Məlumat verilib ki, www.ipetition.com saytında xaricdə yaşayan bir qrup azərbaycanlı tərəfindən Azərbaycanda aprelin 11-də keçiriləcək prezident seçkiləri ilə bağlı petisiya yaradılıb.
İlk əvvəl bu “petisiya” sözünə görə düşündük ki, yəqin məqsəd Azərbaycanın hansısa taleyüklü məsələsinə beynəlxalq dəstək olmaqdır. Məsələn, dəfələrlə şahidi olduq ki, ABŞ Konqresinin və ya Dövlət Departamentinin internet resurslarında Qarabağ məsələsinin həqiqətləri, ya da “Metsamor” AES-lə bağlı belə petisiyalar yerləşdirilib, müsbət nəticələri də olub. Ancaq bu petisiyanın müəllifləri sırasına baxanda ümidlərimiz alt-üst oldu.
Petisiyanın müəllifləri Hollandiyada yaşayan Ataxan Əbilov, Almaniyada yaşayan “Dünya Azərbaycanlıları Məclisi” deyilən qurumun (?) sədri Rövşən Qəmbər və hüquqşünas Qurban Məmmədlidir.
Petisiya AŞPA-ya, Avropa Parlamentinə, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına, BMT Təhlükəsizlik Şurasına və onun baş katibinə, ABŞ-ın və Avropa İttifaqı dövlətlərinin başçılarına ünvanlanıb və 11 aprel seçkilərinin ləğvini tələb edirlər.
Belə başa düşdük ki, Avropaya daha yaxşı yaşamaq üçün getmiş bu şəxslərin bəziləri şəxsi yaşayışlarını “düzüb-qoşandan” sonra Azərbaycandakı 11 aprel prezident seçkilərinin də guya qanunsuz, antikonstitusion və sair kimi mahiyyətini “düzüb-qoşmağa” girişiblər. İndi dünyada yüz minlərlə insanın yaxşı yaşamaq üçün Azərbaycanı ideal yer saydığı halda, bu insanların Azərbaycandan niyə getdiklərini başa düşməyə çalışırıq. Yox ki, onlar özlərinin dediyi kimi, guya Azərbaycanda “asılıb-kəsilməkdən ancaq canlarını qurtararaq qaçıblar”. Ona görə ki, bu sayaq qeyri-real, qərəzli, əsası olmayan fəaliyyətləri Azərbaycanda aparmaq onlar üçün çətin olardı. Yenə də yox ki, onları təqib edər və ya həbsə atarlar. Ona görə ki, Azərbaycanın şəhər və rayonlarında, küçələrdə ictimai rəyin ciddi qınaqlarına tuş gələcəklərini bilirlər. Əhali onları saxlayıb soruşar ki, ölkədəki bu sabitliyin, təhlükəsizliyin, hamıya, elə sizin öz qohum-əqrəbanızın da rahat yaşayışı üçün dəyərli olduğunu görmürsünüzmü? Aranı qatmaqla, “su bulandırmaqla” hansı növ “balıq” tutmaq həvəsindəsiniz?!
Ancaq Avropada hər şey başqadır. Onlara bu tip sualları verənlərin olmayacağını bilirlər. Cem və ya Conson Azərbaycandakı indiki vəziyyəti hardan bilir ki, bu “petisionlara” gərəkli cavabı versin, buna onların heç həvəsi də olmaz. Hər bir ölkənin vətəndaşları öz şəxsi və ölkələrinin dərd-səri ilə ancaq məşğul ola bilər. Ancaq bu “petisionların” Azərbaycandakı 11 aprel seçkilərinin guya qanunsuz, antikonstitusion xarakter daşıdığı barədə çağırışlarına uymaq istəyən, bunu gözləyən kiçik bir “zümrə” var. Bu “zümrə” Azərbaycanı hər addımda qaralamaq istəyənlər, pulla ələ alınanlar, erməni lobbisinin gizli şəbəkəsində olanlar və sairlərdir. Avropada fəaliyyətə keçmiş bizim bu “petisionların” da, əslində, hədəfi və ümid yeri məhz bu “zümrə”dir. Bilirlər ki, AŞPA-da, Avroparlamentdə, ATƏT-də, BMT-də, hər yerdə bu “zümrə”nin üzvləri var və onların petisiyasına səs verənlər tapılacaq... Az sayda olsa da...
Tahir TAĞIYEV