Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov türkiyəli həmkarı Mövlud Çavuşoğlunun Azərbaycana rəsmi səfəri çərçivəsində onunla təkbətək və nümayəndələr heyətlərinin iştirakı ilə görüşlər keçirib.
Baki-xeber.com xəbər verir ki, nazirlər iki qardaş ölkə arasında bərqərar olunmuş strateji münasibətlərin və ənənəvi dostluğun yüksələn xətlə irəlilədiyini məmnuniyyətlə qeyd ediblər.
Bu mənada tərəflər Azərbaycan və Türkiyədə keçirilmiş prezident seçkilərində inamlı qələbə qazanan Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın ilk səfərlərini müvafiq olaraq məhz Ankara və Bakıya etmələrinin Azərbaycan-Türkiyə qardaşlığının bariz nümunəsini olduğunu vurğulayıblar.
Nazirlər Azərbaycan ilə Türkiyə arasında dövlət başçıları səviyyəsində fəaliyyət göstərən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının xüsusi əhəmiyyətini qeyd edərək Şuranın 31 oktyabr 2017-ci il tarixində Bakıda və 25 aprel 2018-ci il tarixində Ankarada keçirilmiş iclaslarının ölkələrimiz arasında strateji müttəfiqlik münasibətlərinin inkişafında başlıca rol oynayan amillər kimi səciyyələndiriblər.
Azərbaycan ilə Türkiyə arasında durmadan inkişaf edən əməkdaşlığın iki ölkə ilə bərabər bütün bölgənin tərəqqisinə, sülhə və sabitliyə xidmət etdiyini qeyd edən nazirlər artıq fəaliyyətə başlamış Bakı-Tbilisi-Qars, Cənub Qaz Dəhlizi və TANAP layihələrinin əhəmiyyətinə toxunublar.
Tərəflər ölkələrimiz arasındakı ikitərəfli əlaqələri tamamlayan Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkmənistan-Türkiyə, Azərbaycan-Pakistan-Türkiyə kimi üçtərəfli əməkdaşlıq formatlarının praktiki vacibliyini qeyd ediblər.
Nazirlər Ermənistanın Azərbaycana qarşı davam edən hərbi təcavüz və işğalının regional sülh və təhlükəsizlik üçün ciddi təhlükə olduğunu vurğulayıblar. M.Çavuşoğlu Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Türkiyənin mövqeyini bir daha vurğulayaraq münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində həll edilməli olduğunu diqqətə çatdırıb.
Aparılan fikir mübadiləsi zamanı Azərbaycan və Türkiyənin müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən məmnunluq bildirildi və bu istiqamətdə birgə səylərin davam etdirilməsinə razılıq ifadə edilib.
Görüş əsnasında ikitərəfli və çoxtərəfli gündəliyə aid məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Mövlud Çavuşoğlu mətbuat konfransında deyib ki, Azərbaycan və Türkiyə regionda birgə iri layihələr həyata keçirir: “Bildiyiniz kimi, Bakı-Tbilisi-Qars layihəsi həyata keçirildi və bu gün bir çox ölkələr bu layihəyə qoşulmaq istəyir”.
M.Çavuşoğlu vurğulayıb ki, Azərbaycan və Türkiyə qardaş ölkələrdir: “Qarşıda görüləcək işlərimiz çoxdur. Beynəlxalq təşkilatlarda da fəaliyyətimizi gücləndirməyi nəzərdə tuturuq. Beynəlxalq təşkilatlarda irqçilik, ayrıseçkilik daha çox özünü büruzə verir. Bu baxımdan Azərbaycan və Türkiyə beynəlxalq təşkilatlarda birgə fəaliyyəti gücləndirəcək”.
Elmar Məmmədyarov Ermənistanın yüksək səviyyəli görüş üçün vaxt istədiyini deyib. O deyib ki, “Nazirlərin növbəti görüşü planlaşdırılır. Vaxt lazımdır ki, həmsədrlər hər şeyi dərindən öyrənsin. Amma artıq razılığa gəlmişik ki, sentyabrda növbəti görüş olsun... Təklif var idi ki, BMT Baş Assambleyasının iclası çərçivəsində ya da ondan əvvəl görüş olsun. Azərbaycan adından hazır olduğumuzu bildirdim və dedim ki, nəticəli danışıqlar olsun. O ki qaldı yüksək səviyyəli - baş nazir və prezidentin görüşünə, Ermənistan tərəfi vaxt istəyib”, - deyə o vurğulayıb.
Çavuşoğlu deyib ki, Türkiyə parlamentinin sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar seçkilərdən sonra ilk səfərini Azərbaycana edəcək. O bildirib ki, Azərbaycanda özünü hər zaman evindəki kimi hiss edir: “Biz qardaşıq, bir millət, iki dövlətik. Bir ənənəmiz var, hər seçkidən sonra ilk səfərlər Azərbaycana və ya Türkiyəyə olur. Parlament sədri Binəli Yıldırım və müdafiə naziri Hulusi Akar da ilk səfərini Azərbaycana edəcək"
Nazir qeyd edib ki, Azərbaycan və Türkiyə regionda mühüm rola malikdir və birgə iri layihələr həyata keçirir.
Çavuşoğlu FETÖ ilə bağlı tədbirlərə də toxunub.
Nazir bildirib ki, FETÖ terror təşkilatı maliyyələşdirdiyi məktəblər vasitəsilə ölkələrə sızmağa çalışır: "Bəzi ölkələr bu məsələdə gecikib və FETÖ həmin ölkələrə nüfuz edib. Lakin Azərbaycan zamanında tədbirlər gördü. Biz bundan sonra da FETÖ-yə qarşı mübarizədə Azərbaycana dəstək göstərəcəyik".
O qeyd edib ki, Azərbaycan FETÖ-yə qarşı mübarizədə Türkiyənin yanında olan birinci ölkədir.
Çavuşoğlu Türkiyənin ABŞ-ın tələblərinə tabe olmağa və İrana qarşı sanksiyalara qoşulmağa məcbur olmadığını da deyib. Nazir qeyd edib ki, Türkiyə əvvəllər də İrana qarşı sanksiyalara qoşulmayıb.
M.Çavuşoğlu həmçinin qeyd edib ki, İran və Türkiyə arasında sıx münasibətlər mövcuddur.
Türkiyəli nazir əlavə edib ki, ABŞ hətta "FETÖ" terror təşkilatının lideri Fətullah Güləni ekstradisiya etsə də, Ankara İrana qarşı sanksiyalara qoşulmayacaq.
Çavuşoğlu deyib ki, erməni naziri təbrik etmək Türkiyənin mövqeyində hər hansı dəyişiklik demək deyil.
M.Çavuşoğlu bildirib: "Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanı AŞ PA-da işləyən zaman tanımışam. Onu nazir seçilməsi münasibətilə təbrik etməyimə gəlincə, bu dəfə NATO sammiti çərçivəsində Brüsseldə ayaqüstü görüşdük və salamlaşan zaman onu elə ayaqüstü təbrik etdim. Bu qədər. İndi ermənilər bunu qabartmağa çalışır. Sadəcə ayaqüstü təbrik etmişəm, bu o demək deyil ki, Türkiyənin mövqeyndə hər hansı dəyişiklik ola bilər".
Nazir vurğulayıb ki, Türkiyə Dağlıq Qarabağ məsələsində hər zaman Azərbaycanın yanındadır: "Azərbaycanın verdiyi hər bir qərarı dəstəkləyirik".