Ermənilərə xas olan xüsusiyyətlərdən biri də terrordur. Terrorçuluq keyfiyyətlərini tam olaraq mənimsəyən bu toplum dünyanın elə bir xalqı tapılmaz ki, onlara qarşı maddi və mənəvi terror həyata keçirməsin. Bu gün ermənilər nəinki Azərbaycan, eləcə də bütün dünya üçün təhlükəlidirlər.
Torpaqlarımızı işğal etməklə, insanlarımıza qarşı kütləvi qırğın aktları törətməklə kifayətlənməyən ermənilər artıq uzun illərdir Azərbaycana su terroru da həyata keçirirlər.
Ermənistan silahlı qüvvələrinin torpaqlarımızı işğal etməsi nəticəsində Tərtər çayı üzərində qurulan nəhəng Sərsəng su dəryaçasını, su anbarını da qəsb ediblər. Ermənilər Sərsəng su anbarını ələ keçirməklə, faktiki olaraq, bir neçə rayonumuzun suvarma sisteminə böyük zərbə vurublar.
Qeyd edək ki, ötən əsrin 70-ci illərində Heydər Əliyevin bölgədə kənd təsərrüfatını yüksəltmək üçün Tərtər çayı üzərində nəhəng Sərsəng su dəryaçasını inşa etdirməsi Tərtər və qonşu rayonlarda yaşayan insanların həyətyanı sahələrini, təsərrüfatlarını suvarması üçün münbit şərait yaratdı. Lakin Qarabağ münaqişəsi başlanan vaxtdan qəddar düşmən digər xəyanət və təxribatları ilə yanaşı, Ağdamkənd və Xaçınçay su anbarlarının, o cümlədən də Sərsəng dəryaçasının normal fəaliyyətini də pozdu.
Bu gün ermənilərin su terrorundan əziyyət çəkən rayonlarımızda suvarma sahəsində ciddi probelmlər yaşanır. Ermənilər bütün qüvvələrini birləşdirərək Azərbaycana qarşı su terrorunu davam etdirirlər. Beynəlxalq qurumların çıxardığı qətnamələr, eləcə də irəli sürdüyü tələblər bədnam qonşularımızı öz əməllərindən çəkindirmir.
Məlum olduğu kimi, indiyə qədər bu məsələ beynəlxalq qurumlarda qaldırılıb. Bu istiqamətdə AŞPA-da britaniyalı deputat Robert Volterin “Azərbaycanın Dağlıq Qarabağ və işğal olunmuş digər ərazilərində zorakılığın artması” və Bosniya və Herseqovinadan olan deputat Milisa Markoviçin “Azərbaycanın sərhədyanı bölgələrinin sakinlərinin qəsdən sudan məhrum edilməsi” adlı iki mühüm qətnamə layihəsi üzrə səsvermə keçirilməsini qeyd edə bilərik.
Məlum olduğu kimi, səsvermənin nəticələrinə əsasən birinci sənəd qəbul edilməyib, ikincisi isə qəbul edilib.
Sənədlərdə qeyd edilir ki, AŞPA Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi, həmçinin, bu regionun Ermənistan tərəfindən işğal edildiyini tanımasını təsdiq edib. Lakin hələ nə AŞPA, nə də başqa bir beynəlxalq qurum ermənilərə su terrorunu dayandırması ilə bağlı təpki göstərməyib. Fakt budur ki, Ermənistan silahlı qüvvələri “əjdaha” kimi Sərsəng su anbarının başında dayanıb və istədikləri vaxt suyu açıb-buraxır, istəmədikləri vaxt isə onu kəsirlər.
Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi su təxribatının, terrorunun qarşısı hələ də alınmayıb. Baxmayaraq ki, Azərbaycan tərəfi ən müxtəlif səviyyələrdə bu məsələni beynəlxalq qurumların diqqətinə çatdırıb, lakin görülən işlər nəticə vermir.
Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) da qeyri-hökumət təşkilatı olaraq Sərsəng su anbarı probleminin beynəlxalq aləmə çatdırılması sahəsində işlər görür, hətta mövzu ilə bağlı bir neçə xarici dildə film də çəkib.
BAMF sədri Umud Mirzəyev (Rəhimoğlu) “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, Ermənistanın Sərsəng su anbarını nəzarət altında saxlaması Azərbaycana qarşı həyata keçirilən terrordur. “Sərsəng su anbarı sovet dövründə inşa olunmuş su anbarıdır. Bu o məqsədlə yaradılmışdı ki, Azərbaycanın 7 rayonunda - Tərtər, Bərdə, Ağdam, Yevlax, Ağcabədi, Goranboy və s. suvarma problemi həll olunsun. Deyim ki, bu anbarın bölgə əhalisinə böyük faydası var idi. Dağlıq Qarabağ konflikti başladıqdan sonra Sərsəng su anbarı da işğal edildi və hazırda ermənilərin nəzarəti altındadır. Məsələ burasındadır ki, bizə su lazım olan dövrlərdə ermənilər suyun qarşısını kəsirlər. Su qıtlığı adlarını çəkdiyim rayonlar üçün suvarma məsələsində daha kəskin problemlər yaradır. Bu rayonların da 80-90 faizi kənd təsərrüfatı ilə məşğul olan rayonlardır. Su olmayanda torpaq bəhrə vermir, məhsuldarlıq olmur. Bizim əcdadlarımız suyun həyat mənbəyi olduğunu dilə gətiriblər. Bu səbəbdən də hazırda Sərsəngin ermənilərin nəzarəti altında olması sözügedən bölgədə suvarma ilə bağlı çox ciddi problemlərin yaranmasına gətirib çıxarıb. Bizim qurum daha çox o bölgədə fəaliyyət göstərdiyi üçün, əhali ilə tez-tez söhbətlər edirik və problemin şahidi oluruq. Çox təəssüf ki, bir vaxtlar su axan kanallar, arxlar indi susuzluqdan cadar-cadardır” - deyə bildirən U.Mirzəyevin qeyd etdiyinə görə, Sərsəng su anbarının erməni işğalında olması və ermənilərin bizə yaşatdıqları su terroru ilə bağlı məsələ beynəlxalq qurumlara məlumdur.
U.Mirzəyev bildirdi ki, Ermənistanın nəzarəti altında olan anbara məxsus ehtiyatlardan siyasi təhdid vasitəsi kimi istifadə olunur. O vurğuladı ki, nəticədə əksəriyyəti qaçqın və məcburi köçkün olmaqla, cəbhə xəttində yaşayan azərbaycanlılar su çatışmazlığı problemi ilə üzləşir və kənd təsərrüfatı ilə tam olaraq məşğul ola bilmirlər.
O qeyd etdi ki, bu anbar ətrafdakı təxminən 96 min hektar ərazini suvarma suyu ilə təmin etmək üçün inşa edilib: “Ona görə də bu təxirəsalınmaz humanitar problemi nəzərə alan Avropa Şurası Parlament Assambleyası 2016-cı il yanvarın 26-da qətnamə qəbul edərək Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən dərhal çıxarılması və su ehtiyatlarından siyasi alət kimi istifadə olunmamasına dair qərar verib. Lakin bu qətnamə hələ də yerinə yetirilməyib. Həmçinin, 2010-cu ildə BMT Baş Assambleyası insanın su təchizatı və sanitariya hüququnu tanıyan qətnamə qəbul edib. Hər kəsin şəxsi və məişətdə istifadə edə bilməsi üçün təhlükəsiz və fiziki olaraq su əldə etmək imkanı olmalıdır. Lakin bu gün su çatışmazlığından sülh, təhlükəsizlik və davamlı inkişafın dəstəklənməsinə yönəlmiş beynəlxalq sənədlərə, beynəlxalq norma və standartlara məhəl qoyulmadan siyasi maraqlar üçün istifadə olunur. Mövcud problem bu gün daha dəhşətli şəkildə özünü göstərir. Beynəlxalq ictimaiyyət bu problemi anlamalı və dünyada hər bir insanın təmiz suya olan ehtiyacını təmin etməlidir” - deyə bildirən U.Mirzəyevin sözlərinə görə, suyun böhran deyil, sülh aləti olması üçün vətəndaş cəmiyyətinin bütün nümayəndələri, qaçqın və məcburi köçkünlər qüvvələri birləşdirərək əməkdaşlıq qurmalıdırlar: “Gəlin birlikdə insan üçün həyati əhəmiyyət daşıyan su anbarları, çaylar və digər su mənbələrinin olduğu işğal edilmiş ərazilərin azad olunmasına çalışaq. Biz supergücləri yalnız siyasi maraqlarını düşünməyi dayandırmağa və insanların həyatları haqqında, evlərini tərk etməyə məcbur olmuş milyonlarla qaçqın və məcburi köçkünün həyatı barədə düşünməyə başlamağa inandırmalıyıq”.
O vurğuladı ki, Ermənistan silahlı qüvvələrinin nəzarəti altında olan Sərsəng su anbarındakı ekoloji fəlakətlə bağlı Azərbaycanın cəbhəyanı ərazilərində su problemləri barədə BAMF film də çəkib. Bu filmin bir neçə dildə səsləndirildiyini deyən U.Mirzəyevin sözlərinə görə, məqsəd film vasitəsilə erməni tapdağında olan Sərsəng su anbarı problemini beynəlxalq aləmin diqqətinə çatdırmaq olub: “Bildiyiniz kimi, Braziliyada keçirilən Beynəlxalq Dünya Su Forumunda bu məsələni gündəmə gətirmişik. Bir neçə paneldə mən və mənim köməkçim bu problemlə bağlı ciddi açıqlamalar verdik. Deyim ki, sözügedən forumun iştirakçıları Sərsəng su anbarı problemindən xəbərsiz idilər. Biz bu cür problemləri hər gün, hər dəqiqə gündəmə gətirməliyik. “Bakı-Xəbər” olaraq sizin də bu mövzuya toxunmağınız çox yaxşıdır. Bu məsələ müxtəlif dillərdə səsləndirilməlidir. Bizim filmimiz rus, ərəb, ingilis, Azərbaycan dillərindədir. Hesab edirəm ki, bu sahədə nə qədər çox iş görülsə, bir o qədər yaxşıdır. Bu məsələ həm koordinasiya olunmalıdır, həm də bir-birimizə dəstək olub onları paylaşmalıyıq. Ermənilər bizim torpaqlarımızı - Dağlıq Qarabağı və onun ətrafındakı 7 rayonu işğal ediblər, Xocalı soyqırımını törədiblər. Ermənilər həm ekoloji terror edirlər, həm su terroru həyata keçirirlər, həm də tarixi abidələrimizi dağıdırlar, bir sözlə, onların bizə qarşı etdikləri insanlığa sığmayan aktlardır. Ermənilərin Azərbaycana qarşı etdikləri vandalizm hadisləridir. Ermənilər bizə qarşı böyük terror aktları törədiblər və onların havadarları onlara arxa-dayaq olmaqda çəkinməlidirlər. Bəşər övladını su ilə imtahana çəkmək olmaz. Ermənilərin Sərsəng su anbarına qarşı etdikləri insanlığa yad olan bir haldır. Beynəlxalq qurumların qəbul etdiyi sənədlərə gəlincə, deyim ki, əslində, beynəlxalq təşkilatlar ikili standartlarla fəaliyyət göstərən qurumlardır. Hətta bu fikirləri beynəlxalq təşkilatların da tribunalarından səsləndirirəm”.
U.Mirzəyev qeyd etdi ki, bu gün beynəlxalq təşkilatlardan ədalət ummaq olmaz. Onun sözlərinə görə, bir xalq olaraq öz problemimizi dünyaya özümüz çatdırmalı, düşmənimizlə özümüz mübarizə aparmalıyıq.
“Öz problemimizin həllinə nail olmaq üçün bütöv, bir olmalıyıq, həmrəylik nümayiş etdirməliyik. Nə zamankı bütövlüyümüzü, həmrəyliyimizi təmin edəcəyik, Sərsəng kimi problemlərimiz də həll olunacaq. Düşünmürəm ki, kimsə gəlib Sərsəngin qarşısını açacaq və bizi su ilə təmin edəcək” - deyə U.Mirzəyev bildirdi.
İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.