Akif Nağı: “Bu tip adamdan ağıllı nəsə gözləməyə dəyməz, Azərbaycan mövqeyini bir qədər də konkretləşdirməlidir”
İyulun 20-də Ermənistanın baş naziri Paşinyan mətbuat konfransında olduqca ziddiyyətli fikirlər səsləndirib. Maraqlıdır ki, Paşinyan hakimiyyətə gələndən dərhal sonra Dağlıq Qarabağın tərəf kimi danışıqlarda iştirakı ilə bağlı irəli sürdüyü təklifin hansı aqibətlə qarşılandığından ibrət götürmək əvəzinə, ağılagəlməz təkliflərinin sırasını bir az da genişləndirib.
Keçirdiyi son mətbuat konfransında o, Qarabağ üzrə sıra ilə üç şərt irəlu sürüb. Paşinyan Qarabağ probleminin həlli üçün qanunsuz rejimin danışıqlarda iştirakı, Azərbaycanın öz kompromislərini elan etməsi və qarşılıqlı etimada Azərbaycanın təminat verməsi kimi absurd şərtlər irəli sürüb. Üstəlik, bu şərtləri elə bir vaxtda ortaya qoyub ki, Avropa komissari Mogerini və Rusiya rəsmiləri ilkin şərtlərsiz danışıqlara başlamağı labüd hesab ediblər. Paşinyanın irəli sürdüyü bu 3 şərt danışıqlar prosesinə hansı təsiri göstərə bilər?
Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı qəzetimizə açıqlamasında bildirdi ki, Paşinyanın bu mövqeyi danışıqlar prosesindən imtinaya əsaslanıb: “Biz bilirik ki, Ermənistan uzun illərdir bu strategiyanı yeridir ki, danışıqlar heç bir nəticə verməsin. Yeni rəhbərlikdən bir qədər fərqli mövqe gözləyənlər nə dərəcədə yanıldıqlarını görürlər. Paşinyan özündən əvvəlki ölkə başçılarından daha sərt mövqe ortaya qoyur və məqsədi danışıqlar prosesini uzatmaqdır. Onlar bilirlər ki, manevr etməyə yerləri qalmayıb. Danışıqlar prosesində müəyyən qədər Azərbaycanın mövqeyi nəzərə alına bilər. Status-kvonun qorunub saxlanması Sarkisyana necə sərf edirdisə, Paşinyana da o şəkildə sərf edir. Bilirsiniz ki, Brüsseldə keçirilən görüş zamanı Avropa İttifaqının rəsmisi olan Mogerini danışıqların ilkin şərt olmadan aparılmasının vacibliyini dedi. Demək ki, Ermənistan ilkin şərt irəli sürürmüş. Onların ilkin şərti bundan ibarətdir ki, Azərbaycan Dağlıq Qarabağın “müstəqilliyini” tanısın, sonra danışıqlar başlasın. Təbii ki, Azərbaycanın da ilkin şərti var, bunu da Ermənistan gözəl bilir. Bu odur ki, işğal altında olan bütün ərazilər azad edilsin, sonra məsələnin mahiyyətinə baxılsın. Həmin görüşdən sonra belə təəssürat yarandı ki, Ermənistan ilkin şərt məsələsindən geri çəkilib. Amma Paşinyanın bu mövqeyi məsələnin heç də belə olmadığını ortaya çıxarır. Göründüyü kimi, Ermənistan öz qeyri-konstruktiv mövqeyində qalır. Belə bir vəziyyətdə Azərbaycanın danışıqlardan imtina etməkdən başqa şansı qalmır. O bilir ki, səsləndirdiyi heç bir şərt Azərbaycan tərəfindən qəbul edilən deyil. Məsələn, kompromislərin bizim tərəfimizdən elan olunması. Azərbaycan bununla bağlı mövqeyini elan edib, özü də ən yüksək səviyyədə. İlham Əliyev bildirib ki, Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verilə bilər. Bundan artıq nə elan olunmalıdır? Hesab edirəm ki, kompromislərin elanı ilə bağlı qoyulan şərt də söz oynatmaq istəyindən irəli gəlir. Paşinyan bir müddət əvvəl hətta demişdi ki, niyə ancaq bizim kompromislərdən danışırlar, qoy Azərbaycan da öz güzəştlərini elan etsin. Bununla o, topu biz tərəfə atır ki, Minsk Qrupu həmsədrləri bizdən kompromis tələb etsinlər. Hesab edirəm ki, bu tip adamdan ağıllı nəsə gözləməyə dəyməz, Azərbaycan mövqeyini bir qədər də konkretləşdirməlidir”.
Məhəmmədəli QƏRİBLİ