Bir vaxtlar Kremldəki nüfuzuna görə "Putinin bankiri” kimi ad çıxarmış, lakin prezidentin gözündən düşdükdən sonra bütün biznes imperiyasını itirmiş maqnat Sergey Puqaçev Rusiyadan 10 milyard dollar təzminat tələb edir. Baki-xeber.com "Azadlıq radosu”na istinadən xəbər verir ki, o, bu iddia ilə Haaqadakı Daimi Arbitraj Məhkəməsinə müraciət edib.
Maqnatın yaxın çevrəsindən "Reuters” agentliyinə bildiriblər ki, onun vəkilləri işin təfərrüatları barədə Parisdə bəyanat verəcəklər. Ancaq Rusiya hökumətindən bu məlumatlarla bağlı şərh almaq mümkün olmayıb.
Hazırda Rusiya ona qarşı elə həmin məhkəmə tərəfindən "Yukos” neft şirkətinə görə, qoyulmuş 50 milyard dollarlıq təzminat hökmünə qarşı çarpışmaqda davam edir.
1999-cu ildə Putinin hakimiyyətin ən yüksək pilləsinə ucalmasında əsas rollardan birini oynamış Puqaçev 2008-ci il böhranı zamanı gözdən düşüb. Rusiyanı 2011-ci ci ildə tərk etmiş Puqaçev Putinin müttəfiqlərini onun Sibir kömür yataqları və böyük gəmi tərsanələri də daxil biznes imperiyasını çökdürməkdə ittiham edir.
Rusiya hökuməti isə bildirir ki, 52 yaşlı Puqaçev ona aid bankın çökməsindən sonra böyük məbləğlərdə mənimsəmədə ittiham olunur və axtarışa verilib. Moskva deyir ki, Puqaçev sözügedən bankı Rusiya Mərkəzi Bankının krediti ilə alıb. Puqaçev isə bu iddiaları rədd edir.