Əli Mahmud: “Öz vətəndaşlarının sosial rifahını təmin edə bilməyən, iqtisadi böhran keçirən, maddi cəhətdən boğulan Ermənistan hansısa bir beynəlxalq tədbirə evsahibliyi etmək iqtidarında deyil” Aydın Xan Əbilov: “Ermənistan dünya dövlətlərinin və beynəlxalq qurumların inanmadığı, etibar etmədiyi bir dövlətdir”
Azərbaycan Respublikası müasir dünya arenasında özünü güclü, qüdrətli, iqtisadi, siyasi, sosial cəhətdən mükəmməl bir dövlər kimi tanıda bilib. Bu gün dünya dövlətləri, eləcə də beynəlxalq qurumlar Azərbaycanı etibarlı, sabit tərəfdaş olaraq qəbul edirlər. Elə bunun nəticəsidir ki, beynəlxalq əhəmiyyətli mədəni, iqtisadi, siyasi, o cümlədən də idman tədbirlərinə dövlətimiz evsahibliyi edir.
İndiyə qədər Azərbaycanın evsahibliyi ilə saysız beynəlxalq tədbir, toplantılar keçirilib. Bu tədbirlər vasitəsilə ölkəmiz dünyaya sülh, əminamanlıq, dostluq mesajları ötürüb.
Azərbaycanla müqayisədə işğalçı Ermənistanda isə beynəlxalq tədbirlər keçirilmir. Ola bilsin bu dövlətdə hansısa lokal motivli tədbirlər keçirilir, onların da sayı o qədər az, çərçivəsi hədsiz dar olduğundan, səsi-sədası dünyaya yayılmır. Azərbaycanda keçirilən bütün beynəlxalq tədbirlərin uğurlu nəticələrindən isə bütün dünya razılıqla danışır.
Nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsi hansı səbəbdən Ermənistana həvalə edilmir?
Ekspertlər bildirirlər ki, Ermənistan bütün dünyada müharibə edən, işğalçı, ksenofobiya və digər neqativ nümunələrin mövcud olduğu dövlət kimi tanınır. Sülhə “güllə atan” bir dövlətdən dünyaya sülh çağırışlarının edilməsinin mümkünsüz olduğunu deyən ekspertlərin fikrincə, heç bir dünya dövləti Ermənistana öz tərəfdaşı kimi yanaşmır. Bu səbəbdən də Ermənistan həmişə beynəlxalq tədbirlərə evsahibliyi etmək şansından məhrum edilir.
“Qarabağa aparan yol” qəzetinin baş redaktoru, şair-publisist Əli Mahmud bizimlə söhbətində bildirdi ki, bu gün dünya dövlətləri və beynəlxalq qurumlar Ermənistana qətiyyən etibar etmirlər. Mövcud Ermənistan hakimiyyətinin qeyri-ciddi münasibəti, cəmiyyətdə baş verən neqativ hərəkətlər, hərcmərclik, insanlara qarşı həyata keçirilən repressiyalar, eləcə də onların Azərbaycan torpaqlarını hələ də işğalda saxlaması bu dövlətin əsl simasını bütün dünyaya bəlli edir.
Ermənistanın monoetnik dövlət olduğunu vurğulayan Ə.Mahmudun sözlərinə görə, hazırda burada qeyri-millətlər və başqa dinlərin nümayəndələri yaşamırlar. Ə.Mahmud qeyd etdi ki, tolerantlıq və multikulturalizmin mövcud olmadığı Ermənistanda hansısa beynəlxalq tədbirin keçirilməsindən danışmağa dəyməz: “Ermənistanı heç bir vəchlə Azərbaycanla müqayisə etmək olmaz. Azərbaycan siyasi, iqtisadi, mədəni cəhətdən tam inkişaf etmiş bir dövlətdir. Bu gün dünya dövlətləri və beynəlxalq təsisatlar Azərbaycana tamamilə başqa nəzərlərlə baxır, fərqli münasibətlə yanaşırlar. Azərbaycan dünya dövlətləri üçün etibarlı tərəfdaşdır. Bu gün elə beynəlxalq siyasi, iqtisadi, humanitar layihə yoxdur ki, Azərbaycan dövləti ona öz töhfəsini verməsin. Hazırda dünya üçün böyük əhəmiyyətə malik olan iri-neft qaz layihələrində Azərbaycanın iştirakı mövcuddur. Şərqlə Qərbin qovuşduğu Azərbaycanla iqtisadi, siyasi, humanitar, idman və s. sahələrdə əməkdaşlıq edən dövlətlər ölkəmizə dərindən inanaraq bu addımları atırlar. Azərbaycanda sülh, əminamanlıq, tolerantlıq mühiti mövcuddur. Əsrlərdən bəri mövcud olan və hazırda da qorunan tolerantlıq, multikulturalizm kimi bəşəri dəyərlərin Azərbaycanda bərqərar olması dövlətimiz haqqında dünyada çox müsbət, işıqlı təsəvvürlər yaradır. Bunun nəticəsidir ki, Azərbaycan onlarla beynəlxalq tədbirə uğurla evsahibliyi edib. Özünə hərtərəfli inam qazanan dövlətimiz nəinki Cənubi Qafqazda, hətta bütün dünyada öz liderliyini qoruyub saxlaya bilir. Ermənistan isə təcrid bir vəziyyətdə qalıb. Daha doğrusu, həyata keçirdiyi terror, işğalçılıq aktları ilə bütün beynəlxalq layihələrdən təcrid olunub. Uzun illərdir Azərbaycan torpaqlarını işğal altında saxlayan Ermənistan cəmiyyətində əminamanlıqdan əsər-əlamət yoxdur. Hər gün terror təhlükəsi ilə üz-üzə qalan bir dövlətə beynəlxalq qurumlar necə etibar edə bilərlər? Hər gün bu dövlətdə mitinqlər, piketlər, mövcud hakimiyyət əleyhinə küçə yürüşləri keçirilir. Bu halda Ermənistanda beynəlxalq tədbirlər keçirilə bilməz. Öz vətəndaşlarının sosial rifahını təmin edə bilməyən, iqtisadi böhran keçirən, maddi cəhətdən boğulan Ermənistan hansısa bir beynəlxalq tədbirə evsahibliyi etmək iqtidarında deyil. Bu gün Ermənistan dünyada monoetnik bir dövlət kimi tanınır. Burada, demək olar ki, ermənilərdən başqa xalq yaşamır. Çarəsizlikdən Ermənistanda yaşayan yezidi kürdlər də disskriminasiya ilə üzləşiblər. Ermənistan hakimiyyəti zorla onları milli və dini kimlikdən məhrum edib. Hazırda yezidi kürdlərin milliyyəti “erməni”, inancları isə “Qriqoryan”dır. Bu artıq rəsmiləşmiş bir faktdır. Başqa xalqlara qarşı soyqırım, etnik təmizləmə siyasəti həyata keçirən Ermənistanda sülhün bərqərar olmasından, dincliyin və əminamanlığın təmin olunmasından söhbət belə gedə bilməz. Onunla müqayisədə Azərbaycan bölgədə sülhün, əminamanlığın mövcud olduğu bir dövlətdir. İndi özünüz deyin, beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün Azərbaycanda, yoxsa Ermənistanda münbit şərait var? Sözsüz ki, Azərbaycanda istənilən səviyyədə, miqyasda beynəlxalq tədbirlərin, toplantıların uğurla keçirilməsi üçün hər cür şərait mövcuddur, bundan sonra da olacaq”.
Kulturoloq Aydın Xan Əbilov da hesab edir ki, bu gün Ermənistanda beynəlxalq tədbirlərin keçirilməsi üçün heç bir münbit şərait yoxdur. A.X.Əbilov da bizimlə söhbətində Ermənistanın monoetnik dövlət olduğunu və burada multikulturalizm və tolerantlıq kimi mühitin olmadığını bildirdi. “Heç şübhəsiz ki, Ermənistan monoetnik dövlətdir. Hətta bu dövlətin monoetnik olması müxtəlif nüfuzlu xarici politoloqlar tərəfindən də dilə gətirilib. Deyim ki, Rusiya Liberal-Demokrat Partiyasının lideri Vladimir Jirinovski çıxışlarından birində “Ermənistan monoetnik ölkədir” fikrini bildirib. Bunu həmişə ermənilərə havadarlıq edən Rusiya təmsilçisi bildirir.
Bu gün Ermənistanda ermənilərdən başqa xalq yaşamır. Əgər burada başqa xalqların nümayəndələri varsa da, onlar da artlq “erməni”dirlər. Ermənistan bütün dünya üçün təhlükə saçır. Azərbaycan ərazilərini işğal edən, etnik təmizləmə aparan, soydaşlarımızı deportasiya edən Ermənistanın beynəlxalq aləmdə müsbət imici yoxdur. Ermənistanda beynəlxalq tədirlərin keçirilməsi mümkünsüzdür. Əvvəla burada bu tədbirlərin yüksək səviyyədə təşkil edilməsi, keçirilməsi üçün nə siyasi, nə iqtisadi, nə də digər baxımdan şərait yoxdur. İqtisadi çətinliklər içində boğulan, siyasi böhran yaşayan, üstəlik də işğalçı bir dövlət olan Ermənistan beynəlxalq tədbirlərə açıq deyil. Daha dəqiq desək, dünya dövlətləri və beynəlxalq təsisatlar Azərbaycana etdikləri qədər Ermənistana etibar etmirlər. Çünki Ermənistan hakimiyyətində və cəmiyyətində sabitlik yoxdur. Sabitlik olmayan yerdə isə hər addımbaşı təhlükə qaçılmazdır. Azərbaycanda indiyə qədər bir sıra siyasi, iqtisadi, humanitar və idman yarışları keçirilib. Bütün dünyanın diqqət mərkəzində olan ölkəmizdə bu tədbirlər çox yüksək səviyyədə, təhlükəsizlik şəraitində baş tutub. Azərbaycan istənilən beynəlxalq tədbiri keçirmək gücündədir və bunu dəfələrlə əyani şəkildə sübut edib. Ermənistan isə hələ bir beynəlxalq tədbir keçirməyib. Burada hansısa bir tədbir keçirilibsə, xaricdən pul qoparmağa xidmət edib. Ermənistan dünya dövlətlərinin və beynəlxalq qurumların inanmadığı, etibar etmədiyi bir dövlətdir” - deyə A.X.Əbilov bildirdi.
İradə SARIYEVA