ABŞ və İran arasında onsuz da gərgin olan münasibətlər getdikcə daha təhlükəli xarakter almağa başlayır. İqtisadi müstəvidə bir-birinə qarşı gedişlər edən ölkələrin bu gedişlə münasibətlərini hərbi müstəvidə çözmə ehtimalı sürətlə yüksəlir. İndilikdə görünən odur ki, ABŞ iqtisadi zəmində İranın manevr imkanlarını məhdudlaşdırmağa xüsusi diqqət yetirir.
ABŞ-ın dövlət katibi Mayk Pompeo bildirib ki, Vaşinqton İran neftinin idxalını sıfıra yaxınlaşdırmaq üçün bir sıra ölkələrlə işləyir: “Bu təzyiqlərin mərkəzində İranın bank və energetika sektoruna qarşı sanksiyaların yenilənməsi dayanır. Biz son bir neçə həftədir ki, İran neftini idxal edən ölkələrlə işləyirik. Hədəfimiz noyabrın 4-nə kimi idxalı sıfıra qədər azaltmaqdır”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp mayın 8-də 2015-ci ildə imzalanan Birgə Hərtərəfli İş Planından Vaşinqtonun çıxdığını elan edib. Sənəd ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının sanksiyalarının ləğvinə qarşılıq olaraq Tehranın nüvə proqramını məhdudlaşdırırdı. Tramp yalnız əvvəlki sanksiyaları qaytarmağa deyil, həm də yeni məhdudlaşdırıcı ölçüləri daxil etməyə söz verib. İranın energetika sektoruna toxunan sanksiyalar noyabrın 4-də yenilənəcək. Güman edilir ki, sanksiyalar İranla işgüzar əlaqələri dəstəkləyən üçüncü ölkələrə qarşı da hərəkət edəcək. Ekspertlər hesab edir ki, sanksiyalar nəticəsində İranın neft ixracı hazırkı həcmin üçdə ikisi səviyyəsində azalaraq gündəlik 700 min barrelə düşəcək.
İran İslam Respublikasının Ali dini rəhbəri Ayətullah Seyid Əli Xamnei isə bu fonda əvvəl ABŞ-ı təhdid edib. O deyib ki, İranın neft ixracına maneələr olarsa, regionda heç bir ölkə neft ixrac edə bilməyəcək: “İranın regionda olması onun gücünü və təhlükəsizliyini təmin edir. Mən həmişə ABŞ hökumətinin sözlərinə və ya imzalarına etibar etməməkdə israr edirəm, buna görə də ABŞ-la danışıqlar faydasızdır. Avropa ilə danışıqlar davam edə bilər, amma biz Avropa paketini gözləmək məcburiyyətində də deyilik. Prezidentin dediyi “İran neftinin ixracına maneələr olacağı təqdirdə regionda heç bir ölkənin nefti ixrac olunmayacaq” - sözləri İranın sisteminin siyasətini və yanaşmasını əks etdirən vacib sözlərdir”. İran prezidenti Həsən Ruhani isə yaranmış vəziyyətdə Donald Trampı ölkəsinə qarşı düşmənçilik siyasətini davam etdirməkdən, “şirin quyruğu ilə oynamaqdan” çəkinməyə çağırıb: "Şirin quyruğu ilə oynamayın, çünki buna görə peşman olacaqsız. Siz İranın maraqları və təhlükəsizliyinə heç bir maneə törədə bilməzsiniz". Ruhani amerikalı həmkarının diqqətinə onu da çatdırıb ki, İranla sülh ümumi dünya ilə sülhün açarıdır, İranla müharibə isə digər müharibələrin açarı olacaq: "Təhdidlər İran xalqını daha da bir edir. Biz istənilən halda ABŞ-ın planlarını alt-üst edəcəyik". Donald Tramp isə Həsən Ruhaniyə "Bir də heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə çox az adamın gördüyü nəticələrlə üzləşərsən" deyə bildirib: “Bir də heç vaxt ABŞ-ı təhdid etmə, yoxsa tarixdə görünməmiş, yaxud az adamın gördüyü nəticələrlə üzləşərsən. Artıq zorakılıq və ölüm təhdidlərinizə göz yumacaq ölkə deyilik. Diqqət et".
Bu arada o da məlum olub ki, ABŞ İran auditoriyası üçün fars dilində gecə-gündüz rejimində telekanalın yayımına başlayır. Mayk Pompeo bu xüsusda bildirib: “Yayım İdarəetmə Şurası internet senzuranı keçməkdə İran xalqına kömək etmək üçün yeni addımlara təşəbbüs edir. Şura fars dilində fasiləsiz teleyayıma başlayır. Bu, yalnız televiziya olmayacaq, həm də radio və sosial media formatında olacaq”. Onun sözlərinə görə, beləliklə, sadə iranlılar həm İranda, həm də bütün dünyada Amerikanın onlarla birlikdə olduğunu biləcək. Əlavə edək ki, Yayım İdarəetmə Şurası (BBG) ABŞ Dövlət Departamentinin nəzarətində olan təşkilatdır. Şura, “Azadlıq” və “Amerikanın Səsi” radioları da daxil olmaqla, demək olar ki, KİV-in böyük əksəriyyətini idarə edir. İran ətrafında baş verən son hadisələr onun rəqiblərinin Tehrandakı hakimiyyət üçün xoşagəlməz sürpriz hazırladığını göstərir. İsrailin baş naziri Benyamin Netanyahunun iyun ayında İranda sudan istifadə ilə bağlı qabaqcıl texnologiyaları və qaydaları fars dilində internetə çıxaracağına söz verməsi də ümumi prosesin tərkib hissəsi kimi düşünülə bilər. Bütün bunlar cənub qonşumuz ətrafında hadisələrin kifayət qədər gərgin bir məcrada inkişaf etdiyini göstərir. Belə görünür ki, ABŞ və İsrail İranı daxildən zəiflədib, sonra hərbi əməliyyatlara başlamağı düşünür. Amma İranın əks addımları, xüsusən də ilin axırında Hörmüz boğazını bağlamaq niyyətiti vəziyyəti dəyişə bilər. Bu isə cənub sərhədlərimizdə yaxın tezlikdə qanlı savaşın başlaması deməkdir.
Nahid SALAYEV