Elşən Əliyev: “İqtisadi cəhətdən heç bir perspektivi olmayan ölkəyə Ermənistandan didərgin düşən iş adamları gətirib bir daha sərmayə qoymazlar”
Rusiyada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan Sankt-Peterburq şəhərində erməni əsilli biznesmenlərlə görüşüb.
O bildirib ki, Ermənistanı inkişaf etdirmək üçün həmin iş adamları da yaxından iştirak edib ölkəyə sərmayə qoymalıdırlar: “Bizim üçün əsas prioritet sahə yüksək texnologiyalardır. Biz Ermənistanı yüksək texnologiyalar ölkəsinə çevirmək istəyirik. Bu gün günəşdən enerji istehsal edən panellərin istehsalı bizim diqqətimizi cəlb edir. Nəyin bahasına olursa-olsun, həmin zavodların tikintisinə nail olacağıq. İkinci prioritet sahə almaz sənayesidir. Bu vaxtilə Ermənistanda güclü inkişaf dövrünü yaşayıb. Sonrakı yerdə kənd təsərrüfatı durur. İstixanaların inkişafı ilə intensiv məhsul verən bağların yaradılmasını planlayırıq. Həmçinin, turizmin inkişafı üçün gözəl potensialımız mövcuddur”. Ermənistanın baş naziri bu təklifləri Rusiyada yaşayan iş adamlarının diqqətinə çatdırıb və deyilən sahələrə investisia qoymağı təklif edib.
Paşinyan deyib ki, ölkəyə göstərilən xeyriyyəçilikdənsə, gəlin pullarınızı iş qurmağa xərcləyin. Paşinyan iş adamlarına bu istiqamətdə heç bir maneə ilə rastlaşmayacaqlarını, əksinə, hər an dövlətin dəstəyini hiss edəcəklərini vəd edib. O, verdiyi vədlərlə istədiyi hədəfə çata biləcəkmi?
İqtisadçı Elşən Əliyevin sözlərinə görə, Ermənistan iqtisadiyyatının hansı ağır durumda olduğunu biz dəfələrlə təhlil etmişik: “Buna əmin olmaq üçün onların öz parlamentində olunan çıxışlara və rəsmi dövlət qurumlarının yaydıqları hesabatlara diqqət etmək kifayətdir. Paşinyan Ermənistanın iqtisadi xilası ilə bağlı yol xəritəsini kökündən yanlış qurub. Çünki Ermənistanı düşdüyü rəzil durumdan çıxarmaq üçün əvvəlcə siyasi addımlar atıb ölkəni düşdüyü blokadadan çıxarmaq lazımdır. Yalnız bundan sonra hansısa perspektivləri götür-qoy etmək olar. Həmin ölkə təbii sərvətlərlə zəngin olmadığı üçün, Paşinyan bütün alternativ sahələri təkliflə “bazara” çıxarır. Bundan əlavə, Ermənistanda stabillik də yoxdur ki, erməni iş adamları gəlib rahat şəkildə ölkəyə investisiya qoysunlar. Yaxşı olardı ki, Sankt-Peterburqda olan erməni iş adamları ilə Paşinyan bir az geniş söhbət edərdi. Onda məlum olacaqdı ki, onların hamısı Ermənistandakı rəzalətdən başlarını götürüb Rusiyaya qaçıblar. Hansısa kənddə istixana tikmək adı ilə onları yenidən potensialı olmayan ölkəyə gətirmək mümkünsüzdür. Almaz sənayesindən danışır. Orada heç bir sənaye olmayıb. Bütün respublikalarda olduğu kimi, yuvelir zavodu ola bilər. Yəqin ki, bu istiqaməti də Azərbaycanın işğal altında olan Kəlbəcər rayonundakı qızıl yataqları hesabına hərəkətə gətirmək istəyirlər. İstixanalarla məşğul olmaq üçün elə ən gözəl şərait Rusiyadadır. Ərazi genişdir, kəndlər demək olar ki, boşdur. Hesab edirəm ki, Ermənistan üçün daha əlverişli vəziyyət tranzit ölkə rolunu oynamaq olardı. Çünki regionda reallaşan bütün layihələrin məhz həmin ölkənin üzərindən reallaşması coğrafı və səmərəlilik baxımından daha optimal idi. Ancaq ölkənin yürütdüyü siyasət ucbatından onlar həmin layihələrə yaxın buraxılmır. Bu gedişlə yaxın gələcəkdə də buraxılmayacaqlar. Hesab edirəm ki, Paşinyanın bu təklifləri nəsə danışmaq xatirinə edib. İqtisadi cəhətdən heç bir perspektivi olmayan ölkəyə Ermənistandan didərgin düşən iş adamları gətirib bir daha sərmayə qoymazlar”.
Məhəmmədəli QƏRİBLİ