2016-cı ilin Azərbaycanda Multikulturalizm ili elan edilməsi ilə bağlı təşəbbüsü dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsinə yönəlmiş mühüm addım kimi çox alqışlanır. Trend-in məlumatına görə, bunu BMT-nin Sivilizasiyalar Alyansı üzrə ali nümayəndəsi Nasir Əbdüləziz Əl-Nasir Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun açılış mərasimində deyib.
Nasir Əbdüləziz Əl-Nasir Forumun təşkilinə görə, Azərbaycan Prezidenti və ölkə hökumətinə minnətdarlığını ifadə edib.
Nasir Əbdüləziz Əl-Nasir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin liderliyi bu məsələdə xüsusilə qeyd olunmalıdır: "Belə ki, dövlət başçısının 2016-cı ilin "Multikulturalizm ili" elan olunması barədə təşəbbüsü dünya xalqları arasında münasibətlərin möhkəmləndirilməsi istiqamətində əhəmiyyətli addım kimi geniş şəkildə alqışlanır. Buna görə də biz bu forumun keçirilməsi üçün Bakıdan yaxşı məkan arzulaya bilmədik".
Onun sözlərinə görə, cari ildə forumun mövzusu - "İnklüziv cəmiyyətlərdə birgəyaşama: Çağırış və məqsəd" BMT-nin əsas vəzifələri ilə - sülh və təhlükəsizlik, insan hüquqları, qanunun aliliyi və inkişaf - üst-üstə düşür.
Ərdoğan: "Azərbaycan tarixən sivilizasiyaların mərkəzidir”
140-dan çox ölkə Sivilizasiyalar Alyansını dəstəkləyir. Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda çıxış edərkən deyib.
O qeyd edib ki, Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi çox vacibdir, çünki Azərbaycan tarixən sivilizasiyaların mərkəzidir.
Türkiyə prezidenti təəssüflə qeyd edib ki, bütün cəhdlərə baxmayaraq dünya artan radikalizm və terrorizmin qarşını hələ də ala bilməyib.
Prezident deyib: "Terror və terrorizmin islamla heç bir əlaqəsi yoxdur. Terrorçuların dini və milli mənsubiyyəti olmur".
R.T.Ərdoğanın sözlərinə görə, islam qardaşlığa səsləyən bəşəri dindir.
Prezidentin sözlərinə görə, dünyada heç bir ölkə terrordan sığortalanmayıb, ona görə dövlətlər terrorizmə qarşı birgə mübarizə aparmalıdırlar.
Ərdoğan deyib: "Türkiyə terrorzimlə 35 ildir mübarizə aparır. Hazırda terrorizm faktları həmçinin qonşu Suriyada artmaqdadır".
Onun sözlərinə görə, Suriyada terrorizmin artmasının səbəbi terroru dəstəkləyən ölkələrdir.
Türkiyə Prezidenti qeyd edib: "Suriyada hər gün dinc sakinlər həlak olur. Hazırda Türkiyə ərazisində Suriya və İraqdan 3 milyondan artıq qaçqın məskunlaşıb. Türkiyə qaçqınlara 15-20 milyard dollar vəsait xərləyib".
Onun sözlərinə görə, Türkiyə bir sıra Avropa ölkələri kimi Suriya və İraqdan olan qaçqınların üzünə qapılarını bağlamadı.
Türkiyə Prezidenti dünyadakı vəziyyəti nəzərə alaraq Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsinin vacibliyini vurğulayıb: "Bü gün bütün dünya Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunu izləyir".
Pan Gi Mun: "Xalqların ayrılması ekstremistlərin xeyrinədir”
Bölmə və ayırma ekstremistlərin xeyrinə işləyir, çünki onlar ümumi dəyərləri məhv etmək istəyirlər. Bunu isə BMT baş katibi Pan Gi Mun Bakıda BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun iştirakçılarına ünvanladığı videomüraciətdə deyib.
O bildirib: "Mən Prezident İlham Əliyev, Azərbaycan hökumətinin və Bakı şəhərinin qonaqpərvərliyini qiymətləndirirəm. Mən bu forum komandasını salamlayıram".
BMT baş katibinin sözlərinə görə, hazırda bəşəriyyət böyük böhranlar dövrünü yaşayır.
Müraciətdə qeyd olunur ki, bir çox insanlar öz evlərini tərk etməyə məcbur olurlar: "Bir çoxları zorakılıqdan, ekstremizmdən qaçırlar".
P.G.Mun müraciətində bildirib ki, BMT bütün dünyada mübahisələrin, münaqişələrin nizamlanmasına, sülhün möhkəmləndirilməsinə kömək edir: "Biz ilkin səbəblərin aradan qaldırılması yolu ilə münaqişələrin profilaktikasına cəmlənmişik".
Bildirilir ki, Baş Assambleya BMT-nin zorakılıq və ekstremizmin qarşısının alınması üzrə fəaliyyət planını alqışlayır.
Elmar Məmmədyarov: "Dünyada həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradıb”
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə 7-ci Qlobal Forumu çərçivəsində baş tutan "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" mövzusunda təşkil edilən plenar iclasda bildirib ki, dünyada həll olunmamış münaqişələr zorakı ekstremizm üçün münbit şərait yaradıb. E.Məmmədyarov bildirib ki, ektremizmə qarşı mübarizə aparıb daha yaxşı bir dünya qurmaq üçün hələ də gec deyil.
Nazir bildirib ki, BMT bu sahədə öncüllük etməlidir və digər beynəlxalq təşkilatlar da bu istiqamətdə əməkdaşlıq etməlidir.
E.Məmmmədyarov qeyd edib ki, dayanıqlı inkişaf bizim əsas hədəfimiz olmalıdır.
Nazir həmçinin bildirib ki, Azərbaycan 20 ildən artıqdır ki, erməni terrorizmindən əziyyət çəkir və Azərbaycan da terrorizmə qarşı mübarizə aparan bir ölkədir.
E.Məmmədyarov deyib: "Sabah BMT-nin Baş Katibinin "Terrorizmə qarşı birləşmək: qlobal terrorizmlə mübarizə strategiyası üçün tövsiyələr" adlı sənədi təqdim etməsindən 10 il keçir. Biz ona nəzər saldıqda həmin sənəddəki əsas fikirlər ilə "Zorakı Ekstremizmin Qarşısının alınması üzrə Fəaliyyət Planı"na dair hesabatdakı fikirlərin üst-üstə düşdüyünü görürük. Onların hamısı əsaslıdır, lakin əksəriyyəti eyni məzmun daşıdığından bu qənaətə gəlmək olar ki, biz bəlkə də bu gün təsəvvür etdiyimizdən də geniş yayılmış zorakı ekstremizmin köklərini daha dərindən araşdıra bilməmişik. Yerli və regional problemlərlə birləşən Suriya, İraq və Liviyadakı proseslər də 11 sentyabr hadisələrindən sonrakı dövrdə regiona xarici müdaxilələrin nəticələridir. Bəzi beynəlxalq aktorlar nəcib məqsədlərə malik olsalar da, yanlış strategiya yürütmüşlər, eyni zamanda digərləri pis məqsədlər üçün düzgün strategiyaya malik olmuşlar. Nəticədə bizim əldə etdiyimiz tənəzzülə uğramış dövlətlər deyil, açıq-aşkar pozulmuş fundamental norma və prinsiplərlə sarsilan beynəlxaq sistem olmuşdur".
XİN rəhbəri sonra qeyd edib: "Biz bu barədə xəbərdarlıq etmişik. Biz bunu iyirmi ildən çoxdur ki edirik. Çünki biz bununla qarşılaşmışıq. Yalnız qabaqcadan görə bilmədiyimiz məsələ onun yayıla biləcəyi konkret coğrafiya olmuşdur. 21 il bundan əvvəl bu ay, ABŞ Dövlət Departamenti "Qlobal Terrorizm nümunələri" adlı sənəd nəşr edib və orada vurğulayıb ki, keçmiş Sovet İttifaqı ölkələrində etnik gərginliklər Qafqaz və Baltikyanı respublikalarda terrorizm aktlarına rəvac verir. Sənəddə həmçinin göstərilmişdir ki, Moskva şəhərində həbs olunmuş bəzi erməni xüsusi xidmət orqanları əməkdaşları 45 nəfərin ölümü və ən azı 130 nəfərin yaralanması ilə nəticələnmiş Bakı Metrosunda, eləcə də Rusiya və Azərbaycandakı qatarlarda bomba partladılmasında iştirakda ittiham olunmuşlar. Mənim ölkəm etnik separatizm, xarici müdaxilə, zorakı ekstremizm və terrorizmin metamorfozu və simbiozundan əziyyət çəkmişdir. Buna görə mən Fəaliyyət Planı ilə tam razıyam ki, "Uzadılmış və həll olunmamış münaqişələr zorakı ekstremizm üçün əlverişli zəmin yaradır, təkcə münaqişənin özünün doğurduğu əzab və idarəçiliyin olmaması səbəbindən deyil, həmçinin ona görə ki, belə münaqişələr dəstək əldə etmək, ərazi və resurslar qəsb etmək, əhaliyə nəzarət etmək məqsədilə ekstremist qruplara dərin köklü narazılıqlar yaratmağa imkan verir." Bu səbəbdən, Ermənistan tərəfindən sonuncu atəşkəsin pozulması dövründə ASALA terrorçularının işğal olunmuş ərazilərimizdə görünməsinə təəccüblənmirik".
E.Məmmədyarov əlavə edib ki, həmin vaxt beynəlxalq ictimaiyyət bizi dinləyərək, universal norma və prinsiplərə əsaslanaraq zorakı ekstremizm və onun bütün forma və təzahürlərini dayandırmaq üçün ciddi addımlar atsaydı, biz bu gün bu domino effektini büdrətmək və bu fenomen ilə məşğul olmaq üçün daha yaxşı vəziyyətdə olardıq: "Hələ də çox gec deyil və mənim ümumi strategiyamız üçün sizinlə bölüşməyə bir sıra fikirlərim vardır. Yeri gəlmişkən, başlanğıcda qeyd etdiyim terrorizmlə mübarizəyə dair hesabatda göstərilib ki, "real strategiya sadəcə tərifəlayiq məqsədlərdən və ya aşkar olanları müşahidə etməkdən ibarət deyil. .. Yalnız bizə məqsədlərimizi yerinə yetirməkdə bələdçilik edəndə, o, adına layiq strategiya hesab olunur. " Hamılıqla qəbul edilmiş norma və prinsiplərdən yaxşı bələdçi yoxdur. Beləliklə, mənim ilk təklifim beynəlxalq hüququn norma və prinsiplərini gücləndirməkdir. Bu, sanki binanın özülü kimidir; əgər o zamanla gücləndirilməzsə, sarsılır. Buna görə onu hər fürsətdə xatırlatmaq, hər sənədə daxil etmək və norma və prinsiplərin aliliyini hər bir halda tələb etmək çox vacibdir".
E.Məmmədyarov deyib: "İkincisi, biz birləşməli və əməkdaşlıq etməliyik. BMT yeganə universal təşkilat kimi aparıcı olmalıdır, lakin digər bütün təşkilatların oynamaq üçün rolları vardır. Misal üçün, İƏT İstanbulda keçirilmiş son sammitində zorakı ekstremizmin qarşısının alınmasına dair Plana öz dəstəyini bir daha ifadə edib və bu xüsusda Üzv Dövlətlərin ekstremizm, zorakılıq, məzhəbçilik və təfriqəçiliyi rədd etdiyini vurğulayıb. İƏT həmçinin zorakı ekstremizmin səbəblərinə hərtərəfli formada baxılmanın əhəmiyyətini təsdiq edib. O, eləcə də terrorizm və ekstremizmə qarşı mübarizə aparmaq üçün hərtərəfli İslam strategiyasının qəbul edilməsinin zəruriliyini vurğulayıb. Bu, digər beynəlxalq təşkilatlar və formatların fəaliyyət göstərmək və bir-biriləri ilə əlaqədə olması üçün ən doğru yoldur. Ümumi səylərimizdə, biz həmçinin "qutudan kənar" düşünməliyik. Bizim diplomatik səylərimiz birgə ciddi və davamlı tədqiqata və akademik institutlar, həmçinin intelektual və dövlət orqanları üçün təşkil olunan qlobal forumlar arasında əməkdaşlığa əsaslanmalıdır. Azərbaycandakı beyin mərkəzləri bu sahədə geniş biliyə və təcrübəyə malikdirlər və mənim ölkəmdə keçirilən illik qlobal humanitar, mədəniyyətlərarası, gənclər və genderlə bağlı forumlar zorakı ekstremizm ilə mübarizə aparmaq üçün bizim töhfəmizdir və biz əməkdaşlığımızı bölüşməyə və müzakirə etməyə hazırıq".
XİN rəhbəri qeyd edib ki, üçüncüsü, davamlı inkişaf bizim prioritetimiz olmalıdır: "Düzgün təhsilsiz, sosial-iqtisadi irəliləyişsiz və gender bərabərliyinə malik olmadan bizim bütün səylərimiz iflasa məhkumdur. Azərbaycanda biz bunu müstəqilliyimizin ilk illərindən anladıq. Dövlət siyasətinin nəticəsi olaraq, son on ildə yoxsulluq dərəcəsi 50 faizdən 5 faizdən də aşağıya düşüb və işsizlik dərəcəsi 5 faizdən azdır. Azərbaycan İnkişaf Konsepsiyası-2020 zorakı ekstremizmin qarşısının alınması üçün Milli fəaliyyət planlarının çox elementini artıq özündə ehtiva edib. O, əhalini yüksək keyfiyyətli tibbi təminat, təhsil xidmətləri ilə təmin etmək, müasir təhsil sistemi yaratmaq və sosial müdafiə sistemini müasirləşdirmək, həmçinin gender bərabərliyi və ailələrin inkişaf etdirilməsi məqsədi daşıyır. Biz həmçinin davamlı inkişafın tərkib hissəsi kimi strateji regional əməkdaşlığı təşviq edirik. Azərbaycan Xəzər regionunu Dünya ilə birləşdirən enerji və nəqliyyat layihələrinin mərkəzində yerləşir".
E.Məmmədyarov deyib: "Bakı-Tbilisi-Qars dəmiryolunun inşasının yaxın gələcəkdə tamamlanması təkcə yaxın qonşularımız deyil, Əfqanıstanda da inkişafın xeyrinə olacaqdır. Bu ölkədə beynəlxalq ictimaiyyətin 15 illik təhlükəsizliyin təmin olunmasına yönəlmiş səyləri müsbət nəticələr vermişdir, eyni zamanda o qənaəti gücləndirmişdir ki, düzgün inkişaf və sosial-iqtisadi imkanlar olmadan zorakı ekstremizmi dəf etmək qeyri-davamlı olacaqdır. Siz tarixən öz tolerantlığı, multikultural cəmiyyəti və dünyəvi idarəçiliyi ilə məşhur olan bir ölkədəsiniz. 2016-cı il hətta cənab Prezident tərəfindən Azərbaycanda multikulturalizm ili elan olunmuşdur. Nümunə ilə yol göstərmək ən yaxşı yoldur. Biz öz nümunələrimizi bölüşmək və həmçinin sizin təcrübələrinizdən də öyrənmək istəyirik".
Xose Luis Sapatero: "Qarşımızda olan vəzifə dialoqu təşviq etməkdir”
BMT Sivilizasiyalar Alyansının Bakıda keçirilən 7-ci Qlobal Forumu "Zorakı ekstremizm əleyhinə platforma və tərəfdaşlıqlar" adlı plenar iclasla öz işinə davam edib. İclasda çıxış edən İspaniyanın sabiq baş naziri Xose Luis Sapatero bildirib ki, Azərbaycan öz-özlüyündə bir sivilizasiya alyansıdır ki, bu cür tədbirə ev sahibliyi edir: "2005-ci ildə BMT nəzdində sivilizasiyalar alyansının yaradılması təklifini irəli sürdüm və Türkiyə ilə birgə biz bu alyansı ərsəyə gətirdik. Alyansın məqsədi ekstremizə qarşı qabaqlayıcı rol oynamaqdır. Bizim qarşımızda olan vəzifə dialoqu təşviq etməkdir. Bu gün barəsində danışdığımız müxtəlif mədəniyyətlər Sivilizasiyalar Alyansının yaranmasına səbəb olub".
Daha sonra çıxış edən Fransanın keçmiş baş naziri və keçmiş xarici işlər naziri Dominik de Vilpen isə qeyd edib ki, ekstremizm son 10 il ərzində dünyanın düşdüyü bir tələdir: "Təəssüf ki, ekstremizmə əsasən verdiyimiz cavab hərbi cavabdır. Əfqanıstandan başlayan ekstremizmə İraqda verilən hərbi müdaxilə cavabı Suriyada davam edir".
O qeyd edib ki, bu sahədə mübarizə aparmaq üçün BMT kifayət qədər güclü deyil.
Onun fikrincə, BMT-də islahatlar aparılmalıdır: "Sülhməramlılar hansısa dövlətdən asılı olmamalıdır. Siyasi münaqişələri hərbi yolla həll etmək istəyimiz yanlışdır".
Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi üçün ideal məkandır. Bunu da İspaniyanın sabiq baş naziri Xose Luis Sapatero deyib.
Onun sözlərinə görə, hələ 2005-ci ildə o, İspaniyanın adından belə bir alyansın yaradılmasını təklif edib: "Alyans Türkiyə ilə bir yerdə yaradıldı və bizim vəzifəmiz dialoqun inkişaf etdirilməsi və bir-birimizi anlamağa yardım etməkdir".
O əlavə edib: "Heç bir mədəniyyət, din, irq, bayraq digərlərindən yüksəkdə durmur. Biz bir yerdə işləməliyik ki, sivilizasiyaların bu alyansını yaradaq".
Onun sözlərinə görə, BMT bu problemlərin həllində kömək edə bilən aparıcı institutlardan biridir.
İspaniya XİN rəhbəri: "Bakı yenidən dünya mədəniyyətləri və ideyalarının görüş yeri oldu”
Bakı növbəti dəfə bir çox insanların, ideya və mədəniyyətlərin görüşdüyü marşrut oldu. Bunu isə İspaniya XİN rəhbəri Xose Manuel Qarsia-Marqalo deyib.
Onun sözlərinə görə, çox yüzilliklər Böyük İpək yolu ilə Romadan İstanbula və oradan Asiyaya səfər edənlər məhz Bakıda dayanıblar: "Və bu gün Bakı BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi çox doğrudur".
O deyib: "Bu gün Bakıya bizi əhatə edən çağırış və təhlükələrin üzünə baxmaq üçün yığışmışıq". İspaniya XİN rəhbərinin sözlərinə görə, yalnız BMT sisteminə əsaslanaraq multikulturalizm yolu ilə çağırış və təhlükələin öhədəsindən gəlmək mümkündür: "Biz bütün təhlükələrə sinə gəlməli, multikultural cəmiyyətlərdə yaranan problemləri həll etmək üçün bir-birimizə kömək etməliyik".
"Azərbaycan beynəlxalq diskussiyalar üçün ideal məkandır”
Azərbaycan Şərqlə Qərbin, Şimalla Cənubun qovuşduğu yerdir və BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün ideal seçimdir. Bunu Trend-ə Böyük Britaniyanın Koventri Universitetinin professoru Mark Harbi deyib.
Professor qeyd edib ki, Azərbaycan beynəlxalq diskussiyalar, o cümlədən münaqişələrin həlli üzrə müzakirələr üçün ideal məkandır: "Mənim forumdan gözləntilərim çox yüksəkdir".
Onun sözlərinə görə, Bakı daim dəyişən və inkişaf edən gözəl şəhərdir.
"Bakı sülh və dialoqun tərəqqisi şəhəridir”
Aralıq dənizi Fondunun (İtaliya) prezidenti Mişel Kapasso isə deyib ki, Bakıda keçirilən BMT Sivilizasiyalar Alyansının Qlobal Forumu qlobal problemlərin həlli yollarının tapılması və müzakirəsi üçün, eləcə də Azərbaycan reallıqları ilə tanış olmaq üçün imkanlar təqdim edir.
O, Azərbaycan hökumətinin belə irimiqyaslı tədbirlər təşkil etməsinin çox əhəmiyyətli olduğunu bildirib.
M.Kapassonun sözlərinə görə, forumda dünya ictimaiyyəti qarşısında dayanan məsələlərə mühüm cavablar tapıla bilər: "Mən daim dəyişən Bakını sevirəm. Bakı sülh və dialoqun tərəqqisi şəhəridir".
"Azərbaycan xalqların dinc birgəyaşayışına unikal nümunədir”
Azərbaycan xalqların dinc birgəyaşayışına unikal nümunədir və bu, Bakının BMT Sivilizasiyalar Alyansının Qlobal Forumunun keçirilməsi üçün məkan kimi seçilməsinə əsas verir. Bunu isə forumda iştirak edən Qlobal Moderatorlar Hərəkatının baş icraçı direktoru Naşarudin Mat İsa (Malayziya) deyib.
O, forumda bu gün dünyanın qarşılaşdığı qlobal çağırışların həlli yollarının tapılacağına ümidvar olduğunu bildirib: "Forum xüsusilə də gənclər üçün ən yaxşı gələcəyin qurulmasına kömək edəcək. Biz Azərbaycandan bir çox şeyləri öyrənmək istərdik".