyəsilə müqayisə etmək doğru olmazdı. İtaliya Prezidentinin Ermənistandakı təmasları və səfər qrafikindən bu aydın görünür”.
Məhəmmədəli QƏRİBLİ