Məhəmməd Əsədullazadə: “İki ölkənin siyasi-mədəni əlaqələri artıq hərbi əməkdaşlığı da əhatə edəcək”
“Azərbaycan əvəzolunmaz müttəfiq kimi Fransa üçün mühüm əhəmiyyət kəsb edir”. Xəbər verildiyi kimi, bunu Transatlantik münasibətlər və qlobal siyasət üzrə amerikalı ekspert Piter Teys Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya səfərinin yekunlarını şərh edərkən deyib.
Onun sözlərinə görə, Fransa hökuməti və şirkətləri üçün Azərbaycan kimi müxtəlif sahələrdə, xüsusilə iqtisadi əməkdaşlıq və mədəni diplomatiya sahələrində əvəzolunmaz müttəfiq və ticarət tərəfdaşına malik olmaq strateji baxımdan vacibdir.
P.Teys qeyd edib ki, Prezident İlham Əliyevin Fransaya səfəri iki ölkə arasında iqtisadi, ticari, siyasi və mədəni əməkdaşlığı daha da möhkəmləndirdi. Onun sözlərinə görə, "Airbus" şirkəti ilə ikitərəfli əməkdaşlığın möhkəmlənməsi Azərbaycana informasiya şəbəkələrinin kiberhücumlardan mühafizəsi ilə məşğul olan aparıcı ölkələrdən biri olmasına imkan verəcək.
Onun fikrincə, Fransa şirkətləri ilə iri ticarət müqavilələrinin bağlanması ölkə iqtisadiyyatının daha da inkişaf etməsinə və Azərbaycan xalqının rifahının yüksəldilməsinə gətirib çıxaracaq. Ekspert Azərbaycanın Fransanın əsas iqtisadi tərəfdaşı olmaqla yanaşı, iki ölkə arasında elm, ticarət, mədəniyyət sahələrində də ikitərəfli əməkdaşlığın yüksək səviyyəyə çatdığını vurğulayıb.
O xüsusi olaraq qeyd edib ki, Azərbaycanın Parisdəki Səfirliyi Azərbaycan-Fransa əməkdaşlığı və dialoqunun möhkəmləndirilməsi istiqamətində böyük işlər aparıb.
Bütün bunlarla yanaşı, Teys “Azərbaycan əvəzolunmaz müttəfiq kimi Fransa üçün mühüm əhəmiyyət kəsb edir” deyərkən nə nəzərdə tutur?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Azərbaycanla Fransa arasında siyasi-iqtisadi əməkdaşlıq iki ölkənin ortaq maraqları fonunda yüksək səviyyədədir: “Bu gün Fransa Avropanın siyasi mərkəzi olaraq, qlobal dünyada mühüm siyasi yeri olan ölkədir. Qeyd edim ki, bu ölkə Minsk Qrupunun həmsədri olaraq Qarabağ münaqişəsinin həlli istiqamətində 20 ilə yaxındır əsas vasitəçi ölkədir. Bu, rəsmi Parislə Bakı arasında etimad mühitinin formalaşmasına əyani sübutdur. Azərbaycanda prezident seçkilərindən sonra yeni prezidentin ilk səfərlərindən biri məhz Fransaya olur. Bu ölkə enerji, kənd təsərrüfatı və mədəni istiqamətlərdə ölkəmizlə sıx əməkdaşlıq edir. Hesab edirəm ki, Cənubi Qafqazda Fransa ilə sıx siyasi-iqtisadi əməkdaşlıq edən ölkə məhz Azərbaycandır. Digər iki respublikanın Fransa ilə sıx əməkdaşlıq edəcək hər hansı bir sahəsi yoxdur. Bu gün Fransanın ölkəmizdə şirkətləri iki ölkə arasında əməkdaşlığın dərinləşməsinə öz töhfəsini verirlər. Prezident İlham Əliyevin Fransaya səfərində hesab edirəm ki, təkcə iqtisadi-siyasi deyil, həm də hərbi əməkdaşlıq haqqında müzakirələr olub. Fransa ölkəmizlə silah ticarətində maraqlıdır. Fransanın ölkəmizlə yüksək səviyyədə əməkdaşlığı qlobal təhlükəsizliyə xidmət edir. Bu gün Fransanın Mərkəzi Asiya və Xəzər regionuna çıxışı məhz Azərbaycan vasitəsilə həyata keçir. Qeyd edim ki, Fransa Azərbaycanın neft-qaz sahəsində əməkdaşlıq edir. Avropanın enerji şaxələndirilməsində Azərbaycanın önəmi bu gün Fransa üçün strateji əhəmiyyət kəsb edir. Rəsmi Paris çox yaxşı anlayır ki, regionun açarı olan Azərbaycan daim Fransa üçün strateji partnyordur. Ona görə də Minsk Qrupu çərçivəsində Fransa bundan sonra erməni lobbisinin səylərinə baxmayaraq, öz ədalətli mövqeyini ortaya qoyacaq. Azərbaycanın önəmini başa düşən Fransa rəhbərliyi artıq ölkəmizə qarşı silah ticarətinə embarqonu aradan götürür. İki ölkənin siyasi-mədəni əlaqələri artıq hərbi əməkdaşlığı da əhatə edəcək”.
Vidadi ORDAHALLI