Vüqar Rəhimzadə: “İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıq qurulub”
Prezident İlham Əliyevin fransalı həmkarı Emmanuel Makronun dəvəti ilə 19-20 iyul tarixlərində Parisdə keçirdiyi görüşlər hələ də diqqət mərkəzindədir. Ölkə başçısı səfər zamanı Fransanın 11 şirkətinin nümayəndələri ilə əhəmiyyətli görüşlər keçirib.
Bundan əlavə, Azərbaycan və Fransa prezidentlərinin görüşü yüksək səviyyədə baş tutub. Danışıqlarda ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, ekologiya, nəqliyyat, təhlükəsizlik, mədəni və digər sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Bu səfər dünyanın nüfuzlu media qurumlarının və siyasi mərkəzlərinin də diqqət mərkəzindədir. Bir sıra tanınmış beynəlxalq ekspertlər səfərin mahiyyətini və gələcək perspektivlərini yüksək qiymətləndirirlər. Qlobal siyasət və Transatlantik münasibətlər üzrə amerikalı ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunlarını şərh edərkən deyib: “Fransa hökuməti və şirkətləri üçün Azərbaycan kimi müxtəlif sahələrdə, xüsusilə iqtisadi əməkdaşlıq və mədəni diplomatiya sahələrində əvəzolunmaz müttəfiq və ticarət tərəfdaşına malik olmaq strateji baxımdan vacibdir”.
P.Teys əlavə edib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında iqtisadi, ticari, siyasi və mədəni əməkdaşlığı daha da möhkəmləndirdi. İlham Əliyevin Fransa səfərinə beynəlxalq miqyasda da yüksək marağın olması nə ilə bağlıdır?
“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan hər zaman Avropa İttifaqı ilə münasibətlərə xüsusi önəm verib: “İstər Avropa İttifaqı, istərsə də quruma üzv olan ölkələrlə ayrı-ayrılıqda qarşılıqlı faydalı əməkdaşlıqlar qurulub, müxtəlif sahələri əhatə edən münasibətlər daha da dərinləşdirilib. Bu mənada, Fransanı xüsusi olaraq vurğulamaq lazımdır. Bu günlərdə möhtərəm Prezidentimiz İlham Əliyevin Fransaya səfərini Azərbaycan-Fransa, ümumilikdə, Azərbaycan-Avropa İttifaqı əlaqələrinin daha da genişlənməsi və möhkəmlənməsində mühüm amil kimi vurğulamaq lazımdır”.
Vüqar Rəhimzadənin sözlərinə görə, sözügedən səfər siyasi, iqtisadi, eləcə də digər sahələrdə mühüm razılaşmaların, müzakirələrin əhəmiyyəti ilə yadda qaldı: “Bu gün Azərbaycan-Fransa münasibətləri yüksək səviyyədədir. Avropa İttifaqı ölkələri, o cümlədən Fransa Azərbaycanla geniş iqtisadi əlaqələrə malikdir. Ölkələrimiz arasında uzun illərə söykənən dayanıqlı ticari münasibətlər mövcuddur. Cənab Prezidentimizin Fransaya səfəri zamanı yalnız Fransanın deyil, Avropa və bütövlükdə dünyanın aparıcı iqtisadi qurumlarından şirkətlərin rəhbərlərilə görüş nəticəsində 2,3 milyard dollarlıq anlaşmalar imzalanıb. Hesab edirəm ki, bu mühüm razılaşmalar Azərbaycan və Fransa iqtisadiyyatlarının daha da inkişaf etməsinə müsbət təsir edəcək, ölkələrimiz arasındakı əməkdaşlığı möhkəmləndirəcək. ATƏT-in Minsk Qrupunun həmsədri olan Fransa rəhbərliyinin ölkəmizə və cənab Prezidentimizə olan səmimi, yüksək səviyyəli münasibəti Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq norma və prinsipləri çərçivəsində, ədalətli həllində mühüm amil kimi qiymətləndirilə bilər. Hesab edirəm ki, sadaladığım bütün bu mühüm amillər ölkə başçımızın Fransaya etdiyi səfərə, orada keçirdiyi görüşlərə və əldə etdiyi nəticələrə beynəlxalq marağı artırmış olur”.
Məhəmmədəli QƏRİBLİ