Rusiya Hərbi Hava Qüvvələrinin baş komandanı təhlükələrə hazır olmaq üçün Suriyada qırıcı təyyarələrdən tutmuş zenit komplekslərinədək müxtəlif silah növlərinin yerləşdirildiyini deyib. "Biz bütün mümkün təhlükələri nəzərdən keçirmişik, - general-polkovnik Viktor Bondarev "Komsomolskaya Pravda” qəzetinə deyib.
Suriyada hərbi texnikanın sayı barədə suala cavab verərkən general deyib: "Orada 50-dən artıq təyyarə və helikopter var. Bizə məhz bu qədər tələb olunur. Bundan artıq hələ ki, lazım deyil”.
Bundan əvvəl ABŞ Rusiyanı Suriyada artilleriya yerləşdirmək niyyətində ittiham edib. "Rusiya Suriyada artilleriya yerləşdirmək barədə qərar qəbul edib. Bu Hama və Homs vilayətlərində vəziyyəti daha da pisləşdirir”, - ABŞ Dövlət Departamentinin nümayəndəsi Victoria Nuland deyib.
Moskva Suriyda quruda əməliyyatlara başlamayacağını bildirir. Həmçinin mötədil müxalifətə qarşı hava hücumlarının həyata keçirdiyi barədə ittihamları rədd edir və yalnız İslam Dövləti qruplaşmasını hədəflədiyini bildirir.
Rusiya aviasiyası Suriyada hərbi uçuşlara sentyabr ayından başlayıb.
Suriyadakı rus əsgərlərinin sayının 4 minə yüksəldiyini təxmin edən ABŞ rəsmilərinə görə, hava hücumları və əsgər sayının artımı Əsəd rejiminin nəzarət etdiyi bölgələri çox da genişləndirməsinə səbəb olmayıb. "Reuters”ə danışan ABŞ ordu rəsmiləri Rusiyanın Suriyadakı hava hücumlarının başladığı 30 sentyabrda 2 min əsgərinin olduğunu, sonrakı dövrdə də əsgər sayısının iki dəfə artdığını bildiriblər. ABŞ-a görə, Rusiyanın Suriyada 35 döyüş təyyarəsi və 16 vertolyotu var. Ancaq onlara görə, Rusiyanın köməyinə baxmayaraq Əsəd rejimi nəzarət etdiyi bölgələri çox da genişləndirə bilməyib. Buna səbəb isə Səudiyyə Ərəbistanının müxaliflərə verdiyi ABŞ istehsalı raketlərin Əsəd tərəfdarlarına vurduğu zərəri göstərirlər.