Elşən Həsənov: “Almaniya elə ölkədir ki, onun xarici siyasət kursunu yalnız xarici işlər naziri müəyyənləşdirmir”
Almaniyada xeyli müddətdir davam edən hökumət böhranı başa çatıb. Almaniya kansleri Angela Merkelin başçılıq etdiyi Xristian Demokrat İttifaqı ilə Martin Şultsun rəhbərliyi altındakı Sosial Demokratlar Partiyası arasında koalisiya hökuməti qurulması barədə razılıq əldə olunub.
Qeyd edək ki, sentyabrın 24-də Bundestaqa keçirilən seçkilərdə partiyalardan heç biri hökuməti formalaşdırmaq üçün lazım olan səs çoxluğu qazana bilməyib. Riyazi olaraq ölkədə iki çoxluq hökuməti formalaşa bilərdi. Bu ya ASDP ilə Xristian-demokratik və Xristian-sosialist İttifaqı Bloku (XDİ/XSİ) və yaxud tərkibində XDİ/XSİ, Yaşıllar və Azad Demokratik Partiyanı birləşdirən “Yamayka” koalisiyası olmalı idi. Şults rəhbəri olduğu Sosial-demokratlar Partiyası ilə birlikdə yeni hökumətdə xeyli nazir postu qazanıb. Onun özü isə Almaniyanın yeni xarici işlər naziri olacaq.
Martin Şultsun adı Azərbaycana yaxşı tanışdır. O, Avropa Parlamentinin sədri olduğu dönəmdə Azərbaycana qarşı qərəzli mövqeyilə tanınıb. Yeni xarici işlər naziri vaxtilə tutduğu qərəzli mövqeyinə görə Azərbaycanda ciddi tənqid edilib. Belə bir siyasi reputasiyaya malik olan personanın Almaniyanın xarici işlər naziri postuna təyin edilməsi ölkələrimiz arasındakı münasibətlərə necə təsir edəcək?
Ekspert Elşən Həsənovun sözlərinə görə, Şultsun indiki ampluası ilə keçmişdəki arasında olan fərqlər onu fərqli davranışlara sövq etdirəcək: “Avropa Parlamenti təəssüf ki, bəzən lobbist qrupların təsirinə düşür. Oradakı kampaniyaların aparılması, hesabatların tərtibi çox vaxt dolayısı ilə hansısa ölkələrə təzyiq etmək məqsədini daşıyır. Bu baxımdan da Şultsun həmin vaxt tutduğu mövqe onun şəxsiyyətindən qaynaqlanmırdı. Həmin qərəzin kökündə daha çox onun təmsil olunduğu qurumun Azərbaycana münasibəti dayanırdı. Yəni elə önəmli postlar var ki, orada şəxsiyyətin şəxsi münasibətinin necə olması az rol oynayır. Yəni biz dəfələrlə analoji halın şahidi olmuşuq ki, eyni adam fərqli vəzifələrdə müxtəlif mövqelər sərgiləyib. Almaniya ilə Azərbaycanın münasibətləri normaldır. Azərbaycanın Avropada etibarlı tərəfdaş kimi münasibətlərini ildən-ilə inkişaf etdirdiyi ölkələrdən biri də Almaniyadır. Rəsmi Bakının Avratlantik məkana inteqrasiya və Avropa Birliyi ilə sıx əməkdaşlıq prosesində Almaniyanın dəstəyinə xüsusi önəm verməsi təsadüfi olmayıb, bir sıra mühüm tarixi və geosiyasi gerçəkliklərlə şərtlənir. 1991-ci ildə tarixi maneələri dəf edərək bütövləşmiş Almaniya bu gün dünya iqtisadiyyatında və siyasətində mühüm rol oynamaqla yanaşı, sülhün, əminamanlığın qorunub saxlanması prosesinin fəal iştirakçısıdır. Almaniya Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlətlərdəndir. Bu gün Azərbaycan iqtisadiyyatına kapital qoyuluşunun həcminə görə Almaniya şirkətləri qabaqcıl mövqeyə malikdirlər. Ölkələrimiz arasındakı ticarət mübadiləsinin həcmi milyard avro ilə ölçülür. Azərbaycan Avropanın enerji təminatının şaxələndirilməsində, TAP, TANAP kimi nəhəng enerji layihələrinin həyata keçirilməsində, eləcə də “Şərq Tərəfdaşlığı” Proqramında mühüm rol oynayır. Azərbaycan və Almaniya aparıcı Avropa strukturlarında yaxından əməkdaşlıq edir, müxtəlif məsələlərdə bir-birlərinə dəstək verirlər. Rəsmi Berlin beynəlxalq və regional təşkilatlarda, habelə maliyyə qurumlarında həlledici səs hüququna malikdir və onun razılığı olmadan Avropa İttifaqı, Avropa Şurası, NATO və ATƏT kimi beynəlxalq təşkilatların fəaliyyət istiqamətlərində hansısa ciddi dəyişiklik edilə bilməz. Almaniya xüsusilə də Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında getdikcə daha böyük rol oynayan Avropa Birliyi ilə əlaqələrinin genişlənməsinə ciddi dəstək verir. Eyni zamanda, rəsmi Bakı Almaniya ilə bu cür əməkdaşlığın uğurla həyata keçirilməsi üçün konkret addımlar atır. Bu sadaladığım ölkələrimiz arasında Şultsa qədər olan münasibətlərin qısa izahı idi. Şults bu siyasəti davam etdirməkdə maraqlı olacaq. Çünki onun təmsil etdiyi ölkənin maraqları bunu tələb edir. Almaniya elə ölkədir ki, onun xarici siyasət kursunu yalnız xarici işlər naziri müəyyənləşdirmir”.
Məhəmmədəli QƏRİBLİ