Ermənistanda baş verən son proseslərin, xüsusən də sabiq prezident Robert Köçəryanın həbsinin Dağlıq Qarabağ münaqişəsinə necə təsir edəcəyi indi ən aktual mövzular sırasında yer alır. Söhbət ondan gedir ki, sözügedən konfliktin həllinə illərdir maneə yaradan "Qarabağ klanı" sıradan çıxarılır.
Düzdür, yeni baş nazir Nikol Paşinyan özü də indilikdə münaqişənin həllinə yanaşmada istənilən konstruktiv mövqeni sərgiləmir. Amma istənilən halda o, münaqişənin həllində bu vaxta qədər ən böyük maneələrdən biri sayılan "Qarabağ klanı"nı da sıradan çıxarır. Bir çox ekspertlər hesab edir ki, baş verənlər Qarabağ münaqişəsinin həlli yolunda əsas əngəllərdən birinin aradan qalxmasına səbəb olmaqdadır. Bu həm də o deməkdir ki, perspektivdə İrəvan Qarabağ məsələsində hansısa addım atarsa, "Qarabağ klanı" Ermənistan daxilində buna qarşı addım ata bilməyəcək. Xatırladaq ki, 1997-ci ildə sabiq prezident Levon Ter-Petrosyanın Qarabağ münaqişəsinin həlli istiqamətində əməli addımlar atmasına məhz "Qarabağ klanı" mane olaraq onu hakimiyyətdən devirmişdi. İndi "Qarabağ klanı" maneəsi sürətlə aradan qaldırılır.
Hazırda belə fikirlər səslənir ki, Robert Köçəryan və digərlərinin həbsi əslində İrəvan klanının "Qarabağ klanı" üzərində apardığı haqq-hesabdır. Bu, eyni zamanda, baş nazir Paşinyanı müdafiə edən, küçələrdə onunla birlikdə “məxməri inqlab”ın ideyalarını reallaşdırmağa çalışan insanların tələbidir”. Məsələ bundadır ki, ölkədə kifayət qədər cinayətlər törətmiş, ölkənin malını-mülkünü talamış, rüşvət və korrupsiya yolu ilə böyük sərvət toplamış insanlara qarşı aparılan mübarizə indi sadə Ermənistan vətəndaşları üçün böyük təskinlikdir. Belə vəziyyətdə Paşinyan da ölkədə haqqın, ədalətin bərpa olunması uğrunda mübarizə aparması görüntüsü yaradaraq, mövqelərini gücləndirməyə çalışır. Bu mənada hesab edilir ki, Ermənistanda başladılan proseslər davamlı olacaq. O da gözləniləndir ki, bu gedişlə sabiq prezident Serj Sarkisyan da həbs oluna bilər. İndiyə qədər isə Serj Sarkisyanın yalnız qardaşı həbs olunub. Amma faktdır ki, Serj Sarkisyanın da rüşvət və korrupsiya olayları ilə bağlı cinayətləri var. Bu baxımdan onlar da araşdırılır. Hazırda Serj Sarkisyan müalicə adı altında ölkədən çıxıb Avropaya qaçsa da, üzərindəki qara buludlar çəkilməyib. Aydındır ki, hazırda Ermənistanda baş verənlərin bir ucu da Robert Köçəryanın zamanında müdafiə naziri, ardından ölkənin prezidenti olmuş Sarkisyana çatacaq. Beləliklə də “Qarabağ klanı”nın başçıları və fəal icraçıları sıradan çıxarılacaq. "Qarabağ klanı"nın tam sıradan çıxması isə, yuxarıda qeyd olunduğu kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində mühüm maneələrdən birinin sıradan çıxması deməkdir. Bunu hətta qatı ermənipərəst mövqeyi ilə tanınan MDB İnstitutunun direktor müavini, rusiyalı hərbi ekspert Vladimir Yevseyev belə istisna etmir. O, ilk növbədə Nikol Paşinyanın yürütdüyü daxili və xarici siyasəti kəskin tənqid edərək bildirib ki, onu da keçmiş prezidentlərin taleyi gözləyir. "Svobodnaya Pressa" qəzetinə müsahibə verən Yevseyevin fikrincə, Paşinyan Qərb stulunda oturmaqla Ermənistanın beynəlxalq arenadakı mövqeyini dəyişmək niyyətindədir. Lakin buna cəhd edərkən mövcud reallıqları görməzdən gəlir və belə bir şəraitdə Rusiyanın hələ də Ermənistanın təhlükəsizliyini təmin etməsini və əvvəlki ölçüdə dəstək verməsini istəyir ki, bu da tamamilə absurd və qəbuledilməzdir: "Serj Sarkisyan iki stulda əyləşmişdi. Nikol Paşinyan isə, başlıca olaraq, Qərb stulunda əyləşmək istəyir. Amma bununla belə, Rusiyadan müəyyən imtiyazlar - ucuz təbii qaz, güzəştli şərtlərlə silah almaq istəyir. Və tələb edir ki, Rusiya Ermənistanı müdafiə etsin, onun təhlükəsizliyini qorusun. İstəyirsən ki, səni Qərb dəstəkləsin, onda qoy Dağlıq Qarabağ bölgəsində də səni Qərb qorusun. Qoy Türkiyə qarşısında sənin təhlükəsizliyinlə NATO-nun üzv dövlətləri məşğul olsun. Qərblə daha sıx əməkdaşlığa niyyətlisənsə, təhlükəsizliyinin qayğısına da Qərbdəki tərəfdaşların qalsınlar". Rusiyalı ekspert Robert Köçəryanın və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan baş katibi Yuri Xaçaturovun 2008-ci ilin mart qırğınında ittiham edilməsinə də münasibət bildirərək, bunu Rusiyaya qarşı təxribat kimi qiymətləndirib. Onun sözlərinə görə, Paşinyanın bu davranışları birtərəflidir və Ermənistan konstitusiyasına ziddir: “KTMT-yə üzv dövlətlərin əksəriyyəti təşkilatın baş katibi postuna Ermənistandan bir nümayəndənin təyin edilməsinə ciddi şəkildə qarşı çıxırdı. Xüsusən də Qazaxıstan. Nəticədə uzun müddət bu post boş qaldı. Xaçaturov yalnız böyük çətinliklərdən sonra 2017-ci ildə baş katib təyin edildi. Amma indi Ermənistan rəhbərliyi Rusiya ilə məsləhətləşmədən Xaçaturovu dövlət çevrilişində ittiham edir. Və bütün bunlar Paşinyanın Brüsseldəki NATO sammitinə qatılması, alyansın üzvlərini Ermənistana, siyasi dəstəkdən əlavə, lazımi maddi kömək göstərməməkdə də ittiham etməsi fonunda baş verir. Aydındır olur ki, Ermənistan rəhbərliyi Rusiyaya əlavə problemlər yaratmağa çalışır. Paşinyan Serj Sarkisyanı təzyiq yolu ilə hakimiyyətdən uzaqlaşdıra bildisə, gələcəkdə ona qarşı da analoji vəziyyət yaranmayacaq ki? Oliqarxlarla mübarizə aparmadığı, əksinə, bir qrup oliqarxı başqaları ilə əvəzlədiyi aydınlaşanda Paşinyan da eyni bumeranqı alacaq”. Yevseyev yekunda xüsusilə vurğulayıb ki, cəmi bir neçə aydır Ermənistana rəhbərlik edənlər hansı şəraitdə olduqlarını dərk etmədən qısa müddət ərzində özlərinə böyük zərbə vurublar, ən çox da Dağlıq Qarabağ münaqişəsi baxımından: “Onlar ümumiyyətlə, anlayırlar ki, necə bir şəraitdədirlər? Azərbaycan Qarabağda hərbi əməliyyatların bərpasına hazırlaşır. Naxçıvan bölgəsində vəziyyət gərginləşir. Türkiyə də ora aktiv şəkildə cəlb olunur. Ermənistanın sərhədlərində vəziyyət getdikcə daha da pisləşir. Ermənistanı ciddi problemlər gözləyir, hətta o dərəcədə ki, Qarabağı itirə bilər. Əgər fikirləşirlərsə ki, təhlükəsizlik zonasını verməklə Dağlıq Qarabağı saxlamaq mümkün olacaq, hərbi ekspert kimi buna ciddi şübhəm var. Bunun ardınca Qarabağ da bütünlüklə Azərbaycana veriləcək". Yevseyev onu da vurğulayıb ki, Qarabağ münaqişəsində Paşinyan hökuməti Rusiyadan heç bir kömək gözləməsin və məsələni dramatikləşdirməsin, çünki bu, Moskvanın problemi deyil. "Ermənistan özü-özünə problem yaradır və nəticələri barədə düşünmür. İrəvan atdığı addımların nələrə gətirib çıxaracağını anlamalıdır".
Rusiyanı qəzəbləndirən daha bir addım isə özünə yaxın hesab etdiyi adamların Qərbə bağlı şəxslər vasitəsilə sıradan çıxarılmasıdır. Ermənistanın "Qraparak" qəzeti bu xüsusda sensaion sayıla biləcək məlumat yayıb. Qəzet Ermənistanda "1 mart" işi üzrə Köçəryan və bir sıra generallara qarşı istintaq işini aparan Xüsusi İstintaq Xidmətinin müdiri Sasun Xaçatryanın Sorosla bağlantısını üzə çıxarıb: "Sasun Xaçatryan Kassasiya məhkəməsinin cinayət palatasının keçmiş sədri Mqer Xaçatryanın oğludur. Lakin onun doğma qardaşı David Xaçatryan Soros Fondunun Ermənistan nümayəndəliyində Direktorlar Şurasının sədridir. Belə fikirlər var ki, Soros Fondunun Ermənistandakı son hadisələrdə böyük rolu var". Bu isə Kremlin Ermənistana qarşı qəzəbini daha da alovlandıran faktorlar sırasında yer alır.
Beləliklə, qeyd edilənlərdən bəlli olur ki, Ermənistan daxilində baş verənlər əslində Qarabağ münaqişəsinin həllini tezləşdirə bilər. Yuxarıda qeyd olunduğu kimi, bir tərəfdən təhlükəli "Qarabağ klanı" sıradan çıxarılır. Digər tərəfdən "Qarabağ klanı"na qarşı mübarizə fonunda Paşinyan iqtidarına qarşı göstərilən müqavimət sonuncunu da qismən zəiflədir. Ən əsası isə, Rusiya getdikcə daha açıq şəkildə Paşinyan iqtidarından üz döndərərək onu, digər məsələlərlə yanaşı, Qarabağ konfliktində də yalnız qoymağı düşünür. Bu isə münaqişənin həllini tezləşdirən faktorlar sırasında yer alır.
Hələlik isə qarşıdakı dövr ərzində Ermənistanı daha gərgin günlərin gözlədiyini demək olar. Burada bir məqamı da xatırladaq ki, hələ həbsindən əvvəl Köçəryanın parlament seçkiləri ilə bağlı dediklərindən belə çıxır ki, o bu siyasi kampaniyada iştirak etmək niyyətində imiş. Belə ehtimal etmək olar ki, bu siyasi tədbirdə "Qarabağ klanı"nın ən güclü namizədi Köçəryan imiş. Bu səbəbdən də cinayətkarın yeri həbsxanadır prinsipi ilə onun barəsində həbs qətiimkan tədbiri seçilib. Belə bir vaxtda Respublika Partiyasının deputatı David Arutyunyan iddia edir ki, indi bir sıra hərbi xadimlər də hədəfdədir. Onun sözlərinə görə, hədəfdə olan hərbi xadimlər Azərbaycana qarşı qəti mövqe nümayiş etdirənlərdir. Odur ki, Ermənistanda yeni həbslərin baş verəcəyi istisna edilmir. Bununla Nikol Paşinyan hökuməti və tərəfdarları güc toplayaraq, payızda keçirilməsi gözlənilən parlament seçkilərinə hazırlaşır. Paşinyan parlament seçkilərində qalib gəlməyi qarşısına hədəf kimi qoyub. İndilikdə Paşinyanın cəmiyyətdə nüfuzu yetərli deyil. Bu nüfuzu qazanmaq, qanunun hakim olduğunu sübut etmək üçün o, 1 mart hadisələrinin günahkarlarının cəzalandırılmasına nail olmalı idi. Çünki bu məsələ sosial sifarişdir. Nikol Paşinyan bu sifarişi yerinə yetirməklə nüfuzunu artırmaq istəyir. Bu baxımdan Ermənistanda onun hakimiyyətinə maneə olacaq potensial qüvvələr, o cümlədən Köçəryan və başqaları həbs edilir. Həbslərin davamlı olması gözlənir və beləliklə, Ermənistanı yeni-yeni sürprizlər gözləyir. Amma o da faktdır ki, baş verənlər Ermənistanın onsuz da zəif mövqelərini daha zəif hala gətirir. Bu durumda Azərbaycanın istər danışıqlar, istərsə də hərb müstəvisində Ermənistan üzərində üstünlüyü daha da artır. Aydındır ki, belə vəziyyət, öz növbəsində, Qarabağ məsələsinin həllini daha da tezləşdirə biləcək faktorlar sırasında yer alır.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.