V çağırış Milli Məclis seçkiləri yüksək səviyyədə təşkil olunmuşdu. Bu sözləri Secki-2015.az saytına açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni deyib. O bildirib ki, Azərbaycan beynəlxalq təşkilatlara görə seçki keçirmir: "Parlament xalqın səsi əsasında formalaşır. Vətəndaşlar növbəti beş ildə Milli Məclisdə kimin təmsil olunacağını təyin edirlər. Bu, seçkilər dövlətin demokratiya yolundan inkişafı üçün mühüm hadisədir”.
Azərbaycanın ilk dəfə 1918-ci ildə qadınlara seçki hüququ verdiyini xatırladan Forum sədri söyləyib ki, bu tarixi ənənələrə söykənərək müasir Azərbaycanda beynəlxalq standartlara uyğun seçki keçirilir.
R.Zeyni qeyd edib ki, Mərkəzi Seçki Komissiyası səsvermə günü ölkə ərazisində min məntəqədə veb-kameralar quraşdıraraq seçkilərin internet vasitəsilə izlənilməsini təmin edib: "Beynəlxalq müşahidəçilərin də söylədiyi kimi, parlament seçkiləri demokratik və sabit şəraitdə keçirilib. Seçki zamanı heç bir ciddi qanun pozuntusu qeydə alınmayıb. Seçicilərin fəallığı, seçki komissiyalarının öz funksiyalarını yüksək səviyyədə yerinə yetirməsi xarici monitorinq qruplarının əsas diqqət yetirdiyi məqamlardır. Beynəlxalq müşahidəçilər Azərbaycanın qazandığı seçki təcrübəsini bir çox Avropa dövlətləri, o cümlədən ABŞ üçün nümunə hesab edirlər”.
Forum sədri vurğulayıb ki, bəzi xarici dairələr Azərbaycana qarşı qısqanclıq nümayiş etdirirlər: "Onlar ölkəmizin inkişafını, yüksəlişini qəbul edə bilmirlər. Xüsusilə, bu, özünü Azərbaycanda mötəbər tədbirlər keçirilən zaman göstərir. Lakin istənilən halda qərəzli dairələr ölkəmizlə bağlı öz maraqlarını təmin edə bilmirlər. Çünki Azərbaycanda xalq-dövlət birliyi var. Hakimiyyətin siyasi dayaqları möhkəmdir. Müstəqil və düşünülmüş siyasət kursu yürüdən Azərbaycan son dövrlər ərzində istənilən böhranlı prosesdən müdafiə oluna bilib. Xalqımız bu, sosial-iqtisadi problemləri öz həyatında hiss etməyib. Parlament seçkilərinin ümumi nəticələri də bunu əyani şəkildə sübut edir. Ancaq bəzi xarici dairələr bu reallığı dərk etməkdən uzaqdır. Ona görə də, məlum çevrələr ənənəvi ampluada çıxış edərək Azərbaycanın imicinə kölgə salmaq istəyirlər. İstənilən halda ölkə ictimaiyyəti qərəz üzərində qurulan əsassız fikirlərə əhəmiyyət vermir, bu cür çıxışların arxasında Azərbaycanın müstəqil siyasətinə mane olmaq cəhdlərinin dayandığını yaxşı bilir”.