"Müsavat Partiyası üzvlərinin Nizamnamə pozuntularına baxılacaq”. Bunu APA-ya açıqlamasında Müsavat Partiyası Divanın üzvü Nemət Kərimli deyib.
N. Kərimli partiya üzvləri İltizam Əkbərli və Tural Abbaslının Müsavatın noyabrın 1-də keçirilən parlament seçkilərində iştirakı dayandırmaqla bağlı qərarına əməl etmədiyini xatırladaraq, onlar barəsində tədbir görüləcəyini bildirib: "Onlarla bağlı məsələ kollegial qaydada müzakirə olunacaq və Nizamnaməyə uyğun qərar qəbul olunacaq. Nizamnamədə nəzərdə tutulur ki, hər hansı üzv partiyanın qərarına tabe olmursa, ya partiyadan çıxarılır, ya töhmət verilir, ya da xəbərdarlıq olunur. Bu baxımdan onlar partiyadan xaric də oluna bilərlər. Məsələyə konkret nə vaxt baxılacağını isə deyə bilmərəm”.
İ. Əkbərli isə APA-ya bildirib ki, partiyanın onun haqqında qəbul edəcəyi istənilən qərara hörmətlə yanaşacaq: "Mən seçicilərin qarşısında öhdəlik götürmüşdüm və bu öhdəliyi əsas gətirərək, seçkilərdə iştirak qərarını verdim. Əgər partiya rəhbərliyində mənim məsələm müzakirə olunarsa, qərardan asılı olmayaraq, buna hörmətlə yanaşacağam”.
"Mənim Müsavat Partiyasından çıxarılacağım barədə söhbətlər deputatlığa namizədliyimi vermək fikrində olduğumu bildirəndən başlayıb”. Bu barədə Trend-ə Tural Abbaslı noyabrın 1-də keçirilən parlament seçkilərində iştirak etdiyinə görə, partiyadan uzaqlaşdırılacağı barədə məsələyə münasibət bildirərkən deyib.
T.Abbaslı bildirib ki, bu məsələ artıq Müsavat Partiyasında qeyri-ciddi vəziyyət alıb: "Yəni, partiyada bəziləri bu məsələnin gündəmdə olmadığını deyir, başqaları isə məsələnin gündəmdə olduğunu və baxılacağını deyir. Yəni partiya rəhbərliyi ilə strukturları arasında bu məsələ ilə bağlı əlaqə belə itib. Mən partiyanın nizamnaməsinin tələbləri ilə bağlı hər hansı pozuntu etdiyimi düşünmürəm. Təbii ki, partiya rəhbəri Arif Hacılının birbaşa göstərişi olacaqsa, mən partiyadan uzaqlaşdırıla bilərəm. Necə ki, Arif Hacılı əleyhdarları Qubad İbadoğlu, Səxavət Əlisoy və digərləri partiyadan uzaqlaşdırılıblar. Təəssüf ki, bu cür hallar partiya həqiqətlərinə çevrilib”.
T.Abbaslı bildirib ki, əgər o, partiyadan uzaqlaşdırılarsa, buna qarşı mübarizə aparacaq: "15 ildir Müsavat Partiyasının üzvüyəm. Bu zaman ərzində Müsavat Partiyası üçün çox əziyyətim olub. Əgər partiyada mənə qarşı haqsızlıq olarsa, təbii ki, haqqımı tələb edəcəyəm”.