Azər Həsrət: “Seçki elə bir siyasi prosesdir ki, burada mütləq qanunlara əməl olunmalı və qanundan kənara çıxanlar bu və ya digər formada cəzalandırılmalıdır” Osman Gündüz: “Seçkilərin demokratik keçirilməsi üçün namizədlər sosial mediadan effektiv və qanunlara uyğun olaraq istifadə etsinlər”
Məlum olduğu kimi, bu il aprelin 11-də ölkəmizdə prezident seçkiləri keçiriləcək. Artıq bir sıra siyasi partiyalar prezidentliyə namizədlərini elan edərək, seçki kampaniyasına hazır vəziyyətə gəliblər.
Siyasi təşkilatlarla yanaşı, ölkədə seçkiləri təşkil edən dövlət qurumu – Mərkəzi Seçki Komissiyası da (MSK) bu çərçivədə operativ iş rejiminə keçib. MSK-nın fevralın 8-də keçirilmiş iclasında prezident seçkilərinin təşkili istiqamətində görüləsi işlər müzakirə olunub.
İclasda çıxış edən MSK sədri Məzahir Pənahov seçkiqabağı təşviqat məsələlərindən danışarkən, sosial şəbəkələrin fəaliyyətinə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, bəzən sosial şəbəkələrdə müəyyən qanunsuz hallara yol verilir və seçki komissiyalarının onlarla mübarizə aparmaqda çətinlik çəkdiyini bildirib: “Sosial şəbəkələr idarəolunmaz amilə çevrilib. Bəzən kimsə hansısa namizədi tənqid edir, bunun özü də təşviqat sayılır. MSK, seçki komissiyaları bu hallarda pis vəziyyətdə qalırlar. İndiyə qədər bu amilə görə MSK hansısa namizədin namizədliyini ləğv etməyib. Sosial şəbəkələr bizim üçün çox pis vəziyyət yarada bilər”.
M. Pənahovun sözlərindən belə başa düşülür ki, MSK seçki kampaniyası müddətində sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsi ilə bağlı müəyyən təkliflərlə çıxış edəcək. Bu mənada, MSK-nın həmin təkliflərinin hansı məqamları əhatə edəcəyi və nə dərəcədə effektli olacağı ciddi maraq doğurur.
Media eksperti Azər Həsrət “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, seçki elə bir siyasi prosesdir ki, burada mütləq qanunlara əməl olunmalıdır. Qanundan kənara çıxanlar bu və ya digər formada cəzalandırılmalıdır: “Bəzi insanlar hesab edirlər ki, qanun onlar üçün işlək deyil və istədiklərini edə bilərlər. Bu səbəbdən də təbliğat-təşviqat məsələsində sosial şəbəkələrdən uyğunsuz şəkildə istifadə edirlər. Məhz Mərkəzi Seçki Komissiyası da bu vəziyyəti nəzərə alaraq sosial şəbəkələrdə təbliğat-təşviqat işinin qanunsuz şəkildə icra olunması ilə bağlı narahatlığını ifadə edib. Bu sahəyə nəzarətin tətbiq olunması ilə bağlı fikir bildirib. Bəzilərinin iddia etdiyi kimi, burada hansısa ifadə azadlığına məhdudiyyətlərin tətbiq olunmasından söhbət getmir. Sadəcə olaraq qanuni tələblərdən bəhs olunur”.
Sosial şəbəkələrə nəzarətin hansı formada tətbiq olunmasına gəlincə, A.Həsrət qeyd etdi ki, Azərbaycanda sosial şəbəkə azaddır. Kimlərsə qanunu pozub, qanunsuz təbliğat-təşviqatla məşğul olacaqsa, məlum məsələ ilə bağlı müəyyən nəzarət tətbiq ediləcək: “Bu hal müxtəlif formada ola bilər. O da bəllidir ki, qanunvericiliyin tələblərinə riayət etməyənləri başqa formada cəza gözləyir. Burada maliyyə sanksiyası və ya qanunsuz təbliğat aparan namizədlə bağlı müəyyən addımlar atıla bilər. Bu əməllərin yaşanmamasını arzu edirəm. Bu səbəbdən də biz daimi olaraq sosial şəbəkə istifadəçilərinə çağırışlar edirik ki, qanun çərçivəsində davransınlar”.
Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, sosial şəbəkələrin, internetin məhdudlaşdırılması seçki qanunvericiliyində nəzərdə tutulmayıb: “İnternet media resurslarının bloklanması ötən il qəbul edilən “İnformasiya, informasiyalaşma və informasiyanın mühafizəsi ” haqqında Qanuna edilən dəyişikliklərdə nəzərdə tutulub. Hazırda ölkədə təbliğat-təşviqatın daha effektiv qurulması, ictimai müzakirələr, geniş auditoriyaya əlçatanlıq üçün ən ucuz vasitə elə sosial mediadır. Bu baxımdan seçkilərin demokratik keçirilməsi üçün hökumət maraqlı olmalıdır ki, namizədlər sosial mediadan effektiv və qanunlara uyğun olaraq istifadə etsinlər”.
Onun sözlərinə görə, kimsə sui-istifadə edərsə, təhqir, böhtanlara yol verərsə, o, məsuliyyət daşıyacaq: “Bu tip hüquq pozmaları ilə bağlı presedentlər bizdə də kifayət qədər olub. Buna görə “Facebook” və ya hansısa digər sosial media vasitəsini ölkə ərazisində tamam olaraq bağlamağa ehtiyac yoxdur”.
Həmsöhbətimizin fikrincə, indiyədək olan siyasi proseslər zamanı heç bir halda sosial media ölkə ərazisində qapadılmayıb: “Yalnız ötən illərdə bəzi sosial media vasitələrində videobağlantılara məhdudiyyətlər qoyulub. Qeyd edim ki, ölkədə “KİV haqqında” Qanuna görə, internet, o cümlədən də sosial media kütləvi informasiya vasitəsi sayılır. Seçki qanunvericiliyi isə yalnız büdcədən maliyyələşən mediada namizədlərə bərabər imkanlar yaradılmasını nəzərdə tutur. Digər media, o cümlədən sosial media vasitələrindən istifadə olunmasında namizədlər sərbəstdirlər”.
Günel CƏLİLOVA