Azərbaycan Respublikası və Rusiya Federasiyası Xarici İşlər nazirlikləri arasında fəaliyyət proqramına uyğun olaraq Bakıda xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələr keçirilib.
Baki-xeber.com-un məlumatına görə, məsləhətləşmələrə Azərbaycan tərəfindən XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev, Rusiya tərəfindən XİN-in İnformasiya və mətbuat departamentinin direktoru Mariya Zaxarova rəhbərlik edib.
Görüşdə Azərbaycan və Rusiya arasında əlaqələrin strateji tərəfdaşlıq müstəvisində inkişafından məmnunluq ifadə olunub. Məsləhətləşmələr çərçivəsində kütləvi informasiya vasitələri və sosial şəbəkələrlə iş, rəqəmsal diplomatiya sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub və qarşılıqlı maraq doğuran sahələrdə təcrübə mübadiləsi aparılıb. Bu formatda məsləhətləşmələrin davam etdirilməsinin vacibliyi vurğulanıb.
Azərbaycan və Rusiya xarici siyasətin informasiya təminatı mövzusunda məsləhətləşmələri intensivləşdirmək barədə razılığa gəlib. “Trend”-in məlumatına görə, bunu Bakıda jurnalistlərə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova deyib.
M.Zaxarova qeyd edib: "Bizim Rusiya və Azərbaycan XİN-lərinin mətbuat xidmətlərinin xəttilə qarşılıqlı fəaliyyətimizin ənənəvi forması özünü göstərdi. Bu, informasiya problemlərinin mübadiləsidir, jurnalistlərin müdafiəsidir. Bu hər zaman rusiyalı jurnalistlərin Azərbaycanda və azərbaycanlı jurnalistlərin Rusiyada işinin səmərəli və konstruktiv olması üçün apardığımız işin inventarizasiyası ilə bağlı əla imkandır. Biz daha intensiv şəkildə fikir mübadiləsi aparmaq barədə razılığa gəldik".
Rusiya XİN rəsmisi antiazərbaycan kampaniyalar məsələsinə də toxunub: "Bununla bağlı nəsə etmək lazımdır. Rusiya və Azərbaycanın bu mənfi destruktiv tendensiyaya mane olmaq üçün iştirak etdikləri beynəlxalq təşkilatlar, xüsusi beynəlxalq orqanlar qismində bütün instrumentarilərimiz var".
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə bildirib ki, Azərbaycan və Rusiyanın xarici siyasət idarələri arasında fəaliyyət proqramı var: "Bu proqrama uyğun olaraq, iki ölkənin XİN-ləri arasında məsləhətləşmələr aparılır. Burada siyasi məsləhətləşmələr və konsul məsələləri üzrə məsləhətləşmələr mexanizmi var. Biz çox şadıq ki, informasiya məsələləri üzrə məsləhətləşmələr məhz Bakıda keçirilir. Bugünkü müzakirələr çox konstruktiv keçdi".
O bildirib ki, informasiya sahəsində aparılan məsləhətləşmələr konstruktiv və qarşılıqlı anlaşma şəraitində keçib: “Media ilə iş, sosial şəbəkələr, rəqəmsal diplomatiya sahələrində potensial əməkdaşlıq imkanlarını nəzərdən keçirdik”.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova isə qeyd edib ki, Rusiya jurnalistlərinin Azərbaycanda və əksinə, Azərbaycan media nümayəndələrinin Rusiyada fəaliyyətinin asanlaşdırılması üçün fikir mübadiləsi aparılıb və bu məsləhətləşmələri intensivləşdirmək barədə qərar qəbul olunub: “Bəzən anti-Azərbaycan kampaniyası aparılır və bununla nəsə etmək lazımdır. Azərbaycanın və Rusiyanın iştirak etdiyi beynəlxalq təşkilatlarda mənfi və destrukriv tendensiyaya qarşı mübarizə aparmaq üçün alətlər mövcuddur”.
Mariya Zaxarova deyib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında istənilən müsbət razılaşmanı alqışlayır.
M.Zaxarova qeyd edib: "Bu problemləri ekspertlər müzakirə edir. Biz informasiya məsələləri ilə məşğuluq".
O bildirib ki, Azərbaycan və Ermənistan arasında görüş müxtəlif səviyyələrdə keçirilir: "Biz hər iki tərəfin razılığa gəldiyi, konstruktiv keçirilən istənilən görüşü alqışlayırıq və ən əsası, əgər müsbət nəticələr əldə olunursa".
Xəbər xidməti