Elşən Həsənov: “Ölkələrimiz arasında əldə olunan razılaşmalar artıq rəsmiləşdirilib və bu, uzunmüddətli bir prosesi əhatə edəcək”
Azərbaycan Prezidenti İlham Əliyevin Fransaya reallaşan rəsmi səfəri və orada keçirdiyi məhsuldar görüşlər, əldə olunan nəticələr dünya mediasının diqqət mərkəzindədir. Aydındır ki, Fransa kimi dünyanın nüfuzlu ölkəsinin Azərbaycana bəslədiyi bu ehtiramın səbəbləri bütün rakurslardan təhlil edilir.
Ortada konkret nəticələr olduğu üçün, bu məsələyə rasional yanaşanlar daha çoxdur. Onlar bilirlər ki, Azərbaycan nəinki Fransa, ümumilkdə bütün Avropa üçün vacib tərəfdaş, eyni zamanda mühüm enerji təminatçısı rolunu oynayır. Maraqlıdır ki, bu səfərdən ən çox əndişəyə düşən Ermənistan olub. Onların ictimai-siyasi dairələrində və medaiasında Fransaya qarşı bir antikampaniya baş qaldırıb. Qeyd olunur ki, Fransa iqtisadi maraqları ucbatından Ermənistanı Azərbaycana satıb. Ermənistanın bu narahatlığını nə ilə əlaqələndirmək olar?
Ekspert Elşən Həsənovun sözlərinə görə, o bunun adını daha çox ərköyünlükdən irəli gələn paxıllıq qoyur: “Bilirsiniz ki, Fransa erməni lobbisinin güclü olduğu ölkələrdən biridir. Onlar hər zaman həmin ölkənin dəstəyini hiss ediblər. Artıq bu alışqanlıq onlarda o həddə çatıb ki, elə bilirlər Fransa bu davranışı sərgiləməyə borcludur. Onlar Qarabağ münaqişəsində Fransanın birmənalı olaraq Ermənistanın yanında olmasını, onları dəstəkləməsini özləri üçün vacib normaya çeviriblər. Bəli, Azərbaycan Prezidentinin budəfəki səfəri zamanı Fransa ilə iqtisadi sahədə ciddi əməkdaşlıq sənədləri imzalandı. Ancaq əldə olunan razılaşmaları yalnız iqtisadi sahə ilə məhdudlaşdırmaq olmaz. Bütün sahələr üzrə Fransa ilə Azərbaycan arasında əlaqələrin davam etdiriləcəyi gözlənir. Ermənistanın bu əndişəsi əbəs yerə deyil. Onlar görürlər ki, artıq Avropa Dağlıq Qarabağ məsələsində mövqeyini konkret ifadə edir. İlkin şərt olmadan danışıqlar prosesinin sürətlənməsini istəyir. Təbii ki, Fransa da həmin mövqedən kənara çıxmır. Ermənistan anlayır ki, İlham Əliyevin səfərindən sonra Avropa Birliyi həmsədr ölkə kimi Fransadan fəallıq tələb edəcək. Çünki bu gün Avropa Birliyinin marağı münaqişədə irəliləyişə nail olmağı tələb edir. Ermənistanın hazırda Rusiya ilə də münasibətləri ürəkaçan səviyyədə deyil. Bir tərəfdən də Fransanın Azərbaycana daha sıx yaxınlaşması onları əməlli-başlı qorxuya salıb. Dərk edirlər ki, münasibətlər elə fazaya keçib ki, Fransadakı erməni lobbisinin maraqları nəzərə alınmır. Ancaq onların etdiyi canfəşanlığın heç bir faydası olmayacaq. Çünki ölkələrimiz arasında əldə olunan razılaşmalar artıq rəsmiləşdirilib və bu, uzunmüddətli bir prosesi əhatə edəcək. Həmin müddət ərzində də Fransa ilə Azərbaycanın münasibətlərində yalnız yaxşı amillər nəzərə çarpa bilər”.
Məhəmmədəli QƏRİBLİ