Məhəmməd Əsədullazadə: “Moskvanın İrəvan və regionla bağlı siyasətində dəyişikliklər gözlənir”
Bir yandan Azərbaycanla danışıqlar aparmağa hazır olduğunu bildirən Nikol Paşinyan, digər tərəfdən, Ermənistanın işğal etdiyi ərazilərdən çıxmayacağını həyasızcasına bəyan edir.
Baxmayaraq ki, Qarabağ nizamlanmasının ilkin şərti Ermənistanın işğal etdiyi 5 rayondan – Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıdan çıxmasıdır. Bu, Ermənistana həm ATƏT-in Minsk Qrupunun qərbli həmsədrləri tərəfindən, həm də Rusiya tərəfindən tövsiyə edilir. Yəni həm Madrid prinsipləri, həm də Lavrov planı bunu tələb edir. Paşinyan bununla bağlı danışıqlardan imtina etməklə həm də Qarabağ həllindən imtina edir.
Bu günlərdə mətbuat konfransı keçirən Nikol Paşinyan bəyan edib ki, Rusiya guya Qarabağda Azərbaycanın müharibə aparmasına imkan verməz. Jurnalistlər danışıqlardan imtinanın Azərbaycana müharibə hüququ vermək olduğunu xatırlatdıqda Ermənistanın baş naziri Rusiyanın buna imkan verməyəcəyini deyib: “Rusiya supergüc kimi bizim regionda müharibəyə yol verməmək üçün imkanlara malikdir. Mən inanmaq istəmirəm ki, Ermənistanın strateji müttəfiqi olan Rusiya öz rıçaqlarından istifadə edib müharibəni dayandırmayacaq. Mən inanmıram ki, Rusiya müharibənin başlamasına imkan verəcək və Azərbaycanı dayandırmaq üçün rıçaqlarından istifadə etməyəcək”.
Onu da qeyd edək ki, Paşinyanın bu açıqlaması nəinki Ermənistan, hətta Rusiya mətbuatında belə heyrətlə qarşılanıb. Rusiyanın populyar “Lenta.ru” portalı mətbuat konfrasına həsr etdiyi məqaləsini “Ermənistan Qarabağ münaqişəsinin həlli üzrə məsuliyyəti Rusiyaya ötürdü” başlığı altında verib. Bütün hallarda, Paşinyanın müharibə ilə bağlı məlum açıqlamasına ekspertlər necə yanaşırlar?
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, Paşinyanın əsas qorxduğu məqam Azərbaycanın güc yolu ilə torpaqlarını azad etməsidir: “Ermənistanda etirazlar fonunda hakimiyyətə gələn N.Paşinyanın əsas qorxduğu məqam Azərbaycanın istənilən situasiyada hərbi yolla ərazilərini azad etməyə başlamasıdır. Ölkəmizin cəbhənin Naxçıvan istiqamətində əldə etdiyi uğur Paşinyana sərt sillə idi. Eyni zamanda, bu ona bir mesaj idi. Azərbaycanın diplomatik müstəvidə əldə etdiyi uğurlar Ermənistanı narahat edir. Belə ki, NATO və Avropa İttifaqının bəyannamələrində ölkəmizin ərazi bütövlüyünün tam dəstəkləməsi birbaşa Paşinyanın xarici siyasətinə zərbə idi. Həmçinin, bu, ərazilərimizin işğaldan azad olunması üçün hüquqi əsas deməkdir. Paşinyan görür ki, son vaxtlar ölkəmizin artan hərbi aktivliyi, Ermənistan üzərində əzici üstünlüyü bir reallıqdır. Ona görə də o, Rusiyaya sığınmağa çalışır. Deməli, o, hakimiyyətdən devirdiyi Sarkisyanın siyasətini davam etdirməklə, Moskvanın himayəsinə sığınır. Çünki bilir ki, Moskva olmasa, ölkəmiz qısa müddət ərzində ərazilərini işğaldan azad edə bilər. Paşinyan bu açıqlama ilə ölkəsinin Azərbaycandan çəkindiyini göstərir və Rusiyanın siyasi təhlükəsizliyinə sığınmağa çalışır. Hesab edirəm ki, İrəvanın siyasəti birbaşa regionda destabilizasiyaya xidmət edir. Ermənistanda demokratiyanın qələbə çalmasını qeyd edənlər artıq anlayırlar ki, ölkələrində demokratiya və tam təhlükəsizlik işğala son qoyulanda yarana bilər. Rusiya hazırda Paşinyanın apardığı siyasətdən narazıdır. Paşinyanın dedikləri Moskvanın sabah hansısa qərarı ilə üst-üstə düşməyə bilər. Çünki Moskvanın İrəvan və regionla bağlı siyasətində dəyişikliklər gözlənir. Bu dəyişikliklər Paşinyana təzyiq siyasəti olacaq. Paşinyan, görünür, rəsmi Bakıdan çəkinir və Moskvaya mesaj verir ki, Ermənistanın təhlükəsizliyinə cavabdehsiniz. Ancaq unudur ki, onun apardığı siyasət Rusiyaya qarşı yönəlib”.
Vidadi ORDAHALLI