Məhəmməd Əsədullazadə: “Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxmaqla bağlı səlahiyyəti olmayıb”
Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı danışıqlardan yayınmaq üçün müxtəlif bəhanələr uydurur. Gah separatçı qurumun danışıqlarda tərəf olmasını istəyir, gah da reallığa uyğun olmayan digər fikirlər səsləndirir.
Bu arada Nikol Paşinyan “Exo Moskva” radiostansiyasının baş redaktoru Aleksey Venediktova müsahibə verərək bildirib ki, Dağlıq Qarabağ heç vaxt müstəqil Azərbaycanın tərkibində olmayıb. Guya Sovetlər Birliyinin qanunlarına əsasən Azərbaycanın tərkibindən çıxıb. Halbuki, onun dedikləri tamamilə əsassızdır. Ona görə ki, muxtar qurumun belə bir addım atmaq səlahiyyəti yox idi. Sovet qanunlarına görə, heç kəs SSRİ-nin tərkibindən çıxmayıb. Sovetlər Birliyi süquta yetdi və sərhədlər sovet qanunlarına əsasən təyin edilməyib. Digər tərəfdən, belə bir beynəlxalq hüquqi prinsip var - inzibati sərhədlər dövlət süquta uğradıqdan əvvəl necə idisə, o cür də qəbul edilərək tanınır. Belə də oldu. Azərbaycan müstəqillik əldə etdikdə sonra sözügedən sərhədlər daxilində Birləşmiş Millətlər Təşkilatına daxil oldu.
Məhz həmin əsasda keçmiş Sovetlər Birliyinin respublikaları BMT-yə qəbul edilərək, beynəlxalq cəmiyyət tərəfindən tanınıb. Dağlıq Qarabağda qondarma referenduma gəldikdə isə, buna SSRİ-nin Ali Soveti tərəfindən səlahiyyət verilməli idi. Bunların heç biri olmayıb.
Bütün bu deyilənlərin fonunda, bəs siyasi ekspertlər bunu necə dəyərləndirirlər?
Məsələyə münasibət bildirən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Nikol Paşinyanın tarixdən xəbəri yoxdur: “Yaxud da öz mənfur erməni xisləti ilə tarixi saxtalaşdırmağa çalışır. Hazırda Dağlıq Qarabağla bağlı arxiv sənədləri həm Ermənistanda, həm də Rusiyada saxlanır. Xüsusən də bu sənədlər Azərbaycanda saxlanır. Yaxın keçmişdə olan bu hadisələr, demək olar ki, Qarabağın Azərbaycanın tərkib hissəsində olmasına dəlalət edib. İlk növbədə ermənilər 19 əsrdə Çar Rusiyasının dəstəyi və Qriboyedovun təşkilatçılığı ilə İrandan Qarabağ xanlığına köçürülüb. Hətta Rusiya öhdəlik də götürmüşdü ki, ermənilər 100 ildən sonra da burada ərazi iddiası irəli sürə bilməz. Cümhuriyyət dövründə Qarabağ Azərbaycanın hüdudlarına daxil olub. Ölkəmiz Rusiya tərəfindən işğal olunduqdan sonra, SSRİ tərkibinə qatıldıqda Azərbaycanın ərazi bütövlüyü tərkibində Qarabağda ermənilərə 1923-cü il iyulun 7-də muxtar vilayət statusu verildi. 1988-ci ildə Ermənistan və Azərbaycan SSR arasında Dağlıq Qarabağ münaqişəsinin başlanmasının ardından, bu münaqişə 1991-ci ilin sonuna tammiqyaslı müharibəyə çevrildi. 1988-ci il fevralın 20-də DQMV Xalq Deputatları Sovetinin XX çağırış növbədənkənar sessiyası “DQMV-nin Azərbaycan SSR tərkibindən Ermənistan SSR tərkibinə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetləri qarşısında vəsatət qaldırmaq barədə” qərar qəbul etdi. Bunun ardınca, 1989-cu ilin noyabr ayında SSRİ Ali Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin muxtariyyətinin ləğv edilib birbaşa Azərbaycan Sovet Sosialist Respublikasına qatılmasına dair qərar qəbul edib. Lakin 1989-cu il dekabr ayının 1-də Ermənistan Sovet Sosialist Respublikası Ali Soveti və Qarabağ Milli Şurasının birgə iclası həmin qərarı əsassız hesab edərək Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistanla birləşməsini açıqlayıb. 1991-ci il noyabrın 26-da Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə Dağlıq Qarabağ Muxtar Vilayəti inzibati ərazi vahidi ləğv olunub. Həmin gün müstəqil Azərbaycanın parlamentinin qərarı ilə həm 1923-cü il iyulun 7-də Azərbaycan Sovetləri Mərkəzi İcraiyyə Komitəsinin qəbul etdiyi dekret, həm də 1981-ci il iyunun 16-da Azərbaycan SSR Ali Sovetinin qəbul etdiyi "Dağlıq Qarabağ Muxtar Vilayəti haqqında" Qanun qüvvədən salınıb və onun ərazisi qonşu Xocavənd, Tərtər, Goranboy, Şuşa və Kəlbəcər inzibati rayonları arasında bölüşdürülüb. Göründüyü kimi, biz arxiv sənədlərə istinad edəndə Qarabağın heç vaxt Ermənistana aid olmadığını görürük. Bunu özləri də çox yaxşı bilirlər. 1991-ci ildən Rusiyanın hərbi dəstəyi ilə 20 faiz ərazilərimizi işğal etdilər. BMT qətnamələri, 1996-ci il Lissabon sammitində dövlətlərin birgə bəyanatı, Helsinki Yekun Aktında, NATO və Avropa İttifaqının bəyannamələrində Qarabağ Azərbaycanın tərkib hissəsi kimi tanınır. Paşinyanın bu iddiaları əsassızdır və müharibəni körükləməyə aparır. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxmaqla bağlı səlahiyyəti olmayıb”.
Vidadi ORDAHALLI