Vüqar Bayramov: “Beynəlxalq məhkəmənin, beynəlxalq hüququn verdiyi imkanlar daxilində buna qarşı mübarizənin aparılmasına ehtiyac var”
Xarici İşlər Nazirliyi Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev jurnalistlərin diqqətinə çatdırıb ki, ermənilərin nəzarətində olan Azərbaycan ərazilərində narkotik, qanunsuz silah ticarəti və qanunsuz iqtisadi fəaliyyətlə məşğul olurlar.
O bununla bağlı açıqlamasında bir sıra məqamlara toxunub: “Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva MDB dövlətləri Daxili İşlər Nazirləri Şurasının üzvlərini qəbul edərkən əhatəli və əsaslı şəkildə ölkəmizin işğal olunmuş ərazilərində qanunsuz iqtisadi əməlləri qeyd edib. Xarici İşlər Nazirliyi tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər əməllər haqqında hesabat və “Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətlərlə bağlı üçüncü tərəflərin məsuliyyətinə dair hüquqi rəy” kimi fundamental sənədlər hazırlanıb”.
XİN rəsmisi onu da qeyd edib ki, hazırlanmış sənədlərdə Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətləri işğal olunmuş ərazilərdə məskunlaşmanın aparılması, Azərbaycanın təbii sərvətlərinin istismarı və ticarəti, iqtisadi və maliyyə fəaliyyətləri, infrastruktur dəyişikliklər və telekommunikasiya şəbəkəsinin istismarı, işğal edilmiş ərazilərin mədəni xarakteri və irsinin dəyişdirilməsi, işğal edilmiş ərazilərin turizm məkanı kimi təşviq edilməsi, qanunsuz səfərlərin təşkili və digər fəaliyyətlər kimi istiqamətlər üzrə təsnif edilir.
Bütün bu deyilənlərlə yanaşı, Ermənistanın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi fəaliyyət formaları hansılardır? Ümumən, bu hansı formalarda özünü göstərir?
Məsələyə münasibət bildirən iqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə, bu, müxtəlif formalarda özünü göstərir: “Ermənistan işğal etdiyi ərazilərdə qanunsuz iqtisadi fəaliyyətini davam etdirir. Nəzərə almaq lazımdır ki, həmin ərazilərdə kifayət qədər böyük təbii yataqlar var. Həmin yataqlarda yerləşən təbii ehtiyatlardan istifadə olunur. Eyni zamanda, Ermənistan Azərbaycanın qızıl yataqlarını vəhşicəsinə istismar edir. Nəticədə bir tərəfdən təbii yataqlarımızdan istifadə olunması, digər tərəfdən həm mineral, həm də digər yataqların istismarı ekologiyaya ciddi ziyan vurur. Bütün bunlar Ermənistanın qanunsuz olaraq məhz Azərbaycan sərvətlərindən istifadə etməsinə gətirib çıxarır. Digər tərəfdən, işğal olunmuş ərazilərdə infrastrukturun dağıdılması özünü daha çox göstərir. Xüsusən də Dağlıq Qarabağ ətrafındakı rayonlarda bu özünü daha qabarıq göstərir. Faktiki olaraq həmin ərazilərdə infrastruktur tamamilə məhv edilib. Ona görə də beynəlxalq məhkəmənin, beynəlxalq hüququn verdiyi imkanlar daxilində buna qarşı mübarizənin aparılmasına ehtiyac var. Birmənalı şəkildə Azərbaycan beynəlxalq hüquqdan istifadə etməlidir. İşğal olunmuş ərazilərdə ermənilərin məhz bu tip qanunsuz fəaliyyətlərinin qarşısı alınmalıdır. Mümkün olan qədər sözügedən məsələni beynəlxalq müstəviyə çıxarmaq lazımdır”.
Vidadi ORDAHALLI