Ermənistanda yeni hakimiyyətin Rusiyaya qarşı getdikcə daha açıq mövqe sərgiləməsi Moskva ilə İrəvan arasında münasibətləri indi daha sürətlə gərginləşdirir. Belə görünür ki, Ermənistan Rusiyanın orbitindən çıxmaqda qərarlıdır. Bunu Ermənistanın müdafiə naziri David Tonoyanın yeni açıqlaması da təsdiq edir. Tonoyanın dediklərindən belə bəlli olur ki, Ermənistan Rusiya ilə hərbi müstəvidə əlaqələri yenidən nəzərdən keçirməyi düşünür.
O bildirir ki, Rusiya Federasiyasının Ermənistandakı sərhəd qoşunlarının statusu təkrar gözdən keçiriləcək: “Bunlar daşdan yonulmuş sənədlər deyil və vaxt ötdükcə problemlər yaranır ki, hüquqi və müqavilə dəyişiklikləri tələb edir. Və bu, əlbəttə, ediləcək”.Tonoyan Rusiyanın Ermənistandakı sərhəd qoşunlarının statusuna konkret nə kimi dəyişikliklərin ediləcəyini dəqiqləşdirməyib. Amma izah edib ki, Şirak əyalətinin Panik kəndində Rusiya hərbi qulluqçularının iştirakı ilə bu yaxınlarda baş verən hadisə dəyişiklikləri sürətləndirə bilər.
Xatırladaq ki, ötən həftə Rusiyanın Gümrüdə dislokasiya olunmuş 102-ci hərbi bazasının hərbçiləri texnika və canlı qüvvə ilə Şirak bölgəsinin Panik kəndinə daxil olaraq, orada atəş açıb, qumbara atıb və digər hərbi hazırlıq əməliyyatları keçiriblər. Bu, yerli əhali arasında ciddi təşvişə səbəb olub və narazılıq doğurub.
Rusiyanın “Kommersant” qəzeti qeyd edir ki, Moskvanın Ermənistandakı sərhəd qoşunlarının statusuna yenidən baxılması haqda David Tonoyanın bəyanatı bu ölkənin müstəqilliyinin ilk illərindən bəri respublikada olan Rusiya hərbçilərinin ünvanına səslənən ən sərt fikirdir. Hesab edilir ki, Rusiyanın sərhəd qoşunlarının statusu haqqında müqaviləyə dəyişikliklərin edilməsinə cəhd Moskvanın nəinki daha sərt mesajlarını, hətta konkret cavab addımlarını özü ilə gətirə bilər. Qeyd edək ki, Türkiyə və İranla Ermənistanın dövlət sərhədinin mühafizəsi sistemi SSRİ vaxtlarından qalıb. Rus sərhədçilərinin Türkiyə və İran sərhədində xidməti 1992-ci ildə Rusiyanın sərhəd qoşunlarının statusu haqqında dövlətlərarası müqavilə ilə tənzimlənir. Ermənistanda Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd idarəsinin 4 sərhəd dəstəsi - Gümrü, Armavir, Artaşat və Mehri, həmçinin “Zvartnos” İrəvan beynəlxalq aeroportunda ayrı nəzarət-buraxılış məntəqəsi fəaliyyət göstərir. Ermənistanda Rusiya sərhədçilərinin saxlanması bərabər şəkildə iki dövlətin hökumətləri tərəfindən təmin olunur. Ermənistanda hakimiyyət dəyişiklyindən sonra isə İrəvanın bu sahədə müqavilələrə yenidən baxmaq niyyətləri ortaya çıxıb. Bundan əvvəl də “Baqramyan 26” erməni teleqram-kanalı məlumat yayıb ki, Nikol Paşinyan Rusiyanın Federal Təhlükəsizlik Xidməti əməkdaşlarını ölkədən çıxarmağa, Ermənistan-Türkiyə sərhədinə nəzarəti rus qoşunlarının əlindən almağa hazırlaşır. Məlumatda qeyd olunurdu ki, Paşinyan Ermənistan-Türkiyə sərhədindəki Rusiya xüsusi xidmət orqanları işçilərini Ermənistan daxili qoşunlarının bölmələrilə əvəz etmək istəyir. Hazırkı Ermənistan hökumətində bu ideyanın dəstəklənməsinin bir neçə səbəbinin olduğu deyilir. Əvvəla, Paşinyan hesab edir ki, erməni xalqı Serj Sarkisyanın əmrilə müxalifətə təzyiq edən daxili qoşunların daha xeyirli işlə məşğul olmasına sevinəcək. İkincisi, onlar öz ərazilərində yad ölkənin xüsusi xidmət orqanlarını görmək istəmir. “Baqramyan 26” bildirib: “Sərhədlərimizdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları nəyimizə lazımdır? Əlbəttə ki, sərhədlərimizi qorumağa adam varsa, heç nəyə”. Həmçinin vurğulanıb ki, Paşinyanın bu addımı atmaqda əsas məqsədlərindən biri gələcəkdə daxili qoşunlardan müxalifətə qarşı istifadə olunmasının qarşısını almaqdır. Çünki Ermənistanın siyasi həyatında nələrin baş verəcəyini öncədən proqnozlaşdırmaq, Paşinyanın uzun müddət hakimiyyətdə qala biləcəyini ehtimal etmək çətindir. Digər başlıca səbəb isə Azərbaycan faktorudur. Bildirilir ki, son zamanlar Azərbaycan qoşunlarını Dağlıq Qarabağ ətrafına cəmləşdirir. Bu mənada, Ermənistan ordusunun say tərkibinin qənaətbəxş olmadığı nəzərə alınsa, işə yaramayan və daha çox təhdid-təzyiq funksiyasını icra edən daxili qoşunların Ermənistan-Türkiyə və Ermənistan-Azərbaycan sərhədlərinə göndərilməsi məqsədəuyğun olardı: “Belə olan halda, Türkiyə ilə sərhədi qoruyan rus qoşunlarını “sağ ol” deyərək öz evlərinə və ya Krıma yollamaq olar. Nəticədə, bu yolla yaxın zamanlarda Ermənistanın bütün sərhəd ərazilərinə sırf erməni qüvvələri nəzarət edəcək”. Ekspertlərə görə, indi Kreml çətin ki, Rusiyanın regionda NATO ilə birbaşa sərhədə çıxışını təmin edəcək yeganə imkanının “əlindən alınmasına” icazə versin. Bu, Moskva üçün strateji məsələdir. Bəzi erməni ekspertlər isə bildirir ki, baş verənlərə görə Kreml İrəvanı çox sərt cəzalandıracaq. Belə vəziyyətdə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan rusiyalı sərhədçilərin ölkədə qalma şərtlərini tənzimləyən müqaviləyə yenidən baxılacağı ilə əlaqədar yayılan məlumatı təkzib etməyə çalışıb. Amma bu təkzibi, hətta erməni mediası belə, “daldan atılmış daşa” bənzədir. Nikol Paşinyana bağlı “lragir.am” saytının da yazdıqlarından bəlli olur ki, İrəvan həqiqətən də Rusiya hərbçiləri ilə bağlı yeni gedişlər etməyə hazırlaşır. Sayt bu xüsusda yazır: “Nikol Paşinyanın hələ Panikdə baş verən hadisə ilə bağlı bunun Ermənistanın suverenliyinə və erməni-rus dostluq münasibətlərinə qarşı təxribat olması haqda verdiyi bəyanat müxtəlif reaksiyalara səbəb olub. Xüsusilə, bir sıra dairələr bəyanatın sərtliyinə və onun erməni-rus münasibətlərində problem yarada biləcəyinə görə narahatdır. Hətta parlamentin xarici siyasət komissiyasının sədri Armen Aşotyan da öz qayğısını ifadə edib.
Belə çıxır ki, dinc erməni kəndində hərbçilər tərəfindən törədilən açıq terror problem yaratmır, ancaq Ermənistan baş nazirinin adekvat və birmənalı qiymətləndirməsi bunu edə bilər. Bütün bunların dərin səbəbi odur ki, öncəki hakimiyyətlər belə məsələlərdə yalnız bir məqsədi rəhbər tuturdu – necə olur-olsun, erməni-rus münasibətləri pozulmamalıdır. Əslində bu, öz hakimiyyətlərini qorumaq üçün edilirdi, çünki onun təminatı Rusiya üçün problem yaratmaq siyasətindən imtina etmək idi. Ermənistandakı Rusiya hərbi bazası, ona olan münasibətdən asılı olmayaraq, mühüm hərbi-siyasi vahiddir. Bu vahid, şübhəsiz, regional təhlükəsizlik sistemində öz maraqları olan çoxsaylı subyektlərin diqqət mərkəzində yerləşir. Baza Rusiya ilə ən müxtəlif məsələlərin həllilə bağlı hədəf ola bilər. Deyək ki, Rusiyanı hansısa bir həllə və ya sövdələşməyə məcbur etmək üçün hər hansı bir dövlət Ermənistandakı rus bazasını hədəfə çevirə bilər.
Burada İŞİD-in ardıcılı olmuş bir erməninin Ermənistana qayıtdıqda rus bazasının hərbçisinə hücum etməsi hadisəsi yada düşür. Panikdəki hadisəyə, deyilənə görə, İran qoşunlarının Suriyadan çıxarılması üçün Moskvanı dilə tutmağa nail olan İsrail baş nazirinin Moskavaya səfəri fonunda da baxmaq olardı. Netanyahu demişdi ki, ruslar İran qoşunlarının Suriyadan çıxarılmasına kömək edərsə, Əsədin hakimiyyətini tanıyacaq. Rusiya ilə “əmmasız” danışmaqla və regional təhlükəsizliyə görə onun məsuliyyət səviyyəsini yüksəltməklə bərabər, bütün bunlar haqqında dərin düşünmək lazımdır. Ermənistanın şimalındakı hədəf olmuş Rusiya bazasını, nəhayət, qalaya çevirmək lazımdır. Aydındır ki, bazanın çıxarılmasına nail olma variantları yoxdur, ancaq burası da var ki, buna ehtiyac da yoxdur. Onun mövcud olmasının məntiqini dəyişmək lazımdır. O, de-fakto rus-türk müqaviləsinin qoruyucularından biri idi, lakin bu müqavilə ilə cızılan status-kvonu dəyişən birinci Qarabağ müharibəsindən sonra rus bazası havadan asılı vəziyyətdə qalmağa başlayıb.
“Məxməri inqilab” erməni tərəfinə maksimum proqramını formalaşdırmaq, başqa sözlə desək, Rusiya ilə birgə çağırışları açıq müzakirə etmək imkanı verib. Nikol Paşinyanın bəyanatı bu yolda atılan ilk addımdır. Bu, gediləsi uzun, lakin lazımi yoldur, yoxsa Ermənistan suverenliklə bağlı problemlərlərdən savayı, Rusiya ilə münasibətlərdə böhranla rastlaşacaq”. Beləliklə, aydın görünür ki, Nikol Paşinyana bağlı nəşr açıq şəkildə rus hərbi bazalarının mövcudluğuna dair müqavilələrin dəyişilməsini istəyir. Kremlin isə bunu asanlıqla həzm edib Ermənistanı cəzalandırmayacağı inandırıcı sayılmır. Kremlin İiəvanı hansı yöndən cəzalandıra biləcəyinin siqnalını isə Paşiynan özü verib. Paşinyan açıq bildirir ki, Rusiya Qarabağda yeni müharibəyə imkan verməz və Ermənistan buna görə arxayın olmalıdır. Bununla o, faktiki müharibədən ehtyiat etdiyini, bu məsələdə Rusiyaya güvəndiklərini göstərir. Amma digər tərəfdən də Rusiyaya qarış çıxır və belə şəraitdə Moskvanın savaş medyanında İrəvanı Bakı ilə yalnız buraxması Ermənistan üçün ən böyük cəza və Qarabağ münaqişəsinin həllini tezləşdirən hal sayılır. Bunu rus politoloq Yevgeni Mixaylov da təsdiq edir: “Nikol Paşinyanın “Rusiya Qarabağda müharibəyə imkan verməyəcək” bəyanatı indiki erməni rəhbərliyinin ikiüzlü siyasətinin bir hissəsidir, başqa heç nə...Paşinyan hər vəchlə göstərmək istəyir ki, Ermənistan Rusiyanın strateji partnyoru olaraq qalır. Amma işdə onun komandası ölkəni fəal şəkildə NATO-ya aparır və Rusiya hərbi bazalarını ölkədən səs-küy yaratmadan çıxarmağa çalışır. Bunun təsdiqi üçün erməni KİV-də, xüsusilə Paşinyanın xanımının nəzarəti altında olanlarda Rusiya hərbi bazalarının hərbi qulluqçularının pislənməsi ilə bağlı azğın kampaniyaya baxmaq kifayətdir. Kampaniya Şirak vilayətindəki Panik kəndi ərazisində təlimlər zamanı baş verən hadisədən sonra daha geniş vüsət alıb. Ehtimal ki, Paşinyan Rusiya hərbçilərinə hücum edərkən əndazəni aşmasından qorxub, bu səbədən də Rusiyaya xatırlatmağı qərara alıb ki, hələ də Moskva tərəfindən müdafiəyə ümid edir".
Y.Mixaylov əmindir ki, Paşinyan Ermənistanı NATO-ya aparır. Və eyni zamanda, İrəvanda Rusiya və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) tərəfindən hansısa dəstəyə ümid edirlər: "Bəli, Moskva Cənubi Qafqazda müharibədə maraqlı deyil. Amma Ermənistan-Azərbaycan münaqişəsinə Rusiyanın münasibəti, hər şeydən əvvəl, Moskvanın milli maraqlarından qaynaqlanır. İstisna edilmir ki, müəyyən şərtlərdə Rusiya Qarabağ münaqişəsinin həllində Azərbaycanın gücə əl atacağını sakitcə müşahidə edəcək. Nəzərə alınsa ki, bu halda müharibə Azərbaycan ərazisində gedəcək və Rusiya da Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu etiraf edir, deməli bu, KTMT-nın müdaxiləsinə səbəb ola bilməz". Mixaylovun fikrincə, Paşinyan uğursuz manevr etməyə çalışır. Moskvada o, Rusiyanın, Brüsseldə isə Qərbin müttəfiqidir. Amma Ermənistanın real siyasi kursu tədricən Qərbin hərbi-siyasi blokuna daxil olmağa yönəlib. Mixaylov şübhə etmir ki, bu, Moskvaya yaxşı məlumdur. Elə bu səbəbdən Kreml Paşinyanı Qarabağ kartı ilə cəzalandıracaq.
Tahir TAĞIYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.