Rusiya prezidenti Vladimir Putin İslam Dövləti (İD) qruplaşmasına qarşı regional "əlaqələndirmə strukturu”nun yaradılmasına çağırıb.
Cənab Putin Suriya prezidenti Bəşər Əsədə dəstəyini təkrarlayıb. Qərb ölkələri və Suriya müxalifəti isə cənəb Əsədin hakimiyyətdən getməsini tələb edir.
Böhranın dünya liderlərinin BMT assambleyasında görüşü zamanı əsas müzakirə mövzusu olacağı gözlənilir. Putin ABŞ prezidenti Barak Obama ilə görüşərək məsələni müzakirə edəcək.
Rusiyanın keçən il Krım yarımadasını Ukraynadan ilhaq etməsi və separatçı üsyançılara dəstəyi üzündən, Moskva ilə Qərb arasında münasibətlər gərginləşib.
Bundan başqa Britaniya baş naziri David Kameronun çıxışı zamanı cənab Əsədə qarşı mövqeyinin yumuşalacağı da gözlənilir. Onun BMT Baş Assambleyasının illik toplantısında, Əsədin keçid hökumətinin başında müvəqqəti qalmasına razılaşacağı bildirilir. Cameron əvvəllər, istənilən sülh danışığının tərkib hissəsi kimi, Əsədin hakimiyyətdən getməsini tələb edirdi. Putin isə bu fikrə qarşı çıxır.
Bu arada Əsədin əsas müttəfiqi olan İran prezidenti Həsən Ruhani bildirib ki, İD silahlılarının məğlubiyyəti üçün Suriya hakimiyyəti zəiflədilməməlidir.
Avropa liderləri kütləvi miqrant axınının baş verdiyi ərəfədə Suriyada diplomatik razılığın əldə olunmasına səsləyir. Münaqişəyə diplomatik həll yolu tapılması aktuallığ həmçinin Rusiyanın Əsəd hökumətinə dəstək üçün Suriyada hərbi möhkəmlənməsinə gətirib çıxarıb.
Bazar günü isə İraq İD-nə qarşı mübarizə aparmaq üçün Rusiya, İran və Suriya ilə əməkdaşlıq razılaşmasını imzaladığını bildirib.
CBS televiziyasına müsahibəsində cənab Putin bildirib ki, Suriya prezident qoşunları "orada yeganə legitim ordudur”.
"Hazırda Suriya ərazisində postsovet respublikalarından olan 2 mindən çox döyüşçü var. Onların geri qayıdacağı təhlükəsi var. Belə olan halda həmin şəxslərin geri qayıtmalarını niyə gözləməliyik? Ondansa onlara qarşı mübarizə aparmaq üçün Əsədə kömək edək. Bu, Əsədə kömək etməyimiz üçün təkan verən əsas motivdir”, - deyə Rusiya prezidenti qeyd edib.
V. Putin həmçinin bildirib ki, Rusiya nə Suriya, nə də digər ölkələrdə hər hansı hərbi əməliyyatda iştirak etməyəcək: "Ən azı hazırda belə bir planımız yoxdur. Bəşər Əsəd legitim prezidentdir. Onu Suriya xalqı seçib və yalnız suriyalılar onunla bağlı qərar verə bilər. Xarici qüvvələrin müdaxiləsi isə qəbuledilməzdir. Necə ki, bu, artıq İraq və Liviyada baş verib. Legitim dövlət başçılarının Qərbin əli ilə devrilməsi dövlətin parçalanmasına və regionda böyük xaosa gətirib çıxarır”.
O həmçinin bildirib ki, "Rusiya terrorçulara qarşı birgə mübarizə üçün ümumi zəmin tapılmasından məmnun olardı”.
ABŞ dövlət katibi Con Kerri isə bildirib ki, cəhdlər hələ ki əlaqələndirilməyib və ABŞ hansı addımların atılmalı olduğundan narahatdır.
ABŞ-ın başçılıq etdiyi koalisiya isə Suriya və İraqdakı İD silahlılarına qarşı bir ildən çoxdur ki, hava hücumlarını həyata keçirir. Bazar günü Fransa da bildirib ki, onlar Suriyadakı İD silahlılarına qarşı ilk hava hücumlarını keçiriblər və təlim düşərgəsini məhv ediblər.
Suriyada 2011-ci ildə vətəndaş müharibəsinin başlamasından bəri 200 mindən çox insan həyatını itirib və İslam Dövləti qruplaşması 2014-cü ildə ölkədə geniş əraziləri ələ keçirib. İndiyə qədər təxminən dörd milyon suriyalı ölkəni tərk etməyə məcbur olub. Onlardan əksəriyyəti Türkiyə, Livan və İordaniyadadır.