Mehdi Mehdiyev: “Əksinə, bu cür əməllərilə işğala haqq qazandırmış olur”
Bu günlərdə Ermənistanın baş naziri Nikol Paşinyan “Exo Moskvı” radiosuna verdiyi müsahibədə fəxrlə oğlunu Azərbaycan ərazisində hərbi xidmətə göndərdiyini deyib.
Çox maraqlıdır ki, Paşinyan bu addımı sülhə xidmət kimi dəyərləndirib və nə qədər təəccüblü olsa da, Azərbaycanın dövlət başçısını da analoji addım atmağa çağırıb. Paşinyanın bu addımı sülhə, yoxsa münaqişənin qızışdırılmasına xidmət edir?
Qeyd edək ki, onun məlum açıqlamasına Azərbaycanın rəsmi qurumları səviyyəsində reaksiya verilib. Ermənistan baş nazirinin sülh barədə açıqlamalarını şərh edən XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tezliklə həll edilməsində ən maraqlı tərəf Azərbaycan Respublikası və Azərbaycan xalqıdır: “Ermənistanın baş naziri “Exo Moskvı” radiosuna müsahibəsində, onun xanımı isə Moskvada səsləndirdiyi təşəbbüsdə sülh istədiklərini bəyan edirlər. Əgər onlar həqiqətən sülh istəyirlərsə, onda Ermənistanın Azərbaycana qarşı davam edən müharibəsinə son qoymalı, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan qoşunlarını çıxarmalı və öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasını təmin etməlidirlər. Nəticə etibarilə, işğala əsaslanan status-kvo dəyişdirilməli və hərbi işğal faktı aradan qaldırılmalıdır. Fundamental məsələ budur. Azərbaycan dəfələrlə bəyan edib ki, bu halda regionda davamlı sülh və sabitlik bərqərar ola bilər. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqların da məğzi və düsturu bundan ibarətdir. Amma bir tərəfdən işğalı davam etdirmək, işğal edilmiş Azərbaycan ərazilərinin ilhaqı (anneksiya) siyasətini aparmaq, yüz minlərlə məcburi köçkünün öz doğma evlərinə qayıtmasına imkan verməmək, digər tərəfdən sülhdən danışmaq qeyri-səmimi yanaşmadır və yanlış və süni ictimai təbliğatdan başqa bir şey deyil”.
Müdafiə naziri, general-polkovnik Zakir Həsənov bildirib ki, Ermənistanın yeni rəhbərliyinin Azərbaycanın əleyhinə yönəlmiş hərbi ritorikalı çıxışları, xüsusilə baş nazir və müdafiə nazirinin öz övladlarını ölkəmizin işğal olunmuş ərazilərinə hərbi xidmətə göndərmələri bu hakimiyyətin də münaqişənin sülh yolu ilə həllində maraqlı olmamasına sübutdur. Göründüyü kimi, Ermənistan baş nazirinin addımları Azərbaycanın rəsmi qurumları tərəfindən sülhə yönəlik hərəkətlər kimi dəyərləndirilməyib. Hərbi ekspert Mehdi Mehdiyev qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın həmin addımı bir neçə məqsədə hesablanıb: “İlk olaraq o, öz xalqına nə dərəcədə vətəninə və Qarabağ probleminə bağlı olduğunu göstərmək istəyir. İkinci məqsəd isə Ermənistandakı fərariliyin qarşısını almaqdır. Çünki oradakı vətəndaşlar nəyin bahasına olursa-olsun, övladlarını cəbhə bölgəsinə göndərmək istəmirlər. Paşinyan guya bu addımı ilə ordularındakı mənəvi ruhu qaldırmaq istəyir. Oğlunu ora göndərməklə Paşinyan bir daha sübut edir ki, Dağlıq Qarabağı işğal edənlər Ermənistana rəhbərlik edən şəxslər olub. Onun bu addımı qətiyyən sülhə xidmət etmir. Əksinə, bu cür əməllərilə işğala haqq qazandırmış olur, hətta oğlundan belə keçməyə hazır olduğunu nümayiş etdirir. Əslində, o bu məsələdə də səmimi deyil. Çünki erməni mənbələrinin özləri yazıblar ki, Paşinyanın oğlu üçün Qarabağda xüsusi bir mənzil tutulub. Yəni yalnız adı hərbi qulluqda gedir. Onun bu yöndə bizə məsləhət verməsi isə çox gülməli görünür. Azərbaycan o günə qalmayıb ki, kimi hara hərbi xidmətə göndərəcəyini Paşinyanın istəyi ilə həyata keçirsin. Mən bunu növbəti erməni avantyurası sayıram. Paşinyan bilsin ki, oğlunu yox, kimi istəsə Dağlıq Qarabağa göndərsə belə, biz öz torpaqlarımızı işğaldan azad edəcəyik”.
Məhəmmədəli QƏRİBLİ