Elşən Mustafayev: “Putinin zəngi və danışığın gərgin keçməsi sırf bu məsələ ilə bağlıdır”
Rusiya Prezidenti Vladimir Putin Ermənistan baş naziri Nikol Paşinyana zəng edib və onlar arasında telefon danışığı olub. Baş tutan təmasla bağlı fərqli informasiyalar yayılır. Kremlin mətbuat xidməti ilə, Paşinyan administrasiyasının yaydığı xəbərlər arasında uyğunsuzluq hiss edilir. Ümumən bildirilir ki, dövlət başçıları ikitərəfli əlaqələri müzakirə ediblər.
"Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında telefon danışığı baş tutub. Avrasiya İqtisadi Birliyi və ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb", - deyə məlumatda bildirilir.
Diplomatik mənbələr isə tərəflərin Panik kəndində rus hərbçilərinin hərbi təlim keçirməsindən sonra yaranan qalmaqalı müzakirə etdiyini və danışığın olduqca gərgin atmosferdə keçdiyini bildirirlər.
Putinin indiki məqamda Paşinyana telefon açması hansı zərurətdən irəli gələ bilər?
Milli İstiqlal Partiyasının funksioneri Elşən Mustafayevin sözlərinə görə, baş vermiş təmasla bağlı fərqli informasiyaların təqdimatı danışığın gərgin məcrada keçdiyinə sübutdur: “Diqqətçəkən məsələ məhz Putinin Paşinyana zəng vurmasıdır. Deməli, ona hansısa iradı bildirmək maqamı yetişdiyi üçün Putin bu addımı atmaq məcburiyyətində qalıb. Rəsmən bildirilir ki, Avrasiya İqtisadi Birliyi və ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Ermənistanla Avrasiya Birliyi ətrafında müzakirə aparmağa Rusiya heç bir lüzum görmür. Çünki Ermənistan öz istəyi ilə ora üzv olub. Necə deyərlər, qovsalar da oradan çıxan deyil. Hesab edirəm ki, Putinin Paşinyana şəxsən zəng etməsi ikincinin hakimiyyətə gələndən sonra atdığı addımlardan doğan reaksiya ilə bağlıdır. Rusiya bir müddət onu müşahidə etdi. Görür ki, Paşinyan onların dəstəyi ilə müharibədəki status-kvonu qoruyub saxlamağın fonunda nisbətən müstəqil siyasət yürütmək istəyir. Xüsusən də NATO ilə bağlı çabalar Rusiyanın heç xoşuna gəlmir. Ancaq hesab edirəm ki, son telefon təmasına səbəb olan başlıca məsələ rus qoşunları ilə bağlı Ermənistanda yaşananlardır. Panik kəndində rus hərbçiləri ilə baş verən insidentdən sonra Ermənistanda rus qoşunlarının ölkədən çıxarılması məsələsi gündəmə gəldi. Hətta rəsmi şəxslər tərəfindən belə bəyan edildi ki, bu addımın atılmasına zərurət var. Təbii ki, bu ab-hava Rusiyanın ürəyincə deyil. Onlar bu qənaətə gəliblər ki, Paşinyana yerini göstərməyin zamanı yetişib. Putinin zəngi və danışığın gərgin keçməsi sırf bu məsələ ilə bağlıdır”.
Məhəmmədəli QƏRİBLİ