Ramil Hüseynov: “Bütün hallarda, o bununla vaxtın uzadılmasına və eyni zamanda status-kvonun dəyişməz qalmasına nail olmağa çalışır”
Rusiya-Ermənistan münasibətlərinin gərginləşməsi Nikol Paşinyan hökumətinin verdiyi radikal qərarlar nəticəsində baş verir. Paşinyan bununla Ermənistanın müstəqil dövlət olduğunu və Rusiyanın diktəsi ilə hərəkət etmədiyini göstərməyə çalışır.
Bunun üçün müxtəlif variantlara əl atır. Gah Qərblə münasibətləri genişləndirmək üçün gedişlərini artırır, gah da Rusiyanın Ermənistanda olan bazaları məsələsini gündəmə gətirir.
O da məlumdur ki, “məxməri inqilab” dalğasında hakimiyyətə gələn Paşinyan Dağlıq Qarabağ danışıqları ilə bağlı indiyə qədər hansısa pozitiv addım atmayıb. Müxtəlif vasitələrlə danışıqlar təşəbbüsünə balta vurub. Onun bununla bağlı səsləndirdiyi əsas tələb ondan ibarətdir ki, separatçı qurum danışıqlarda iştirak etməlidir. Təbii ki, Paşinyanın bu yanaşması siyasi avantüra olduğuna görə qəbuledilməzdir. Son zamanlar diqqətçəkən məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan tərəfindən cəbhədə atəşkəsin pozulması halları artıb. Xüsusən də biçin mövsümü ilə əlaqədər Ermənistan silahlı qüvvələrinin cəbhəyanı kəndlərdə dinc sakinləri atəşə tutması, kənd təsərrüfatı texnikasına zərər vurması halları daha çox diqqəti çəkir. Müşahidələr göstərir ki, son vaxtlar Ermənistan tərəfindən atəşkəsin daha intensiv pozulması halları özünü göstərir. Bundan başqa, ara-sıra işğal olunmuş ərazilərdə qanunsuz hərbi təlimlərin keçirilməsi də diqqətdən yayınmır.
Maraqlıdır, bütün bunların kökündə dayanan məqsəd nədir?
Sözügedən məsələyə aydınlıq gətirən VİP-in sədr müavini Ramil Hüseynovun sözlərinə görə, bütün bunlarda Paşinyanın məqsədi Dağlıq Qarabağ danışıqlarından yayınmaqdır: “Paşinyan danışıqlardan yayınmaq üçün məqsədyönlü şəkildə bəzi hallarda cəbhədə atəşkəsin intensiv pozulmasına rəvac verir. O gah parlament seçkilərini bəhanə edərək danışıqlardan yayınır, gah da digər qondarma arqumentləri gətirərək bu addımı atır. Hesab edirəm ki, bəlkə də ona danışıqlara getməklə bağlı beynəlxalq təzyiqlər artdığı üçün bu addımı atır. Çünki danışıqlardan yayınmaq üçün atəşkəsin tez-tez pozulmasına nail olmaq onun üçün ən uyğun variantdır. Bu zaman həyasızcasına bəyan edəcək ki, atəşkəs onların günahı üzündən deyil, qarşı tərəfin günahı üzündən pozulur. Bütün hallarda, o bununla vaxtın uzadılmasına və eyni zamanda status-kvonun dəyişməz qalmasına nail olmağa çalışır. Ona görə də son günlər cəbhədə atəşkəsin intensiv pozulması təsadüfi deyil. Yəni bu, Paşinyan və komandası tərəfindən məqsədyönlü atılan addımdır. Ancaq Ermənistanın yeni rəhbərliyi anlamır ki, belə halların mütəmadi davam etməsi Azərbaycanın güclü əks-zərbə endirməsi ilə nəticələnə bilər. O zaman aprel döyüşləri ilə müqayisədə daha böyük ərazilər işğaldan azad olunacaq”.
Vidadi ORDAHALLI