"Yüksək səviyyədə keçmiş seçkilərə görə Azərbaycan xalqını təbrik edirik, parlamentin yeni heyətinə isə uğurlar arzulayırıq”. Seçki-2015.az saytı xəbər verir ki, bu sözləri dünən Azərbaycan parlamentinə keçirilən seçkilərdə müşahidə missiyasını icra edən Bolqarıstan parlamentinin üzvləri (Daniela Daritkova- Prodanova, Valentin Pavlov, Həmid Həmid, Kanço Filipov, Georgi Svilenski ) seçkilərin nəticələrinə dair bu gün keçirdikləri mətbuat konfransında bildiriblər.
Öncə çıxış edən Daniela Daritkova- Prodanova məntəqələrdə müşahidə etdikləri fəallıqdan məmnun qaldıqlarını bildirib: "Bu, yaxşı təşkilatçılığın nəticəsidir. Düşünürəm ki, seçkilər bütün parametrlərə görə beynəlxalq standartlara cavab verir və eyni zamanda Azərbaycan xalqının iradəsini tam əks etdirir. Biz də öz adımızdan Azərbaycan parlamentinin yeni heyətinə müvəffəqiyyət, ölkənizin daha da çiçəklənməsi və inkişafını təmin edəcək yeni qanunların qəbulunda uğurlar arzulayırıq”.
Daha sonra Bolqarıstan parlamentinin üzvü, parlamentin Avropa Şurasındakı nümayəndə heyətinin üzvü Həmid Həmid çıxışında müşahidə zamanı heç bir qanun pozuntusu qeydə almadıqlarını bildirib: "Qalib gələn Azərbaycan xalqı oldu” .
O, Azərbaycandakı parlament seçkilərini müşahidə etməkdən imtina edən Avropadakı bəzi siyasi qurumlara da ismarıc göndərib: "Mən üzümü onlara tutub demək istəyirəm ki, dünyada bir çox problem mövcuddur. Azərbaycanda isə bu sahədə problem yoxdur, gəlin olmayan yerdə problem axtarmayaq”.