Bir müddət əvvəl Avropa Komissiyasının sədri Jan-Klod Yunker tərəfindən ortaya atılan “ortaq Avropa ordusu” fikri, Donald Trampın ABŞ prezidenti seçilməsinin ardından yenidən gündəmə gəlib.
Baki-xeber.com xəbər verir ki, Avropa Parlamentinin (AP) son iclasında “Ortaq Avropa ordusu”nun yaradılması ilə bağlı qərar layihəsi qəbul edilib.
Qurum AB-yə üzv ölkələrin hərbi əməkdaşlığı gücləndirməsi üçün “ortaq bir müdafiə qüvvələrinin” yaradılması və bir hərbi əməliyyat mərkəzinin qurulmasını ehtiva edən qərarı təsdiqləyib. Avroparlamentdə 255 səsə qarşı 369 səslə qəbul edilən qərarda, üzv ölkələrə müdafiə xərclərini artırmaq çağırışı da yer alır.
Yaradılacaq ortaq müdafiə qüvvələrini “Hərbi Şengen” adlandıran Estoniyanın keçmiş xarici işlər naziri Pit bildirir ki, Avropa dövlətlərinin təhlükəsizliyi getdikcə daha da zəifləyir. Onun sözlərinə görə, AB özünü müdafiə etmək və təhlükəsizliyini artırmaq üçün daha çox iş görməlidir: "Birliyimizdə böyük müdafiə çətinlikləri var. Avropa NATO və ABŞ-ın dəstəyinə bel bağlayır".
Avroparlamentin hər hansı bir hüquqi qüvvəsi olmayan qərarının 15-16 dekabrda keçiriləcək AB liderlərinin sammitində müzakirə ediləcəyi gözlənilir.
Qeyd edək ki, Avropa Komissiyasının sədri Jan-Klod Yunker tərəfindən ortaya atılan "ortaq müdafiə” fikri, sentyabrdakı zirvədə Fransa və Almaniya tərəfindən dəstəklənmişdi. Ancaq bu fikrə qarşı çıxan İngiltərənin referendumla AB-dən ayrılması və Donald Trampın ABŞ prezidenti seçilməsi bu təşəbbüsün həyata keçirilməsini istəyənlərin sayını artırdı. Trampın seçki kampaniyası zamanı ABŞ-ın NATO-ya ayırdığı xərcləri tənqid etməsi və bu xərcləri azalda biləcəyi narahatlığı da Avropada "ortaq müdafiə” fikrinin həyata keçirilməsini gücləndirir.
TAHİR