Hərb müstəvisində Azərbaycanın işğalçı Ermənistan üzərində gedərək artan üstünlüyünün Dağlıq Qarabağ münaqişəsinin gedişinə təsir göstərən mühüm faktorlardan olması danılmaz həqiqətdir. Bu amil erməni ekspert dairələrində, cəmiyyətində 2016-cı ilin aprel, cari ilin mayında Naxçıvanda məlum hərbi əməliyyatlardan sonra daha çox müzakirə predmetinə çevrilib.
Burada daha aydın görürlər ki, Azərbaycan hərbi cəhətdən düşməndən dəfələrlə böyük üstünlüyə malikdir. Məhz bu amil indi erməni hakimiyyətinə Qarabağ kartından əvvəlki kimi daxili siyasətdə spekulyasiyalar etməyə də imkan vermir. Əksinə, Azərbaycanın aldığı yeni silahlar erməni cəmiyyətində daha böyük təşviş yaradır. Bu hal Ermənistan daxilində hakimiyyətin Qarabağ siyasətindən narazılığa da yol açır. Bütün bunlardan ehtiyat edən İrəvan silahlanma məsələsində növbəti dəfə blef etməyə çalışsa da, özünü daha biabırçı vəziyyətə salıb.
Söhbət ondan gedir ki, Ermənistanın müdafiə naziri David Tonoyan Rusiyanın ayırdığı 200 milyon dollarlıq kredit razılaşması çərçivəsində yeni silahlar aldıqlarını bildirib. Amma Azərbaycan Müdafiə Nazirliyi növbəti dəfə düşməni bu məsələdə ifşa edib. Nazirlik bildirir ki, Ermənistan ordusundakı son korrupsiya qalmaqalı fonunda müdafiə naziri David Tonoyanın guya 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş silahların Rusiya tərəfindən Ermənistana tam tədarükünün başa çatdırılması barədə bəyanatı erməni əhalinin süni şəkildə ruhlandırılması cəhdindən başqa bir şey deyil. Qeyd olunur ki, bir müddət əvvəl erməni tərəfi 200 milyon dollarlıq kredit razılaşmasında nəzərdə tutulmuş Rusiya istehsalı olan silahların Ermənistana tədarükündə ciddi problemlərin olduğunu bildirmişdi: "Lakin qısa müddət keçdikdən sonra D.Tonoyan əvvəl deyilənlərə zidd olaraq vicdan əzabı çəkmədən belə, həyasızcasına bütün aləmə car çəkir ki, guya Rusiya Ermənistana silah tədarükünü tamamilə başa çatdırıb. O ki qaldı Ermənistana çatdırılan müasir, modernizə edilmiş silahlar arasında Rusiya ordusunun belə silahlanmasına verilməyən silahların olması barədə elə həmin Tonoyanın dediklərinə, bu, öz xalqını aldatmaqdan başqa bir şey deyil". Nazirlikdən deyilib ki, Ermənistan tərəfinin mütəmadi olaraq bu cür məlumatlar yayması ordularındakı son korrupsiya qalmaqalı fonunda erməni əhalinin süni şəkildə ruhlandırılması məqsədilə daxili auditoriyaya hesablanıb: "Bir müdafiə naziri kimi Tonoyan bilməli idi ki, Rusiya öz silahlı qüvvələrini hər hansı bir silah növü ilə tam təmin etmədən həmin silahı xarici ölkələrə tədarük etmir. Şübhəsiz ki, Ermənistanın müdafiə nazirinin fəxrlə bəhs etdiyi silahlar doğrudan da Rusiya ordusunun silahlanmasında yoxdur. Səbəb isə sadədir: həmin silahlar artıq köhnəlib və istifadəyə yararsızdır".
Ehtiyatda olan general-leytenant Yaşar Aydəmirov də məsələyə maraqlı rakursdan nəzər salır: “Rusiya Ermənistana 200 milyon dollarlıq silah satsa belə, bu, Azərbaycanın aldığı silahlarla müqayisə oluna bilməz”. O bildirib ki, Azərbaycan hər il 100 milyonlarla dollarlıq yeni silahlar alır: “İndi Ermənistan 200 milyonluq silah alsa nə edəcək? Sadəcə, Nikol Paşinyan Azərbaycan ordusunun möhtəşəm hərbi paradından sonra ölkə əhalisini sakitləşdirmək, arxayınlaşdırmaq üçün belə yollara əl atır”.
Y.Aydəmirov qeyd edib ki, Azərbaycan hər an düşmən üzərinə hücuma keçə bilər: “Azərbaycan ordusuna hər an torpaqlarımızı azad etməklə bağlı əmr verilə bilər. Biz buna hazırıq və qadirik. Bu baxımdan onların narahatlığına əsaslar var. Ermənistan 200 milyonluq silah alıb gətirsə də, bu heç nəyi dəyişməyəcək. Yəni bu silahları alsalar da, Azərbaycan ordusunun gücü qarşısında tab gətirə bilməyəcəklər. Onlar heç vaxt ordular arasında güc nisbətini bərabərləşdirə bilməyəcəklər. Rusiya dünyanın ən böyük silah ixracatçılarındadır. Kimin pulu varsa, ondan silah alır. Rusiya üçün fərq etmir. Azərbaycan isə Rusiya və digər dövlətlərdən istədiyi silahı alır”. Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan hərb sahəsində düşməni çox narahat edəcək daha bir addım atmağa hazırlaşır. Ölkəmiz Qarabağda tətbiqi çox effektiv olacaq yeni silahı yaxın tezlikdə silahlanmaya qəbul etməyi düşünür. Hərbi və təhlükəsizlik mövzuları üzrə ixtisaslaşmış “Jane's Defence Weekly” agentliyi bildirir ki, İsrailin “Aeronautics” şirkəti ilə imzalanmış memorandum Azərbaycan ordusunun arsenalını “Pegasus 120” multirotorlu pilotsuz hava sistemi ilə genişləndirməyə imkan verir.
Qeyd edək ki, “Aeronautics” şirkəti “Pegasus 120” multirotorlu pilotsuz aparatlarını ilk dəfə ötən il “Paris Airshow” sərgisində nümayiş etdirib. Bu il iyulun 11-də Azərbaycanın müdafiə sənayesi nazirinin müavini Yəhya Musayevlə “Aeronautics” şirkətinin icraçı direktoru Edid Yari arasında imzalanmış Memorandum “yeni tip pilotsuz aparatların” birgə istehsalını nəzərdə tutur. Anlaşma “Pegasus 120” pilotsuz sistemlərinin Azərbaycana təchizatına imkanlar açır. İsrailin “Azad Systems” şirkəti artıq Azərbaycanda “Orbiter 1K” zərbə pilotsuz aparatlarının birgə istehsalını həyata keçirir. “Pegasus 120” multirotorlu pilotsuz sistemləri isə 75 kiloqrama qədər faydalı yükü 10 kilometrə qədər məsafəyə daşımaq qabiliyyətindədir. Maksimal uçuş çəkisi 120 kiloqramdır. Aparat elektrik mühərrikləri ilə təchiz edildiyi üçün çox aşağı səs səviyyəsinə malikdir. Bu aparatı “Orbiter 2” və “Orbiter 3” pilosuz uçan aparatlarının yerüstü idarəetmə sistemi vasitəsilə idarə etmək mümkündür. “Aeronautics” şirkətinin marketinq və satışlar üzrə baş direktoru Dani Eşxar aparatın təqdimetmə mərasimində bildirib ki, “Pegasus 120” xüsusən dağlıq bölgələrdə münaqişələr zamanı çox faydalı olacaq: “Biz başa düşürük ki, regionumuzdakı münaqişələrə görə bəzən qüvvələr sərhədlərdən xaricdə yerləşə və yollar çox çətin ola bilər. Bu həm təbii səbəblərlə-meşələr və dağlarla, həm düşmən təhdidləri, yolların minalanmasından irəli gəlir. Belə vəziyyətdə həmin qüvvələri havadan təchiz etmək lazım gəlir. Siz bu aparatın köməyi ilə qüvvələri su, yanacaq, ərzaq, təchizat predmetləri, dərman, döyüş sursatları, yəni lazım olan hər şeylə təchiz edə bilərsiniz”. Eşçar deyib ki, bölmələrin havadan vertolyotla təchiz edilməsi bəzi hallarda çox riskli olur. Bu zaman həm texnika, həm heyət üzvləri təhlükədə qala bilər. Pilotsuz uçan aparatlar isə dəyəri ucuz olduğuna və insan həyatını riskə atmadığına görə döyüş əməliyyatları zonasında böyük fayda gətirəcək. Həqiqətən Qarabağda potensial hərbi əməliyyatlar teatrındakı coğrafi vəziyyəti nəzərə alanda “Pegasus 120” pilotsuz sistemləri Azərbaycan ordusu üçün çox faydalı ola bilər. Bu aparatla həm qış aylarında yüksək dağlıq ərazilərdə yerləşən bölmələrin təchizatını asanlaşdırmaq, həm döyüş əməliyyatları zamanı bölmələrə təchizat dəstəyi vermək mümkündür. Belə vəziyyət Azərbaycana əlavə böyük üstünlüklər qazandırır.
Məsələnin bu tərəfinə nəzər salan Beynəlxalq Böhran Qrupu isə bildirir ki, Ermənistan üçün ən məqbul variant hərbi cəhətdən kifayət qədər güclü Azərbaycanla Qarabağ məsələsini danışıqlar stolu arxasında çözməkdir. Bu, Nikol Paşinyan iqtidarı üçün əla varinat sayılır. Amma son hesabatında qurum Ermənistandakı hakimiyyət dəyişikliyinin Dağlıq Qarabağ münaqişəsi ətrafındakı duruma qeyri-müəyyənlik gətirdiyini qeyd edir: “Ölkəni on il müddətinə prezident kimi idarə edəndən sonra baş nazir postuna seçilmiş Serj Sarkisyan apreldə küçə etirazları nəticəsində vəzifədən getməli oldu, onun yerinə etirazların lideri Nikol Paşinyan seçildi. Ölkəiçi məsələlərə başı qarışmış yeni hökumətin Azərbaycanla 30 ilik münaqişənin həlli yönündə hansısa böyük addım atacağı, yaxud Ermənistanın münaqişəylə bağlı çoxdankı mövqeyinə yenidən baxacağı gözlənilmir. Münaqişənin həlli üzrə hər hansı irəliləyişin olmaması isə onun qızışmasına yol aça bilər, yəni durum getdikcə Azərbaycanı daha da dilxor edə və güc yolu ilə ərazilərini geri qaytarmaq arzusunu gücləndirə bilər”. Qurum vurğulayır ki, prioritet münaqişənin güclənməsi risklərinin azaldılması olmalıdır. Belə ki, 2012-ci ildən konflikt zonasında artan insidentər sülh danışıqlarına ümidləri sürətlə darmadağın edə bilər: “Liderlərə daha çox birbaşa kommunikasiya kanalları lazımdır. Onlar görüşləri bərpa etməlidirlər, 2017-ci ilin oktyabrından liderlər görüşməyib. İki ölkənin xarici işlər nazirləri isə iyulda bir araya gəldilər… Avropa İttifaqı (Aİ) uzun müddətdir Dağlıq Qarabağa danışıqlarında rolunu genişləndirmək istəyir. Ermənistandakı hakimiyyət dəyişikliyinin yaratdığı qeyri-müəyyənlik bundan ötrü bəzi imkanlar aça bilər”. İmkanlar sırasında Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi elçisinin danışıqlara cəlbi, ölkələr arasında kommunikasiya kanallarının yaradılmasına kömək göstərməsi sadalanır: “Aİ və digər beynəlxalq oyunçular əlavə maliyyə dəstəyini nəzərdən keçirə bilər. Maliyyə BMT və Beynəlxalq Qırmızı Xaç Komitəsinin münaqişənin potensial qızışmasının humanitar fəsadlarını aradan qaldırmaq səylərinə ayrıla bilər”. Beynəlxalq Böhran Qrupu qeyd edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağ siyasəti məhduddur. O, son 20 ildə müharibədə şəxsi rolu olmayan ilk liderdir, baxmayaraq ki, Ermənistanın Tavuş rayonunda anadan olub. Azərbaycanın şərq sərhədində yerləşən bu region konflikt ucbatından ciddi iqtisadi geriləmə yaşayıb. Ancaq Paşinyanın baş nazir postunda olduğu ilk həftələrdə Dağlıq Qarabağın de-fakto rəhbərliyi ilə inam yaratmağa çalışdığı vurğulanır: “Axı, onlar Sarkisyana sadiq idilər. Di gəl, Paşinyanın Qarabağın sülh prosesində iştirakının gücləndirilməsi çağırışları Bakıda xoş qarşılanmayıb. Rəsmi Bakı da Qarabağdan didərgin salınmış azərbaycanlıların prosesdə iştirakında təkid edir”. O da qeyd olunur ki, Azərbaycan və Ermənistanın yeni rəhbərliyi danışıqları bərpa edərək kompromis həll yolu tapmalıdır. Bu, vasitəçilərdən də davamlı səylər tələb edəcək. Burada da Aİ-nin vacib rol oynaya biləcəyi vurğulanır. Əks təqdirdə Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həlli qaçılmaz sayılır ki, bundan da uduzan tərəfin Ermənistan olacağı heç düşmən ölkənin özündə belə şübhə doğurmur.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.